Problemlərdən çıxış yolu tapmayan kənd sakinləri...
Bölgələrdən gələn xəbərlər öz rəngarəngliyi ilə seçilir. Paralel.az bu sırada Küdürlü kəndinin bir qrup sakininin tezadlar.az-a müraciətindən xəbər verir.
Məlumata görə, Şəkinin mərkəzindən 12 km məsafədə yerləşən Küdürlü kəndinin problemləri o qədər ciddidir ki, əhali artıq çıxılmaz vəziyyətə düşüb. Kəndin abadlığı onun yolundan bəlli olursa, Küdürlünün yolları çox bərbad vəziyyətdədir. Yolların bərbadlığı sakinlərin gediş-gəlişini çətinləşdirdiyi üçün onların vəziyyəti qışda, yazda daha da dözülməz olur. Yağış yağanda piyadalarla yanaşı, sürücülər də xeyli əziyyət çəkirlər. Hətta taksi sürücüləri kəndə maşın sürmürlər ki, avtomobilə ziyan dəyir. Kənddə xəstələnən olsa, təcili yardım gəlmir, bədbəxt hadisə olanda FHN maşınları vaxtında köməyə çatmır və s. Kənd sakinləri bu barədə uzun illərdir aidiyyəti qurumlara müraciət etsələr də, məsələ həllini tapmır.
Məlumata görə, kəndi iki yerə ayıran dağılan körpü 20 ildən çoxdur ki, təmir edilməyib. Yaxınlıqda salınan dəmir konstruksiyalı ensiz körpüdən həm məktəbə gedən uşaqlar, həm avtomobillər, həm də kəndin mal-qarası keçib-gedir.
Küdürlünün ən böyük problemindən biri də elektrik enerjisi ilə bağlıdır. Sakinlər hələ də taxta, ağac dirəklərdən və hörümçək toruna bənzər naqillərdən istifadə edirlər. Ağac dirəklərə bağlanan naqillər hər an bədbəxt hadisə törədə bilər. Yağıntılı hava və s. isə işıqdan məhrum olmaq deməkdir.
Kəndin ciddi problemlərindən daha biri orada təbii qazın olmamasıdır. Küdürlüdə qış fəslində istiliklə bağlı qayğılar da artır. 800-ə yaxın sakinin yaşadığı kəndin əhalisi ötən qışı da qazsız keçirmələrindən şikayətlənirlər. Məcbur qalan kənd sakinləri evlərini isitmək üçün müxtəlif yollara əl atırlar. Qazın olmaması səbəbindən ailələr qış mövsümündə odun üçün xeyli məbləğdə pul xərcləməyə məcbur olurlar. Onlar odunun kubunu çox baha qiymətə alırlar, çünki sakinləri odun tədarükü üçün meşələrə buraxmırlar. Sakinləri maraqlandıran əsas məqam odur ki, qaz kəməri kəndin girişinə qədər çəkilsə, 2013-cü ildən mavi qazla təmin olunacağına söz verilsə də, bu məsələ həllini tapmayıb.
Küdürlü kəndinin sakinləri su qıtlığından da şikayətçidirlər. Mal-qaranın, əkinin su dərdi bir yana, sakinlər içməli su ehtiyaclarını belə, təmin edə bilmirlər. Onlar suyu ya qonşu kənddən uzun yol qət edərək piyada, ya da suyu od qiymətinə satan maşınlarla gətirirlər. Kənd sakinlərinin sözlərinə görə, vəsait ayrılıb, quyu qazılsa da, quyudan su çıxmır. Qazılan quyulardan su çıxmasa da, bu işi layihələndirib-planlayanlar heç bir məsuliyyət daşımırlar.
Bütün bunlardan başqa, Küdürlü kəndində 9 illik orta ümumtəhsil müəssisəsinin olması da ciddi problemlərə yol açır. Belə ki, kənddə 9-cu sinfi bitirən şagirdlərin əksəriyyəti bir çox səbəbdən 10 və 11-ci sinif üzrə təhsil ala bilmirlər. Öz kəndinin 9 illik məktəbini bitirən şagird növbəti ildən qonşu kənddə təhsilini davam etdirmək məcburiyyətində qalır. Bir çox hallarda isə bu istək elə istək olaraq da qalır. Nəqliyyat, yol və digər çətinliklər səbəbindən şagirdlər hər gün qonşu kəndə və ya rayon mərkəzinə gedib təhsillərini tamamlamağı bacarmırlar.
Kənd sakinləri telefonlaşdırma sahəsində də problem yaşayırlar. Uzun illərdir kənddə telefon dirəkləri basdırılsa da, hələ də telefon xətti çəkilməyib.
Sakinlərin sözlərinə görə, üzləşdikləri problemlərlə bağlı şikayət etdiklərinə görə onların adı “dövlətə qarşı çıxanlar” qoyulmamalıdır. Çünki etirazları kəndin mövcud problemləri ilə bağlıdır. Onlar yalnız üzləşdikləri problemlərin həlli üçün dövlətdən kömək istəyirlər.
Paralel.az