Qazaxın “asfalt kralı” dövlət vəsaitini talayır
Xəbər verildiyi kimi, “Azəravtoyol” Dövlət Agentliyində idarəetmədə problemlər mövcuddur. Bu isə qanun pozuntularına gətirib çıxarıb.
Paralel.az cumhuriyyet.az-a istinadla bu barədə xəbər verir.
Məlumata görə, hazırda Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində yol-nəqliyyat infrastrukturu kompleks şəkildə yenidən qurulur. Sözügedən yol tikintisi isə 27 №-li Yol İstismar İdarəsi MMC-nin direktoru Kərəm Məmmədrzayev tərəfindən aparılır.
Yerli sakinlərin bildirdiyinə görə, yolun çəkilişində çoxsaylı qüsurlar var. Kərəm Məmmədrzayev üçün əsas odur ki, mənimsəməyə pul, dağıtmağa büdcə olsun. “Azəravtoyol” Dövlət Agentliyi bu yolun tikintisini 2022-ci ilin may-iyun aylarında başa çatdıracaq. Amma indiyə qədər məlum deyil ki, yolun tikintisinə nə qədər pul ayrılıb. Bu sırada “Palıd”restoranı və dəyəri 1 milyondan çox olan Qazax rayonunun Çaylı kəndindəki villanın da adı çəkilir.
Deyilənə görə, yolun tikintisində çoxsaylı problemlər var. Halbuki ictimai nəzarət formasında cəmiyyət 27 №-li Yol İstismar İdarəsinın fəaliyyətindən narazıdır və sistemli şəkildə bunu gündəmə gətirir.
Bundan başqa, jurnalist sorğuları da cavabsız qalır. 27 №-li Yol İstismar İdarəsi Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində yol-nəqliyyat infrastrukturunu yenidən qurmağa başladığı vaxtdan etibarən məlum deyil ki, yolun tikintisinə nə qədər pul ayrılıb. Bu, ictimai formada müzakirə olunur, amma nədənsə heç kim buna görə hüquqi məsuliyyət daşımır. Ümumiyyətlə, qurumların əksəriyyətində pozuntuların təkrar-təkrar aşkarlanmasının ən böyük səbəblərindən biri bu pozuntulara yol verənlərin layiqli, hüquqi məsuliyyətə cəlb olunmaması və onlara zəruri cəzaların verilməməsidir.
Qanun pozuntularına yol verən insanlar dövlət qulluğundan tamamilə uzaqlaşdırılmalıdır. Onların bütün ömürləri boyu dövlət qulluğu və idarəetmədə olmaları qadağan olunmalıdır. Daha keyfiyyətli, eyni zamanda vicdanlı insanların idarəetməyə gətirilməsi zəruridir.
Söhbət burada milyonlardan, yüz minlərdən, dövlət vəsaitinin təyinatsız xərclənməsindən, yaxud səlahiyyətlərindən sui-istifadədən gedir. Burada çoxsaylı cinayət müddəası var. Bütün bunlara hökmən cinayət işi açılmalı və hüquqi qiymət verilməlidir.
Paralel.az