Ağcabədi icra hakimiyyətində torpaq mübahisəsi...
Mətbuatdan bəlli olduğu kimi, Ağcabədidə şəhid ailəsi ilə Milli Qəhrəmanın ailəsi arasında torpaq mübahisəsi yaşanır. Məsələ ilə bağlı narazı tərəflərin sözlərinə görə, problemin yaranması və bu həddə gəlməsinə səbəbkar rayon İcra Hakimiyyətidir.
Paralel.az musavat.com-a istinadla xəbər verir ki, Ağcabədi rayon sakini, şəhid atası Elşən Abbasov bildirib ki, rayonun Aşağı Avşar kəndinin inzibati ərazisində icarəyə götürdüyü 2 hektar torpaq sahəsində əkdiyi nar ağacları məhv olmaq təhlükəsi ilə üz-üzədir. Onun sözlərinə görə, sahibkar İqbal Abdullayev (Milli Qəhrəman Namiq Abdullayevin qardaşı) torpağa bitişik ərazidən keçən drenaj kanalının bir hissəsini zəbt edərək doldurub və hazırda orada qanunsuz tikinti işləri aparmağa başlayıb: “Belə olduğu təqdirdə isə həmin drenaj kanalının gələcəkdə təmizlənməsi qeyri-mümkün olacaq və əkdiyim ağacların yerini qrunt suları basacaq. Bu isə təsərrüfatımın məhv olması deməkdir. Deyim ki, tikinti ilə bağlı heç bir qanuni sənəd yoxdur. Ancaq icarəyə götürdüyüm torpağın bütün sənədləri qaydasındadır. İqbal Abdullayev öz qeyri-qanuni hərəkətlərini belə əsaslandırır ki, rayon İcra Hakimiyyətindən şifahi razılıq alıb və bu işdə əsasən baş memar Səfər Səfərovun adını hallandırır. Məsələ ilə bağlı narazılığımı bildirmək üçün Səfər Səfərovla görüşdüm. Lakin o bildirdi ki, bu yer Milli Qəhrəmanın ailəsinə məxsusdur və orada tikinti aparacaq. Ancaq dediyim kimi, tikinti icazəsini təsdiqləyən heç bir sənəd yoxdur. Bu, tamamilə qanunsuzdur. Faktiki olaraq rayon İcra Hakimiyyətinin birtərəfli mövqeyindən sonra qarşı tərəfin əsassız iddiaları daha da artdı və qanunsuz əməllərin icrasına başlanıldı. Bəzi insanlar bunu torpaq mübahisəsi kimi təqdim etsə də, bildirirəm ki, heç kəsə qarşı torpaq iddiam yoxdur, bu iddialarla bizə qarşı çıxış edirlər, yaranmış vəziyyətdə isə özümüzü və ictimai mənafeləri qorumaq məcburiyyətində qalmışıq. İqbal Abdullayev əməllərinə qanuni don geyindirmək üçün daha sonra bildirməyə başlayıb ki, kanal balansdan çıxarılaraq bələdiyyə tərəfindən ona verilib. Eyni zamanda qeyd edir ki, guya ərazini hasarlayır ki, ona aid obyektə heyvanlar girməsin. Bunun hamısı öncədən düşünülmüş ssenaridir və müəyyən insanların öz əməllərini “qanuniləşdirmək” məqsədi daşıyır. Onun özü də etiraf edir ki, bir neçə il öncə kanala boru ataraq onun üstünü torpaqlayıb və faktiki olaraq qanun pozuntusu edib. Əgər söhbət heyvanlardan qorunmaq üçün divarın çəkilməsindən gedirsə, onda bu hasarı kanalın İqbal Abdullayevə aid olan hissəsində çəkmək mümkündür, daha mənim istifadəmdə olan torpağın sərhədlərində yox.
Faktiki olaraq drenaj kanalı istifadəmdə olan torpaq sahəsinə bitişikdir və onun əsas təyinatı torpağı şoranlaşmaqdan, qrunt sularından qorumaqdır. Mən bir istifadəçi kimi Azərbaycan Respublikası Torpaq məcəlləsinin 34-cü maddəsi ilə torpağın mühafizəsi sahəsində üzərimə qoyulmuş öhdəlikləri yerinə yetirirəm (torpaqların su eroziyasından, şoranlaşmadan və digər dağıdıcı proseslərdən qorumaq). Eyni zamanda, bildiyim qədər torpaq istifadəçiləri olan digər şəxslər öz fəaliyyətlərini həyata keçirərkən başqa şəxslərin mənafelərinə zərər vurmamalıdır. Torpaqların mühafizəsinin birbaşa dövlətin üzərində olduğunu nəzərə alaraq, müvafiq dövlət strukturlarından xahiş edirəm ki, məsələni nəzarətə götürsünlər və qeyri-qanuni qərarların, hərəkətlərin dayandırılmasına yardımçı olsunlar.
Mənim icarədar olduğum ərazidə 30 ildən artıqdır ki, Xocavənddən olan məcburi köçkün ailəsi yaşayır, 1 ildən artıqdır ki, mən özüm burada əkinçilik fəaliyyəti ilə məşğulam. Ötən müddət ərzində RİH nümayəndələrinin bizə hər hansı məsələdə dəstək üçün əraziyə gəlişinin şahidi olmamışam, lakin drenaj kanalının üzərində tikinti aparılması məsələsi ortaya çıxan kimi İcra Hakimiyyətindən olan bir qrup şəxs 4-5 dəfə burada olub və kanalın kənarı ilə hasarın çəkilməsi üçün İqbal Abdullayevə şərait yaradılmasını təkidlə tələb ediblər.
Mayın 19-da İqbal Abdullayevin adamları ərazidə bünövrə qazmağa başladılar.
Məcbur qalıb Daxili İşlər Nazirliyinin “102” çağrı mərkəzinə, eləcə də Fövqəladə Hallar Nazirliyinin, İqtisadiyyat və Ekologiya nazirliklərinin “qaynar xətt”inə müraciət etdik. Göstərilən qurumlardan nümayəndələr gəldilər və tikilinin qanunsuz olduğunu bildirib, işləri dayandırdılar. Hazırda işlə bağlı araşdırma gedir. Lakin buna baxmayaraq iyunun 12-də əraziyə bir qrup şəxs gələrək yenidən tikinti işləri aparmağa başladı”.
Məsələ ilə bağlı adı hallanan İqbal Abdullayev isə bildirib ki, iddialar tamamilə əsassızdır. O söyləyib ki, yeri ona Ağcabədi rayonunun icra başçısı Rafil Hüseynovun göstərişi ilə veriblər: “Əgər biz Elşən Abbasova məxsus olan torpağın ərazisinə keçiriksə, məhkəməyə versin. Burada şor kanalı var. Kanalı meliorasiya idarəsi ləğv edib. Yəni bu, kanal kimi ləğv edilib və iddia edən tərəfin torpağına heç bir qarışacağı yoxdur. Onlar nəyin davasını edirlər, bilmirəm. Kanala mən bir neçə il öncə minlik boru salmışam. Ona görə də ağacların yanma ehtimalı yoxdur. Biz elə adam deyilik ki, kiminsə yerində gözümüz olsun. Torpağın onlara heç bir aidiyyəti yoxdur. Orada mən heç bir obyekt tikmirəm. Sadəcə olaraq əraziyə yaxın yerdə çayxanam var. Həmin yerə küçə itləri dolurdu. İt-pişik gəlməməsi üçün hasar çəkirəm. Bunlar da onu obyekt kimi qələmə vermək istəyirlər. Həmin yeri də icra başçısı mənə verib. Sənədlərdə həmin yer onların adına deyil. Kanaldır və kanala da sənəd almaq mümkün deyil. Kanalın funksiyası itməsin deyə də orada işlər görmüşəm, boru salmışam. Yəni heç bir problem yoxdur”.
Problemlə əlaqədar rayonun baş memarı, Elşən Abbasovun adını çəkdiyi Səfər Səfərov bildirib ki, bu məsələdə adının hallanması doğru deyil. O deyib ki, məsələyə qarışmayıb və heç kimin də tərəfini tutmayıb: “İcra Hakimiyyəti kanalı doldurmur. Onu doldurmaq Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin işidir və bizə heç bir aidiyyəti yoxdur. Bu iki ailənin də problemi nədirsə, gedib məhkəməyə müraciət etsinlər, problem həllini tapsın. İcra Hakimiyyətində 15 il qabaq torpaq şöbəsi olub. İndi belə bir şöbə yoxdur. Torpağın mənə nə aidiyyəti var? Biz də istəyərik ki, tərəflər öz aralarında razılığa gəlsinlər. Mən heç bir qanun pozuntusuna yol verməmişəm. Əgər hansı tərəf iddia edirsə ki, mülkünə müdaxilə var, o zaman məhkəməyə müraciət etsin. Məhkəmə də bu işə baxsın, müvafiq qərar çıxarsın”.
Paralel.az