Neftçalanın icra başçısı şəhid ailəsinə qarşı...

Neftçalanın icra başçısı şəhid ailəsinə qarşı...
 

 

 

Xüsusi Təyinatlı Qüvvələrin ( XTQ ) kəşfiyyatçı giziri, Qarabağ ordenli Manafov Şahmar Vidadi oğlunun atası Manafov Vidadi Əliqulu oğlu mətbuata üz tutmaq məcburiyyətində qalıb. Buna səbəb isə aşağıda oxuyacaqlarınızdır. 

Şəhid atasının dediklərinə görə, oğlu Şuşa-Xocalı cəbhəsində şəhid olub. Şəhidin atası şəhid ailəsinə verilən evdən könüllü şəkildə imtina edib. Qəhrəman şəhidimizin anası da dünyasını dəyişdiyindən, bircə övlad atası olan Vidadi Manafov indi evində tək-tənha yaşayır.

Şəhid atasının dediklərindən bəlli olur ki, o bugünədək oğlunun məzarının götürülməsinə, yanında bulaq tikilməsinə, abadlıq və digər işlərə görə iki bankdan 9600 manat kredit götürüb, mağazalara isə 4000 manatdan artıq borcu var.

Şəhid atası bildirib ki, Neftçala İcra Hakimiyyətindən ona kömək ediləcəyi barədə müvafiq söz verilsə də, indi kömək edən yoxdur. O, 5 hektar torpaq götürüb əkib-becərmək istəsə də, İcra Hakimiyyəti onun bu istəyinə mane olur.

Şəhid atası deyir ki, oğlu bu torpaq uğrunda həlak olsa da, o, heç bir təmənnada deyil: “Ancaq bir onu demək istəyirəm ki, mənə 10 hektar torpaq vermirlər ki, əkib-becərim, başım qarışsın, vaxtım olmasın ki, nə isə düşünüm, bir dəqiqə boş qalan kimi dünya-aləm başıma fırlanır. Nə həyat yoldaşım var, nə oğlum. İndi mənim bu həyatda yaşamağım üçün yeganə çıxış yolum bu yaşımda ancaq və ancaq 24 saat işləmək, qazandıqlarımı isə xeyriyəçilik işlərinə sərf etməkdir. Onda rahat olaram ki, qəhrəman şəhidimin ruhu şaddır. 

Oğlumdan mənə Qarabağdan başqa heç bir yadigar qalmayıb. Bir ay idi ki, evlənmişdi, ancaq heç bir yadigarı qalmadı. İndi mən çıxış yolunu ancaq 24 saat işləməkdə, fiziki əməklə məşğul olmaqda görürəm. 

İcra başçısı Mirhəsən Seyidova demirəm ki, gətir mənə pul ver, ondan yeganə tələbim odur ki, mənə kəndimizdə 10 hektar torpaq sahəsi versin ki, əkim-becərim. Onu da vermir. Bizim kənddən olmayan Əmənulla Ələkbərova 500 hektar torpaq sahəsi veriblər, bu necə olur?”.

Qeyd edək ki, Əmənulla Ələkbərov 90-cı illərdə kolxoz sədri olarkən Neftçala rayonun Cəngan kəndinin torpaqlarında islahat aparılanda 500 hektar münbit torpağı uzun müddətli müqavilə adı altında ələ keçirib. Həmin 500 hektar torpağın isə cəmi 100 hektarının sənədi var, qalan 400 hektarı qanunsuz ələ keçirib. O, təkcə böyük torpaq sahələrini deyil, sovet dövründə kolxoza məxsus olan fermaları da özününküləşdirib, örüş yerlərini zəbt edib. İndi kənd camaatı öz mal-qarasını otarmağa belə yer tapmır. 

Kəndin 500 hektar torpağını zəbt edən şəxs həmin ərazidən şəhid atasına 10 hektar torpaq sahəsi vermək istəmir, amma özü 500 hektarı qamarlayıb.

Şəhid atası deyir ki, özü oğlunu itirsə də, sözügedən şəxsin övladının bu topraq uğrunda heç barmağı da qanamayıb.

Şəhidin atası dəfələrlə Neftçala RİH başçısı Mirhəsən Seyidovun qəbulunda olsa da, heç bir müsbət nəticə hasil olmayıb.

Ədalətsizlik və süründürməçilikdən bezən şəhid atası bu il may ayının 20-də Prezidentin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi - şöbə müdiri Zeynal Nağdəliyevin qəbulunda olub. Şəhid atasının dediyinə görə, Zeynal müəllim onu çox yüksək səviyyədə qəbul edib və rayonun kuratoru Dəyanət müəllimi çağıraraq məsələni təcili araşdırmağı tapşırıb. Dəyanət müəllim məruzə edib ki, icra başçısı ilə danışıb, sahibkar Əmənulla da razıdır və gəlsin, torpağı verək. Amma təəssüf ki, icra başçısı Mirhəsən Seyidov hətta rəhbərliyin də göstərişini saymayıb. 

Şəhid atası onu da qeyd edib ki, icra başçısı Mirhəsən Seyidov rayon camaatını yaxşı tanımır, onu müavini Bürcəli adlı şəxs  idarə edir.

Ən ağrılısı və dəhşətlisi isə odur ki, İcra Hakimiyyəti Prezident Administrasiyasına hesabat göndərib ki, şəhid Şahmar Manafovun hüzr məclisinə 10 kilo kartof, 5 kilo soğan, 5 paçka salfetka, 3 kilo yağ göndərilib...

Əlavə şərhə ehtiyac varmı?!

Paralel.az

0.028424978256226