Mingəçeviri kim “satın” alıb?
Məlum olduğu kimi, ölkənin əhali sayı baxımından dördüncü böyük şəhəri Mingəçevirdir. Kür çayının sahillərində yerləşən Mingəçeviri turizm şəhəri də adlandırmaq olar. Şəhərdə müxtəlif ulduzlu otellərin, restoranların olması şəhərin turizm imkanlarının geniş olmasından xəbər verir. Kür çayının sahillərinə görə də sahibkarlar daha çox bu məkanda restoran, kafe, otel tikməyə həvəs göstərir. Lakin çayın sahilini, hətta Kür çayının özünü tullantı ilə zibilləmək yolverilməzdir.
Son illər sahildə tikilən otel, kafe və restoranların hər nə qədər istirahət imkanlarının artmasına səbəb olduğu deyilsə də, yerli sakinlərin əksəriyyəti bu vəziyyətdən narazıdır. Səbəb də bu tikililərin çayın içərisinə doğru getməsi, çayın görünüşünün qarşısının alınması, hətta çayın sularını çirkləndirməsidir. Buna görə də sakinlər dəfələrlə Prezident Administrasiyasına, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə şikayət ediblər.
Amma heç bir tədbir görən yoxdur. Bu günədək mediada sabiq icra başçısı Niyazi Bayramovun 30 illik icarəyə verdiyi “Liman” kafesinin Kür çayına axıtdığı tullantılar barədə də bütün dövlət qurumlarına yazılıb. Lakin Ekologiya Nazirliyinin 8 saylı Regional İdarəsi vətəndaşların şikayətinə cavab vermir.
Media üzərindən apardığımız araşdırma zamanı bəlli olub ki, Mingəçevir ərazisində Kür çayının sahilini və çayın içərisini zəbt edən şəxs “Sədərək Yusif” kimi tanınan Yusif Qədimbəylidir. Keçmiş icra başçısı Niyazi Bayramov və indiki icra başçısı İlham İsmayılov Yusif Qədimbəylinin “Deka” şirkətinə Mingəçevirdə, daha doğrusu, Kür çayının üzərində xüsusi şərait yaradıblar. Belə ki, Yusif Qədimbəyliyə məxsus olduğu deyilən “İnci” restoranı Kür çayını zibil qırıntıları ilə doldurur.
Ümumiyyətlə, Kürün ətrafındakı dəbdəbəli obyektlərin hamısını bu şəxsin adı ilə bağlayırlar. Kürün digər sahilində yerləşən “Ağsaray” oteli də ciddi ekoloji problemlər yaradır.
Qeyd edək ki, hələ SSRİ dövründən avarçəkmə yarışları bu ərazidə keçirilib. Yəni bu qanunsuz restoran və kafelər bu idman yarışını da əngəlləyir. Bu ərazi beynəlxalq yarışların keçirilməsi üçün birbaşa Prezidentin sərəncamı ilə yaradılan reqadanın mühafizə zolağına daxildir. Yəni bunlar suyun içini satıblar və bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Su və Meliorasiya Cəmiyyətinin icazəsi yoxdur. Sadəcə olaraq icra başçısının qanunsuz sərəncamı ilə ərazi zəbt edilib. Hətta restorandakı tualetin tullantıları birbaşa Kür çayına axıdılır.
Hansı ki, bu çay bir çox rayonlar üçün içməli su mənbəyidir.
Görəsən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, nazir Muxtar Babayev, Mingəçevirin icra başçısı hara baxır?
Paralel.az