AİB AQTA-ya müraciət edib
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzliyə müraciət ünvanlayıb. Müraciətdə deyilir: “Hörmətli Qoşqar müəllim, “Azad İstehlakçılar” İctimai Birliyi (AİİB) tərəfindən sizə ünvanlanmış 17.02.2022-ci il tarixli, XM/16 saylı məktuba Aparat rəhbəri E.Mikayılovun imzasıyla 16.05.2022 tarixli 5/20-1811 saylı məktubla cavab verilib və bildirilib ki, 12 istehsalçıya məxsus 24 nümunədə kükürd dioksid miqdarının normativ sənədlərdə müəyyən edilmiş normadan (15mg/kg) artıq olduğu aşkar edilib.
Sizə ünvanladığımız məktubla bağlı KİV vasitəsilə istehlakçılara məlumat verildiyindən, istehlakçılar rəhbərlik etdiyiniz qurumun hansı işlər görməsini, malların adını, istehsalçı firmaların adını səbirsizliklə gözləyirlər!
Biz daim istehlakçıları fəal olmağa, AQTA-ya dəstək olmağa cağırış etdiyimiz bir şəraitdə standartın tələblərinə cavab verməyən məhsul istehsal edən firmaların adını, məhsulların markasını nə ücün gizli saxlamalıyıq?!
Xahiş edirik, istehlakçıları maarifləndirmək və ictimai qınağa nail olmaqla qida təhlükəsizliyinin təmin olunmasına dair dövlətimizin apardığı siyasətə kömək etmək ücün 12 istehsalçının adları və 24 mal adının AİİB-ə təqdim edilməsinə, AQTA-nın rəsmi səhifəsində dərc olunmasına dair göstəriş verəsiniz”.
Paralel.az