Ölkə fermerlərinin hazırkı  vəziyyəti...

 

Ölkə fermerlərinin hazırkı  vəziyyəti... 
 

   

 

Ölkə fermerlərinin problemləri barədə vaxtaşırı xəbərlər gəlməkdədir. Paralel.az bu dəfə gundelik.bakı-ya istinadla aşağıdakı materialdan xəbər verir.

Qeyd edək ki, Göyçayın 30-dan artıq kəndində istilikxanalar var. O, ən çox Ləkçıplaq, Qarağıdır, Mırtı, Alıkənd, Yalman, Qaraman, Şəkər, Çərəkə, Kürdəmiş kəndlərində yaradılıb. Mayın ikinci yarısından etibarən isə Göyçayda ənənəvi pomidor istilikxanalarında kütləvi yığım işlərinə başlanılıb. Kəndlilər öz şəxsi təsərrüfatlarında qurduğu kustar üsullu istilikxanalarından pomidor məhsulunu toplayaraq satışa çıxarır. Əhalinin yeganə dolanışıq mənbəyi sayılan pomidor istilikxanalarının sayında bu il azalma var.

Mırtı-Alıkənd, Ləkçıplaq kəndlərində demək olar ki, əhalinin 80 faizi istixanalarda pomidor yetişdirir. Rayonun Ləkçıplaq kənd sakini Gülnar Kərimovanın sözlərinə görə, bu il ötən il əkdiyi məhsulun yarısını əkib. Səbəb isə mövsümündə satışın ürəkaçan vəziyyətdə olacağına ümidsizliyi olub: “Əslində, ötən il məhsuldarlıq yaxşı oldu, amma pula getmədi, məhsul batdı, borc içində qaldıq. Fikirləşdik ki, bu il də məhsuldarlıq yaxşı olar, ancaq müharibəyə, pandemiyaya görə yaxşı qiymətə satışa getməsindən narahat idik. Həm də xəbərdar edildik ki, az əkin, məhsul yaxşı qiymətə getməyəcək.

Ötən il 3 istilikxana saldıq və ümumilikdə 6 mindən çox pomidor şitili əkdik. Bu il isə 4 min civarında əkin etdik, artıq satışa gələn həftədən başlayacağıq. Ötən illər pandemiya və müharibəyə görə anladıq ki, məhsulumuz getmədi, batdı. Bu il də Rusiya-Ukrayna müharibəsinə görə şübhəli qaldıq deyə az əkdik və uduzduq. Həm də çox əkin, çox xərc tələb edir, ağ çürümə xəstəliyi də imkan vermir ki, olan-qalan məhsul ağacda qalsın”.

Qeyd edək ki, hər ailə öz təsərrüfatlarında əvvəllər 3-4, bəzən 5-6 istilikxana qururdursa, bu ildən etibarən istilikxanaların sayı 2-3 dəfə azaldılıb. Ümumilikdə, rayon üzrə 250-300 hektarlıq əkin sahələrinin yarıya qədər azaldığı bildirilir.

Fermerlər deyir ki, Mırtı-Alıkənd üzrə bu il minə yaxın istilikxana salınıb. Bəzi kənd sakinləri isə bu işdən tamamilə imtina edib. 

Kənd sakini Samir İsayev deyir ki, mövcud duruma görə bu il iki istilikxana pomidor yetişdirib. Onun sözlərinə görə, ötən il məhsulların maya dəyəri baha, satış qiyməti isə kq-ı 5-10 qəpik civarında olub. Nəticədə, onlara çox ziyan dəyib. Odur ki, eyni aqibəti yaşamaqdan, artıq borclanmaqdan ehtiyat edib, az əkinə üstünlük verib: “Ötən il öz həyətyanı sahəmdə 6 istilikxana saldım, ümumilikdə 10 minə yaxın pomidor, xiyar şitili əkdim. Çox böyük ümidlərim var idi, hətta çox baha qiymətə şitili alıb əkmişdim, bəzilərini özüm becərmişdim. Ancaq əkdiyim ziyana getdi”.

Samir İsayev deyir ki, yay mövsümündə yaxşı məhsul oldu, ancaq yaxşı qiymətə getmədi: “Rusiyaya yol bağlı oldu, nəticədə məhsul batdı, daxili bazarda bolluq qiyməti çox aşağı saldı. Ən yaxşı halda, 10-15 qəpiyə satmaq olurdu, bu il də ehtiyat etdim, həm də icradan xəbərdarlıq oldu ki, az əkin edin, satış olmayacaq. Ötən il 4-5 kəndin camaatı məhsulun batmasına görə ayağa qalxıb mitinq etdi, ancaq kimsə əlac etmədi, mitinqi dağıtdılar ki, Rusiyaya yol bağlıdır, başınıza çarə qılın. Ona görə iki min şitil əkdim, indi də məhsul az, ancaq qiyməti normaldır”.

Kəndlilər deyirlər ki, hazırda pomidorun yerində alış qiyməti 1 manat 20 qəpik, 1 manat 30 qəpik arasındadır. Kəndli məhsulu yığır və alıcı həyətdə alır. Bu isə istilikxanalara çəkilən xərci ancaq ödəyir. Çünki ötən illərdən fərqli olaraq kəndlilər daha çox Bakıdan sifarişlə yetişdirilmiş pomidor şitillərini gətirtməyə üstünlük verdiyindən bu ikiqat xərc edir. Səbəbi isə sortların həm keyfiyyətli, həm zaman, həm də maddi baxımdan daha sərfəli olması ilə əlaqədardır. Belə ki, kəndlilər öz təsərrüfatlarında bunu yetişdirərkən daha çox yanacaq, zaman sərf edir və alınan hibrid toxumların bəzən keyfiyyətsiz aşkarlanması ilə üz-üzə qalırlar. Nəticədə məhsul itkisi yaranır, kəndli aldanır.

Kəndlilər bu il də “bella”, “bel-belina” və “makiyaj” kimi iri, dadlı və keyfiyyətli hibrid sortlara üstünlük verdiklərini deyirlər.  
Bu sortlar tez yetişməsi və məhsuldarlığı ilə seçilsə də, ötən il ədədi 27-28 qəpiyə alınan şitillər, bu il sortundan asılı olaraq bir-iki qəpik bahalaşıb.

“Əkdiyim 2 min şitilə hissə-hissə 5 min xərc çəkmişəm. Bunun hər bir prosesi ağır əmək və maddiyyət tələb edir. Mayın 20-dən sonra yığıma başladım. İki dəfə kiloqramı 1 manat 30 qəpikdən satış etmişəm. Hələ çəkdiyim xərcin bir hissəsi edib. Özü də ilk salxım tam bitdi. Əsas məhsul da ilk salxımda olur”.

Samir İsayevin sözlərinə görə, hibrid sortlar iri olsa da, bu il hava şəraitinə görə çox məhsul ala bilməyib: “Yağışlar da imkan vermədi. Əsasən maklerlər gəlib yerindəcə alıb aparır Rusiyaya, bu il yol açıq oldu deyə, alıcılıq qabiliyyəti yüksəkdir, ancaq əkin azdır deyə, məhsul da azdır.

Maraqlıdır ki, Bakıda pomidorun satış qiyməti növündən və yetişdiyi regiondan asılı olaraq 2.80-3.50 qəpik arasında dəyişir. Bizdən isə 1 manat 30 qəpikdən yüksək almırlar. Yenə də itirən kəndli, qazanan maklerlər olur. Ancaq getdikcə qiyməti salır maklerlər, iyundan etibarən 1 manatdan aşağı alınması gözlənilir. Bu isə heç sərf etmir. Ucuz al, baha sat, kəndli əməyi heç olsun”.

Mırtı kənd sakini Elcan Əliyev də istilikxanaların sayını azaldanlardandır. O, Pomidor şitillərini özü deyil, hazır şəkildə Bakıdan gətirtməklə becərib. Bunu da baha yanacaq, örtük və sortun keyfiyyətli olması səbəbindən edib və hazırda ilk satışını etsə də, qiymət onu qane etmir. O deyir ki, bu il məhsuldarlıq azdır, imkansızlıqdan əkə bilməyib: “Əvvəl iki sahədə 4-5 istilikxana əkirdik. Bu il isə iki qardaş iki istilikxana saldıq. Həm də ötən il kilosu heç 40-50 qəpiyə getmədi deyə, borca düşdük, qorxduq ki, bu il də eyni aqibəti yaşayarıq. Ona görə də sayını azaltdıq. Düzü, yağışa görə gecikmişik, məhsul tam qızarmadı. Dərmandan da istifadə etmək istəmədim deyə, gözlədim ki, tam dəysin, satım”.

Onun sözlərinə görə, aprel-may ayında pomidorun kiloqramı 1 manat 40-50 qəpiyə qədər olub, mayın sonlarında qiymətlər düşüb: “Bu da heç sərf etmir. Ötən il iki istilikxanaya sərf olunan örtüyün metrini 2.80 qəpikdən alırdım, bu il isə bir manat artıb. Yəni neçə dəfə satım ki, bunun xərci də çıxsın, mənə əl qabarı zəhmət haqqı qalsın?”.

Rayon sakini, meyvə-tərəvəz alverçisi Mahir İsayev bildirir ki, Göyçayda tərəvəzçilik və meyvəçilik üstünlük təşkil etdiyindən, mövsüm vaxtı kəndlinin qazancı ancaq bu iki ayda olur. Özü də həm tərəvəz əkir, həm də digər kəndlilərdən bir qədər ucuz qiymətə alaraq daxili bazarda satışını təşkil edir:

“Rusiya-Ukrayna müharibəsi, rublın dəyərdən düşməsi və dünyanın aparıcı ölkələrinin Rusiyaya qoyduğu embarqolar satış bazarının yenə problemlər yaşayacağı ehtimalı yaratdı. Bu da bizi çox qorxutdu. Maksimum 2-3 istilikxana ilə kifayətləndik. Hər il özüm də əkirəm, alverini də edirəm. Ötən il ziyan etdik, məhsul alınmırdı deyə, daxili bazar dolu idi. Nə kəndli qazandı, nə biz”.

Onun sözlərinə görə, mövzüm başlayandan alver edir, xiyar və pomidor alaraq daxili bazarda 2 manata qədər satır: “Yaxşı məhsulun kiloqramını 1 manat 20 qəpik, 1 manat 30 qəpik, orta və zəif məhsulu 1 manata- ondan aşağıya alıb, daxili bazarda üstünə 40-50, bəzən də 60 -70 qəpik qoyub satırıq. Düzdür, əsasən Rusiya bazarına yaxşı məhsul gedir deyə, biz orta məhsulu alırıq. Ötən ilə nisbətdə mənə sərf edir, ancaq kəndli çox əziyyət çəkir, həm xərci, həm zəhməti var. Onu 3 manata satsa da, sərf etmir”.

Qeyd edək ki, Göyçayda istehsal olunan yaz məhsullarının əsas hissəsi Rusiya bazarlarına göndərilir. Qalan hissəsi isə daxili bazarda satılır.

Paralel.az

0.024352073669434