Məktəb binası qanunsuz tikilib?
Təhsillə bağlı məsələlər öz vacibliyini qoruyub saxlayır. Paralel.az bizimyol.info-ya istinadla xəbər verir ki, Nərimanov prospekti 203-də tikilib istifadəyə verilmiş “21-ci əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi” adlı özəl təhsil müəssisəsi ətrafda yaşayan sakinlərin ciddi narahatlığına səbəb olur. Təhsil müəssisəsinin yaxınlığında yerləşən bina sakinləri qeyd edirlər ki, onların narahatlığına səbəb olan əsas məsələ səhər saatlarında bina önündə güclü tıxacın yaranması və onların öz avtomobillərini bina həyətindən çıxara bilməmələridir.
Bina sakini Mehriban Şirinova şikayət edərək bildirib ki, problemlə bağlı yüzlərlə imza toplanılsa da, aidiyyəti qurumlar bu şikayət məktublarına baxmır və görməzdən gəlirlər: “Bu məktəb 21 ildir ki, fəaliyyət göstərir və biz də bina sakinləri olaraq 21 ildir ki, bu müəssisənin burada açılmaması, hətta məktəbin sökülməsi üçün mübarizə aparırıq. Ona görə ki, bu bina qanunsuz tikilib, yaşayış binalarının ortasında məktəb tikmək olarmı? Hər səhər tıxaca düşmüş maşınlar gəlib binamızın önündə keçir, siqnal səslərindən, yaranmış tıxacdan illərdir əziyyət çəkirik. Bu məktəbin sahibi Arif Qaraşov adlı biridir, hətta bir dəfə məhəllənin böyüklərini qəbul edib, onlara bu problemi həll edəcəyini söz vermişdi, amma heç nə dəyişmədi. Məktəbin illik ödənişi on min manatın üzərindədir, məlumdur ki, burada sıravi vətəndaşların övladları təhsil almır. Həmin valideynlər də gətirib öz uşaqlarını bu məktəbə yola salırlar, sonra da saymazyana məhəllənin ortasından keçib gedir, çox zaman da bina önündə tıxaca səbəb olurlar. Bununla bağlı məhəllə sakinləri olaraq, yığışıb bina önünə şlaqbaum saldıq, ancaq FHN-dən gəlib sökdülər. Dedilər ki, BNA-ya müraciət edək, onlarlıq deyil. BNA da deyir ki, bu məsələyə yol polisi baxır. Beləcə hər qurum bir-birinin üzərinə atır. Polis rəisinin də qəbulunda olmuşuq, bizə deyib ki, özünüzü yormayın, adam pulunu verib, tikdirib, onsuz da həll olunası problem deyil.
Məktəbin yuxarısında yerləşən bina da “rəssamlar binası” adlanır. Orda nə qədər rəssam, memar, incəsənət nümayəndələri yaşayır, ən azından, onlara hörmət olunmalıdır. Bu tikintidən onlar da narazıdırlar. Məktəb həm bu aşağı məhəllədə, həm də o binanın qarşısında ciddi tıxaca səbəb olur, aidiyyəti qurumlar buna baxmalıdır”.
Mehriban Şirinova bildirib ki, ərazi əvvəllər yaşıllıq idi, indi tikinti işlərinin ucbatından ərazidə bir neçə ağac qalıb: “Buralar yaşıllıq idi, məktəb tikilməmişdən öncə nə qədər ağac kəsildi. İndi bina sakinləri olaraq bir balaca yerimiz qalıb, oranı da əlimizdən alıb, məktəbə qatacaqlar, stadion etmək fikrindədirlər. Məktəbin sökülməsini istəyirik, bu müəssisə sökülsə, bütün problem öz həllini tapacaq. Bizə deyirlər ki, hara şikayət edirik-edək, heç kimin vecinə deyil. Ancaq biz qərarlıyıq, haqqımızı tələb edirik. Bura yaşayış yeridir, yaşayış yerinin ortasında məktəb açıb, insanların narahatlığına səbəb olanlar, qanunlara hörmətsiz yanaşanlar cəzalandırılmalıdır. Amma bu insanlara heç nə təsir etmir”.
Problemlə əlaqədar adıçəkilən təhsil müəssisəsində fəaliyyət göstərən işçilər də öz fikirlərini deyib. Məktəb binasının təhlükəsizliyinə məsul əməkdaş Elxan adlı şəxs bildirib ki, bina sakinlərinin bir təhsil müəssisəsi ilə belə düşmənçilik aparması anlaşılmazdır: “Burada tikilən obyekt bir təhsil müəssisəsidir və 2001-ci ildən fəaliyyət göstərir, vətəndaşlarımızın övladları burada təhsil alır, yəni burada hər hansı zərərli vərdişlər formalaşdıran, yaxud əxlaqdan kənar davranışlar sərgiləyən bir müəssisə olsaydı, sakinləri anlamaq olardı. Ancaq bura qeyd etdiyimiz kimi bir məktəbdir, insanlara təhsil verir, bir təhsil müəssisəsinin sökülməsini tələb etmək, onun sahibinin kim olmasından asılı olmayaraq, ən azından, barbarlıq olardı. Bina sakinləri rəssamlar, memarlar və başqa incəsənət xadimləridirlərsə, əksinə, onlar da bu işdə maraqlı olmalıdırlar ki, təhsil müəssisəsi açılsın, hətta daha da inkişaf etsin. Biz burda heç kimə nə narahatlıq veririk, nə də maneçilik törədirik.
Hətta təhlükəsizlik əməkdaşlarımız burda bir neçə dəfə “patı, kakos” qəbul edənlərin maşınlara, digər obyektlərə zərər vurduğunu, şüşəsini sındırdığını görüb, qarşısını alıb. O maşınlar da, obyektlər də elə həmin bu şikayətçi bina sakinlərinə məxsusdur. Hətta biz tıxac problemini həll etmək üçün məktəbin aşağısından keçən yolda bir maşın parklama yeri də açmışıq ki, səhərlər sakinlər maşın səsindən narahat olmasınlar. Uşaqların valideynləri də ki, övladlarını məktəbə buraxmaq üçün maşınlarını 10 dəqiqəlik saxlayırlar, daha sonra çıxıb gedirlər. Bunu bu qədər böyüdəcək nə var ki? Paytaxtın bir çox yerində məktəblə yaşayış binaları iç-içədir, heç kim də narazılıq etmir. Qaldı ki, bu məktəbin “qanunsuz” tikilməsinə, elə bir şey yoxdur. Burada təhsil müəssisəsinin açılması üçün bütün aidiyyəti qurumlardan icazə alınıb. Hətta FHN tərəfindən binadan təxliyə planı barədə xəritə də verilib, əgər qanunsuz olsaydı, bu, bizə verilərdimi? Şlaqbaumu da FHN-nin əməkdaşları çıxarıblar. Ona görə ki, sakinlər burada qanunsuz şlaqbaum qoymuşdular, əgər bir yanğın hadisəsi baş versə, yanğınsöndürən maşınlar məktəb həyətinə necə daxil ola biləcəklər? Uşaqları necə təxliyə edərik? Bütün bunlar düşünülməlidir. Şikayətçilərin çoxu da maşını olanlardır ki, onlar da sonradan maşın alıblar. Hətta bu məktəbdə öz övladını oxudan bina sakinləri belə var. Onların da bəziləri sonradan məktəbin varlığından narazılıq ediblər”.
Özəl təhsil müəssisəsinin nümayəndəsi onu da qeyd edib ki, ərazidə ağac kəsilməyib, əksinə, yaşıllıqlar salınıb: “Məqsədimiz buranı abadlaşdırmaqdır, park və stadion salınacaq. Həmin yerlərdən bu binanın sakinləri, onların övladları da istifadə edə biləcək. Biz burda heç kimlə düşmənçilik etmək niyyətində deyilik. Əgər burda məktəb yox, başqa arzuolunmaz obyektlər olsaydı, bina sakinlərini anlamaq olardı. Təhsil müəssisəsini qapatmaq, məktəb sökmək alqışlanası davranış deyil”.
Paralel.az