AMEA-da “FETÖ-çu, “beşinci kolon” və İrana işləyənlər var?

 

AMEA-da “FETÖ-çu, “beşinci kolon” və İrana işləyənlər var? 
 

 

Azərbaycan Milli Elmlər Akademiyası ətrafında hadisələr səngimək bilmir. Paralel.az yenisabah.az-a istinadla bu barədə xəbər verir.

“Akademiya Azərbaycan elminin elit kəsiminin olduğu bir elm ocağıdır” deyə, sabiq təhsil naziri Firudin Cəlilov söyləyib. O, son günlər Akademiyada baş verən hadisələrə münaisbət bildirib. 

Xatırladaq ki, AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru, akademik Vaqif Abbasov haqsızlığa məruz qaldığını deyərək, hamını şoka salacaq intihar anonsu verib. O cümlədən, AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İdris Abbasov Milli Elmlər Akademiyasında vəziyyətin müsbətə doğru dəyişmədiyini, əvvəlki problemlərin qaldığını bildirib və Akademiyadakı vitse-prezidentlər İsa Həbibbəyli ilə Gövhər Baxşəliyevanın yeniliyə açıq olmadığını vurğulayıb.

Öz növbəsində F. Cəlilov söyləyib ki, Akademiyada nə vaxt prezident milli adam olubsa, Akademiya inkişaf edib, alimlərimiz kəşflər ediblər: “Elə ki, Akademiyaya “beşinci kolon”un adamını qoydular, Akademiya bu günə düşdü.

Akademiyada böyük islahat lazımdır. Məsələn, 500 işçisi olan bir institutda bu qədər əməkdaşa nə ehtiyac var? Onları çeşidləmək və 100-200 nəfər elmi məhsul verə bilən, əsl elmlə məşğul olan adamları saxlayıb maaşını 3-4 qat qaldırmaq lazımdır. O biriləri də ixtisar etmək. O ixtisara düşənlərin də maaşlarını bunlara vermək lazımdır. Bu, iqtisadi yolla olan islahatdır.

Daha sonra yeni institutlar açmaq, bəzilərini isə bağlamaq lazımdır. Bəzi insitutları da birləşdirmək gərəkdir. Yəni orada məntiqə uyğun islahatların olması vacibdir, lakin bunu aparan adam da yoxdur. Məni çağırsınlar oraya – hansı ki, mən vəzifə-filan istəmirəm və tapşırsınlar ki, 3-4 ay sənə vaxt veririk, Akademiyada islahatlar aparasan. 3-4 aydan sonra görsünlər nəticəni”.

Sabiq nazir deyir ki, Akademiyanın mövcud problemlərinin əsas səbəbi ölkədə gedən iqtisadi böhran və onun müxtəlif qurumlardakı təzahürüdür:

“Əsl səbəb budur və bunu da qızışdıran, eləcə də körükləyən “beşinci kolon”un adamlarıdır.

Bilirsiniz, Akademiyadakı bütün “köhnə qvardiya”nı “beşinci kolon” saymaq düzgün olmaz. “Köhnə qvardiya”nın içində çoxlu milli alimlərimiz və ziyalılarımız var. Amma onların başının üstünə gətirib bir nəfər binamusu qoyanda ölkə bu günə düşür.

Ona görə də, açıq söhbət etmək lazımdır. O milli alimləri toplayıb məsələləri çözmək vacibdir. Yalnız onların köməyi ilə islahat aparıla bilər, yoxsa köhnə komanda – qocalar, yeni komanda – cavanlar şəklində ayırma, məncə, heç düzgün bir şey deyil. Elə bu cavanların içində nə qədər FETÖ-çü, nə qədər “beşinci kolon” üzvü, nə qədər İrana işləyənlər var?! Yəni mən onun əleyhinəyəm ki, Akademiyada yaşlılar və cavanlar bölgüsü düz deyil.

O ki qaldı Akademiyanın ləğvinə, bu, bir dənə əmrlə ləğv olunur, vəssalam! Amma bundan sonra oradakı 10 min adamı haraya yerləşdirəcəksən? 10 min adamın da yerdə qalan 50 min ailə üzvlərini hesabla. Ləğvetmə çıxış yolu deyil, əksinə, bu, məsələni daha da dolaşdırır. Yeganə yol islahatdır. Necə etmək lazımdır, bayaq dedim. Çağırsınlar məni, yığım orada alimləri, müzakirə edək, proqram tutaq və bunu da 3 ayın içində yerinə yetirək”.

Paralel.az

0.029673099517822