Siracəddin Hacı yazır...

Siracəddin Hacı yazır...
 


Tələbələrimin/şagirdlərimin suallarına cavablarım: 

X yazı 


- Müəllim, deyirsiniz ki, ZƏHƏRLİ İNSANLARDAN uzaq durun, onları necə tanıyaq?
- Zəhərli qidalar zəhərin ölçüsündən asılı olaraq insanı öldürür, iflic edir, orqanlarını sıradan çıxarır, fitrətini pozur. ZƏHƏRLİ İNSANLAR da insanın ruhunu, ağlını, qəlbini, iradəsini, həvəsini öldürür, inkişafına imkan vermirlər. ELİOT deyir ki, zəhərli insanların təsirinə məruz qalmaq radiasiyadan daha qorxuludur, təsirin azına dözmək olar (bəlli ölçüdə ünsiyyətə məcbursan), ancaq çoxu öldürür.
ZƏHƏRLİ İNSANLARI tanımaq üçün: a) qulağını aç, yəni eşitdiklırini doğru oxu – hər söz insanın ruh halından xəbər verir, o, fikrini hansı sözlərlə ifadə edir?; b) gözünü aç, gördüklərini doğru oxu – görünüş, geyim, jest, mimika, davranış, iş duyğu və düşüncələri anlamaq imkanı verir. ZƏHƏRLİ İNSANIN bir sıra özəlliklərini tanıda bilərəm:
- çox danışır – eyni şeyi fərqli biçimlərdə, hər görüşdə təkrar edir;
- mənasız şeylər danışır – yorur, bezdirir, enerjini oğurlayır;
- sənə mənfi mesajlar verir, məsələn, deyir ki, niyə bu haldasan, xəstəsən, niyə arıqlamısan?;
- dinləməyi sevmir – dinləmək dəyər verməkdir, dinləməyən anlamaz, dinləmək ciddi əməkdir, danışmaqdan çətindir, səni önəmsiz saydığına görə dinləmir;
- səndən əl çəkmir, hər şeyinlə maraqlanır;
- həmişə haqlıdır;
- səni borclu çıxarır;
- paxıldır;
- əsla uğuruna sevinməz, sevincə ortaq olmaq kədərə şərik olmaqdan daha çətindir;
- təkkəbürlüdür - ələ salır, kiçildir, sənə gülür;
- yerli-yersiz narahat edir;
- uğurların onu yasa batırır;
- mənfi hadisələri şişirdir;
- həyatdakı, hadisələrdəki ancaq mənfi yönləri görür;
- dediyi ilə etdiyi arasında fərq var – səmimi deyil;
- yersiz, dəlilsiz tənqid edir, təklifləri yoxdur;
- ruhdan salır, sən bacarmazsan deyir;
- qorxudur – hər şey pis olacaq;
- pis vərdişləri var, onları sənə də bulaşdırmağa çalışır;
- çox asan yalan danışır;
- tərif xəstəsidir;
- inandırmır, məcbur edir, seçim imkanı vermir;
- dedi-qodu yayır, qeybəti sevir, söz daşıyır;
- hər hərəkətinə nəzarət etməyə çalışır;
- heç bir şeydən razı deyil – davamlı şikayət edir;
- çözüm yolu göstərmir, bəhanələr uydurur;
- sərtdir – sərtliyi güclü olmaq sayır;
- oxumaq, çalışmaq, yardım etmək həvəsi yoxdur;
- əməyə dəyər vermir, qədərçidir;
- çox xəsisdir, hədiyyə alar, ancaq verməz;
- hər vasitə ilə üstünlüyünü sübut etməyə çalışır;
- cəsarətini qırır, adamların içində gözdən salır;
- yorur, bezdirir, zamanını, enerjini israf edir;
- özünü deyil, səni dəyişdirməyə çalışır, öyüd-nəsihət verməyi çox sevir;
- qüsurlarını, duyğularını, zövqünü ələ salır;
ZƏHƏRLİ İNSANDAN qurtulmağın yolu fiziki və psixoloji məsafə qoymaqdır: onu tanı, az görüş, az danış, aradakı bağları yavaş-yavaş qır, uzaqlaş, yeni, daha xeyirli çevrə formalaşdır.

Paralel.az

0.034917116165161