Şərq bazarının tikintisində çalışanların haqqı  pozulub

Şərq bazarının tikintisində çalışanların haqqı  pozulub
 

 

 

Artıq xəbər verildiyi kimi, Şərq bazarının tikintisində çalışan fəhlələr zəhmət haqlarının verilməməsinə etiraz olaraq iyunun 16-da bazarın önündə toplaşaraq etiraz ediblər.

Paralel.az xəbər verir ki, etirazçılardan Maarif Babayev artıq aylardır döymədikləri qapının qalmadığını, əməkhaqlarını ala bilmədiklərini deyib:

“Axırıncı dəfə bizə söz vermişdilər ki, bu ayın 15-də maaşımızı alacağıq, vermədilər. Bunlar bizdən imtina edirlər”.

İşçilər bildirirlər ki, onlar VEPA şirkətində çalışıblar. Həmin şirkət isə MEK şirkətinə tabe olub. VEPA şirkətinin rəhbəri, Türkiyə vətəndaşı olan Cem Turek isə artıq Azərbaycandan gedib: “Gedəndə də dedi ki, bazarda iş görüb və buna görə ona 600 mindən artıq borcları qalıb. Həmin borcu ala bilmir ki, işçilərin maaşlarını ödəyə. MEK isə deyir ki, bizlik deyil, Cem qaçıb və tapılmayınca, maaş söhbəti ola bilməz. Məsləhət görürlər ki, məhkəməyə şikayət verək”.

Qeyd edək ki, Şərq Bazarı Kompleksi yeni təmirdən çıxıb. Təmirdən sonra, iyunun 6-da həyata keçirilən açılışda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da iştirak edib.

Açılışda bildirilib ki, kompleksdə 78 icarədar çalışacaq. Ümumilikdə isə bazarda 300 yeni iş yeri yaradılıb.

Şikayətçilərin sözlərinə görə, ölkə başçısı bu obyektə pul da ayırıb: “Biz həmin büdcədən maaş almalıydıq. Hamımızla müqavilə bağlanıb. Üstəlik, bizə nüsxəsi də verilmir. Fevraldan bu yana kimin 2, kiminin 3 aylıq maaşı qalıb. Bizə maaş verilmirsə, deməli, dövlətin ayırdığı vəsait yeyilib. Şikayət etdik, Əmək Müfəttişliyindən gəlib cərimələdilər. Sonra da dedilər ki, bu ayın 15-dək maaşlar veriləcək. Amma bir nəticəsi olmadı”.

Onların sözlərinə görə, ümumilikdə 100-dən artıq insan öz maaşını ala bilmir. Hətta orda işləmiş mühəndislər var ki, 4-5 aydır maaş ala bilmirlər: “Hamımız fəhləyik. Biz elektrik, havalandırma, mexanik işlərinə baxmışıq. Tutduğumuz vəzifəyə görə, 800-1000 manat arası maaş alanlar var. Görünür, kimlərsə pulu aralarında bğlüb. İndi də bizə maaş çatmır. Üstəlik, şikayət edirik, işıqlandırırıq, bizə sahib çıxan da yoxdur”.

Şikayətçi Nemət Məmmədovun sözlərinə görə, çıxıb haqlarını tələb edəndə də deyirlər ki, bura toplaşmayın. Hər hansı tədbir görən isə yoxdur: “Mən ən son maaşı martda almışam. Aprelin pulunu ala bilmirəm. Özüm də asan iş görməmişəm. Qaynaqçı kimi çalışmışam. Bəzən gecə-gündüz işləmişəm. Bunun müqabilində maaş ala bilməmək adamı üzür”.

Maarif Babayev bildirir ki, insanlara belə haqsızlıq edən bir yerdən kimsə alış-veriş etməsə, bəlkə ağılları başlarına gələ bilər: “Azərbaycan xalqından xahiş edirik ki, kimsə buradan alış-veriş etməsin. Bura insanların haqqını yeyib. Hamımız ehtiyaclı insanlarıq. Ailəyə baxırıq, kiminin uşağı, anası xəstədir. Rayondan gəlib kirayə qalıb, evə borclu qalanlar var”.

Şərq bazrında hazırda da iş görən MEK şirkətinin əməkdaşı Salman Salmanzadə isə bildirib ki, işçilər toplanıb məhkəməyə müraciət etməlidir. Çünki nə az, nə çox, 119 nəfərə yaxın insanın maaşı qalıb. Onların hərəsi ortalama 1000 manatdan hesablansa, bu, 119 min manatdan çox vəsait edir: “Sizi hansı şirkət işə götürüb, onunla bağlı şikayət edilməlidir. Siz VEPA şirkəti, Cem Tureklə işləmisiniz, o da qaçıb gedib. Bizlik nəsə yoxdur. Sizin 1000-2000 manat alacağınız var, bizim isə 200-300 min. Yəni tək alacağı olan siz deyilsiniz”.

Paralel.az

0.019452095031738