Rektor dəyəri 10 milyonlar olan villaları, obyektləri, zavodları hansı pulla alıb?
Azərbaycan təhsilinin rəhbərliyində təmsil olunanlarla bağlı müxtəlif məlumatlar səsləndirilir. Bu sırada Paralel.az gundelik.baku-ya istinadla aşağıdakı materialı təqdim edir.
Söhbət 2000-2016-cı ildə, yəni 16 il Azərbaycan Texniki Universitetinə rəhbərlik etmiş Havar Məmmədovdan gedir.
Hamıya məlumdur ki, ATU-nun idman zalını it boğuşduranlara icarəyə verib pul qazanan bu adam sonradan Qafqaz Universitetinin, yəni Bakı Mühəndislik Universitetinin rektoru olub. Havar Məmmədovla bağlı ən sonuncu xəbərdən bəlli olur ki, rektor universitetin həyətində arpa-buğda əkəcək. Xəbər saytları az qala sensasiya kimi təqdim edir ki, Bakı Mühəndislik Universitetinin həyəti satılır, kirayəyə verilir və s. Bu barədə elan saytlarında xəbər yerləşdirilib, hətta elanın fotosu sosial şəbəkədə paylaşılıb. Belə ki, elanda 20 hektara yaxın ərazinin əkinə yararlı olduğu, orada arpa, buğda əkməyin mümkünlüyü qeyd olunub.
BMU-nun rektoru Havar Məmmədovu tanıyanlar gözəl bilir ki, bu adam alim, ziyalı olmaqdan çox satmaqla məşğul olub, yəni biznes adamıdır.
Qısa məlumat üçün qeyd edək ki, BMU 2016-cı il tarixində, ləğv olunmuş Qafqaz universitetinin bazasında yaradılıb.
Əslən İmişlidən olan Havar Məmmədov heç vaxt elm adamı olmayıb, daha çox “komsorq”, “partkom”, təlimatçı-instruktor kimi fəaliyyət göstərib. Belə bir adamı nəinki Qafqaz Universitetinə, hətta Texniki Universitetə də rektor qoymaq olmazdı.
Havar Məmmədov Texniki Universitetdə axşam və qiyabi təhsil üzrə prorektor olanda tələbələrin hesabına nələr qazanmayıb? 16 il il ATU-da rektor olduğu müddətdə milyonlar qazanıb, oliqarxa çevrilib.
Rektorun marketləri var. Adama deyərlər ki, rektor hara, market hara?
Bəs o, Xocahəsəndəki dəmir beton zavodunu hansı pulla alıb?
4 milyonluq villanı necə? O, universitetin təmirinə ayrılmış pulların hesabına Novxanıda özünə villa tikdirib. Heydər Əliyev Məscidinin yaxınlığında, “milyonçular məhəlləsi” deyilən ərazidəki 6 milyon dəyəri olan 3 mərtəbəli villanın hesabını da soruşan yoxdur.
Havar Məmmədov tələbələrə də pul mənbəyi kimi baxıb. ATU-da rektor olarkən, “3” qiymət 50 manata, “4” qiymət 80 manata, “ 5” qiymət isə 120 manata “satılıb”. Dövlət imtahanlarının qiyməti isə 500 manat olub.
Rektordan soruşan yoxdur ki, “Saba Gars” avtomobil mərkəzini hansı pulla alıb? Yaxud Havar Məmmədov “MakroMarket” mağazalar şəbəkəsinə necə 50 faiz şərik olub?
Bunlar hələ bizim bildiklərimizdir. Havar Məmmədovun nə qədər bilmədiyimiz, yaxud qohumlarının adına olan əmlakı, obyektləri var.
Sual isə odur ki, rektor dövlətdən konkret maaş alır, bütün bunlar hansı pulla əldə edilib?!
Eşitsəniz ki, Havar Məmmədov universitetin binasını satıb, qəti təəccüblənməyin.
P.S. Yazıdakı məqamlarla bağlı hər kəsin mövqeyini dərc etməyə hazırıq.
Paralel.az