Məktəbin direktorunun intihara cəhd etməsinin səbəbi məlum olub.
Gəncə şəhər İsmət Qayıbov adına 1 nömrəli orta məktəbin direktoru Mətanət Qarayevanın intihara cəhd etməsinin səbəbləri məlum olub.
Paralel.az-ın yerli bürosunun əldə etdiyi məlumata görə, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin rəisi Anar Qədiməliyev sözügedən məktəbə gələrək direktor M. Qarayevanı kollektivin gözü qarşısında nalayiq ifadələrlə təhqir edib. Onun işdən çıxarılacağını bildirib.
Bundan sonra isə məktəb direktoru çox sayda dərman həbləri qəbul edərək özünü öldürmək istəyib. Vəziyyəti ağır olan xanım direktoru həmin məktəbin müəllimləri Göygöl rayonu Mərkəzi Xəstəxanasına çatdırıblar. Hazırda onun vəziyyəti ağır olaraq qalır.
Qeyd edək bu gün bəzi media orqanlarında M. Qarayevanın intihara cəhd etməsi barədə məlumatlar yayılıb. Məlumatlarda bildirilir ki, direktorun intihar cəhdini hazırda gizli saxlamağa cəhd edirlər. Bu saatlaradək xəstəxanadan baş verənlərlə bağlı rayon polis şöbəsinə xəbər verilmədiyi qeyd edilir.
Tərəflərin mövqeyini dərc etməyə hazırıq.