Dövlət qulluqçusu, yaxud dövlət səlahiyyətlisi!?
Son zamanlar məmləkətimizdə reallıqlardan danışmaq, yazmaq nədənsə qəbahət sayılır. Əgər mən reallığı olduğu kimi ifadə edirəmsə, ya müxalifətçiyəm, yaxud da reallıqları düzgün başa düşmürəm.
Əslində isə reallığı deyən insana rəğbət daha çox olmalıdır ki, cəmiyyət azad, demokratik yolla inkişaf etsin. Dost da o şəxsə deyirlər ki, dostun səhvlərini üzünə deyir. Üzdə tərif deyib, arxada hədyan danışandan dost olmaz. Azərbaycanda "dövlət qulluqçusu" deyilən bir anlayış var. Mən bildiyim qədəri, "qulluqçu" o şəxslərə deyilir ki, kiməsə, yaxud nəyəsə qulluq edir. Bu baxımdan Azərbaycanda bir sıra vəzifələri tutan məmurların "dövlət qulluqçusu" adlandırılması kökündən yanlış yanaşmadır. Çünki ölkəmizdə hər kəs bilir ki, dövlət qulluqçusu statusunu daşıyan bu insanların çox az bir qismi dövlətə və xalqa qulluq edir. Ona görə də hesab edirəm ki, bu insanları dövlət qulluqçusu deyil, dövlət səlahiyyətlisi adldandırmaq daha düzgün olardı. Çünki son illər cəmiyyətdə baş verənlər bunu deməyə tam əsas verir. Məsələn, ləğv olunan Milli Təhlükəsizlik Nazirliyinin bütün əməkdaşları, "Tərtər işi"ndə adı keçən bütün həriçilər, həbsdə olan rayon icra hakimiyyətlərinin başçıları və s. məhz, dövlət qulluqçuları olublar. Onlar dövlətin verdiyi səlahiyyətlərdən və imtiyazlardan istifadə edərək, dövlətə və xalqa yox, özlərinə və yaxınlarına qulluq ediblər. Əslində, bu kimi əməllər dövlətə və xalqa xəyanət kimi təsbit olunmalı, onların hər biri haqq etdiyi cəzanı almalıdır. Amma Azərbaycan "azad", "demokratik" və humanist bir dövlət olduğundan həmin şəxslərin böyük əksəriyyətinə hələ də azadlıqda, kefdə-damaqda dolaşmalarına imkan verir. Çünki dövlət qulluqçusu olaraq müəyyən imtiyazları tanınır. Onlar hamıdan artıq maaş alır, təqaüdə çıxdıqları zaman isə dövlətdən yüksək pensiya təminatı alır və bütün bunların müqabildində dövlətə qaytardıqları isə xəyanət olur. Nadir hallarda qazamat həyatı yaşayanlar da olur, yəni "akula"lar bayırda gəzsə də, xırda balıqlar bəzən «tora» düşür. Bu da faktiki olaraq onların həyatında heç nəyi dəyişmir.
Bir maraqlı məqamı diqqətinizə çatdırım. Sovetlər dönəmində türmə, qazamat, zindan kimi ifadələri rəsmi olaraq ifadə etmək, bir növ qadağan olunmuşdu. Bu yerlərə "Əmək-islah düşərgələri" (kaloniyaları) deyilirdi. Burada cinayət törətmiş şəxsləri əməyə cəlb etməklə islah olunmaları əsas məqsəd hesab olunurdu. Buradakı müddət başa çatdıqdan sonra isə onları xüsusi göndərişlə müəyyən yerlərdə işlə təmin edirdilər ki, cəmiyyətə adaptasiya olunsunlar. Təəssüf ki, o dövrdə bir məhbusun həmin düşərgələrdə saxlanması üçün nə qədər dövlət vəsaitinin xərcləndiyi barədə heç yerdən məlumat əldə edə bilmədim. Bəlkə də o zaman məhbuslar işləyərək həm də öz xərclərini ödəyiblər. Çünki sovet dönəmində uzun zaman müxtəlif yerlərdə həbsdə olan bir tanışımın dediyinə görə, onlara verilən yeməyin, paltarın və s. xərclərin pulunu qazanclarından tutublar, qalan pulu isə həbsdən azad olunduqları zaman onlara veriblər. «Bu böyük məbləğ olmasa da, ilk vaxtlar ac qalmamağa çatırdı".
Bu gün isə həmin məkanlar "Cəzaçəkmə müəssisələri" adlanır və burada nə əməkdən, nə də islah olunmadan söz getmir. İnsanı hər hansı bir qanun pozuntusuna , yaxud cinayət əməlinə görə həbs edirlər və məhkəmənin hökmündən sonra bu müəssisələrə göndərirlər. Həmin şəxslərin orada saxlanması üçün isə dövlət hər il milyonlarla manat pul xərcləyir.
Daha bir maraqlı məqam. Bildiyiniz kimi, Azərbaycanda bir nəfər üçün minimum istehlak səbətinin dəyəri 205 manat hesablanır. Uşaqlar və təqaüdçülər üçün bu məbləğ daha aşağıdır. Amma dövlət bir cinayətkarın gündəlik xərcini 21 manatdan hesablayır. Bunu da bir aya vursaq ayda bir cinayətkarın qazamatda saxlanması üçün dövlətin 630 manat xərclədiyini görərik. 40- 50 il istehsalatda çalışaraq xalqına, dövlətinə qulluq edən əməkçi insana ayda cəmi 240 manat pensiya, 300 manat minimum əmək haqqı verən bir dövlət, əcəba nə üçün heç bir ictimai faydalı əməklə məşğul olmayan məhbusa qarşı bu qədər humanist davranır? Mən hələ onu demirəm ki, ölkəmizdə yaşa görə verilən müavinat (180 manat) heç yaşayış minimumunu (210 manat) belə ödəmir. Amma bir məhbusun, cəmiyyət üçün heç bir faydası olmayan birisinin həbsxanada saxlanmasına ayda 630 manat xərcləyir.
Mənə belə gəlir ki, son zamanlar ölkəmizdə cinayət hallarının artmasında bu amilin də rolu az deyil. Ümumiyyətlə, heç bir faydalı əməklə məşğul olmaq istəməyə bəzi tüfeyli narkomanlar, oğrular və s. insanlar 300-400 manata sutkada 12-14 saat işləməkdənsə, həbs olunmalarına daha çox istəyirlər.
Dünya praktikasına görə, ağır cinayətlər törədən şəxsləri ömürlük həbs edirlər. Bununla belə, onlara həbsxanada insani münasibət sərgilənir. Onları sadəcə olaraq cəmiyyətdən təcrid edirlər. Bizdə isə elə bir sistem yaradılıb ki, bir dəfə təsadüfən həbsə düşən insana cani damğası vuraraq cəmiyyətdən ömürlük təcrid edirlər. Bunu da həbsdən yenicə çıxan bir gənc deyir: "Bizi heç bir yerdə işə götürmürlər ki, həbsdə yatmısan. Biz nə etməliyik? Məcburiyyətdən yenidən sinayət törədir, həyatımız zindanlarda keçir".
Bilirsiniz, bütün bunlardan sonra məndə belə bir fikir formalaşıb ki, dövlət məhbuslara xüsusi diqqət ayırmaqla, bir növ öz səlahiyyətlilərinə konfort türmə həyatı yaşatmaq istəyir. Hazırda "dövlət qulluqçusu" statusunu daşıyanların əksəriyyəti bilir ki, gec, yaxud tez yolu mütləq həmin məkanlardan keçəcək. Çünki normal insanlar arasında yaşamaq onlar üçün çox çətin olar. Bu səbəbdən də, Cəzaçəkmə müəssisələrinə xüsusi diqqətlə yanaşırlar. Deyilənlərə görə, dünyanın hər yerində türmələrin azaldılması istiqamətində işlər aparılsa da, bizdə yeni həbsxanaların yaradılması prosesi davam edir. Bu da yəqin ondan irəli gəlir ki, bizim pullu "namizədlər" köhnə qazamatlara düşmək istəmirlər və özləri üçün modern, hər cür şəraiti olan həbs düşərgələri yaradırlar. Burası Azərbaycan, millət!
Amma bir şey var ki, belə həbsxanalarda gündəlik 21 manat azlıq edəcək, deputatlarımız bu barədə bir düşünsünlər, axı onlar da seçicidirlər. Dövlətdən də təvəqqəmiz budur ki, öz "qulluqçularını" çətinə salmasın, zəhmətkeş insanlar, pensiyaçılar birtəhər dözərlər, əsas məsələ dövlət qulluqçularıdır, səlahiyyətləri əllərinlən alınandan sonra çox ağır duruma düşəcəklər. Dövlət qoy onlara qayğısını daha da artırsın.
İnanıram ki, nə deputatlar, nə də səlahiyyət sahibləri buna etiraz etməyəcəklər. Çünki zaman gələcək onların hər birinə bu «qay-ğı» lazım olacaq.
Yusif Seyid