"AzerGold” QSC-nin sədri Zakir İbrahimovla oğlu milyonlar mənimsəyir

 

Media üzərindən apardığımız araşdırma nəticəsində "AzerGold” QSC-nin sədri Zakir İbrahimovun oğlu Zaur İbrahim haqqında ilginc məlumatlara rast gəldik. Həmin məlumatları oxuculara təqdim edirik.

“”AzerGold” rəhbərinin oğlunun etdikləri artıq heç bir çərçivəyə sığmır” deyən mənbə aşağıdakıları yazır:

“Zaur hazırda atasının rəhbərlik etdiyi "AzerGold" QSC-nin tenderlərini qanunsuzi yollarla əldə edən “AZCD Group” QSC-nin rəhbəridir. O, Britaniyada ali təhsil aldıqdan (hansı vəsaitlə orada təhsil alması maraqlıdır) sonra 2019-cu ildə Bakıya qayıdıb.
Bibisinin həyat yoldaşının sədri olduğu Mənzil İnşaatı Dövlət Agentliyində (MİDA) işə başlayıb.

Orada yersiz, çılğın hərəkətlər edir, daha sonra isə orada çalışan yaşlı işçini döyüb, məsələnin böyüməməsi üçün təcili şəkildə oradan uzaqlaşıb.

Bundan sonra atası Zakir İbrahimov bir şirkət (“Buta Construction” QSC) təsis edərək, oğlunu ora faktiki rəhbər (formal direktor Azər adlı şəxs idi) təyin edir. “Azergold” QSC-nin tenderlərini həmin şirkətə ötürür və beləliklə dövlət əmlakını ailəlikcə mənimsəyə başlayırlar.

Bununla bir müddət külli miqdarda pul qazansalar da, Zaur İbrahimin fərsizliyindən götürdükləri işləri sona çatdıra bilmirlər. Buna onun daimi narkotik vasitələrdən istifadə etməsi, özünə hörmətsizlik kimi qəbul etdiyi xırda məsələlərə görə, işçiləri müxtəlif növ sözlərlə təhqir edib işdən çıxarması səbəb olub.

Zaur işdə hər kəsi təhqir edir, işdən qovmaqla hədələyir və tez-tez deyir: “Bilirsiz mən kiməm? Mən SƏDR-in oğluyam, sizi elə edərəm, heç yerdə parkovşik də işləyə bilmərsiz”. Sizə inandırıcı gəlməyə bilər, mən də öz gözümlə görməsəydim, qulaqlarımla eşitməsəydim bu, mənə də şübhəli gələrdi.

Amma 1997-ci ildə anadan olmuş oğlanın 3 avtomobili olması (Audi RS7, BMW X6, Land Rover Discovery 90PP677), üstəgəl Zaurun şəxsi avtomobilində qanunsuz silah gəzdirdiyini də, qeyd etsək, əsil mənzərəni hər kəs təsəvvür edər.

Gəlin, qayıdaq Zaur İbrahimin şirkət məsələsinə. Deməli, işi sifariş verən ATA, işi görən oğul olduğuna görə, nəticədə iş keyfiyyətsiz və yarımçıq görülən işi sifarişçi “AzərGold” QSC şirkəti dərhal təhvil götürür.

Bu uğursuz layihə ilə yanaşı, Zaurun bibisinin yoldaşı ona birbaşa iş verməsə də, rəhbəri olduğu MİDA-nın tenderinin qalibi olmuş “Çinar İnşaat” MMC-yə təzyiq edərək, 2 binanın 2 milyon manatlıq tikintisini “Buta Construction” QSC-yə verir. Təbii ki, bu iş də yarımçıq qalır və binaların tikintisi yarımçıq qalır. Yenə də Zaurun atası və digər yaxın qohumları işə qarışır və Zaura “gözün üstündə qaşın var” deyən olmur.

Amma artıq tikinti bazarında qeyri-ciddi şirkət kimi tanındıqları üçün və atasının məsləhəti ilə “Buta Construction” QSC-nin adını dəyişərək “AZCD Group” QSC http://www.azcdgroup.com/ edirlər, ofisin ünvanını dəyişirlər, amma əməllərini dəyişmirlər.

Şirkətin adını dəyişdikdən sonra 30.09.2021-ci il tarixdə “AzerGold” QSC tərəfindən satınalma dəyəri 22 307 945,85 manat olan Tülallar-Çovdar avtomobil yolunun inşasını tenderdə bir çox köklü, beynəlxalq və “AZCD Group” QSC-dən dəfələrlə böyük və təcrübəli şirkətlərlər iştirak etsə də, yenə tenderdə Zaur İbrahimin şirkəti olan “AZCD Group” QSC qalib gəlir.

Bir il ərzində ümumi dəyəri 30 milyon manatdan daha çox olan 3 layihəni 1 şirkətə verən “AzerGold” QSC sədri Zakir İbrahimovun oğlu Zaur İbrahimin şirkəti qalib gəlir. Çox maraqlı ailədir, ata “Azergold” QSC-də sədr, ana qızıl satışı ilə məşğul olan şirkətə rəhbərlik edir, oğul isə “AzərGold” QSC-nin bütün tenderlərinin qalibi olur”.

P. S. Yazıda iddia olunanlarla bağlı maraqlı tərəfləri dinləməyə hazırıq.

P. P. S. Yazı hazırlanarkən DİA.az-ın materialından istifadə olunub

0.029190063476562