Yeyinti məmulatları hansı şəraitdə hazırlanır?

Yeyinti məmulatları hansı şəraitdə hazırlanır?
 

 

 

Bəlli olduğu kimi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində üzərinə düşən vəzifə borcunu necə yerinə yetirə bilməsi barədə materiallar dərc edilir Paralel.az bu dəfə həmin yazılara istinadla aşağıdakı materialı təqdim edir.

Məlumata görə, bölgələrdə, eləcə də Gəncəbasarda yol kənarlarında heç bir sanitar-gigeyenik normalara uyğun gəlməyən təndirlər, yaxud qida istehsalı üçün normal şərait yaradılmayan kiçik çörək sexləri, çörəyin sınıq-salxaq maşınların yük yerlərində daşınması və çörəyin piştaxtalara çatdırılanacan dəfələrlə insan əli ilə təması halları mövcuddur. Çörəkdaşıma ilə bağlı antisanitar vəziyyət Gəncədə hər kəsin tanıdığı məşhur “SUKONNU” çörək zavodunda da hökm sürür.

Eyni zamanda, Azərbaycanda çörək də daxil olmaqla, qida təhlükəsizliyi sahəsində uzun illərdir hökm sürən bu cür vəziyyəti aradan qaldırmaq üçün geniş səlahiyyətlərə malik Qida Təhlükəsizliyi Agentliyi yaradılıb. Bu baxımdan, agentliyin çörək istehsalı və satışında gigiyenik normaların genişmiqyaslı pozulmasına qarşı necə mübarizə aparacağı da diqqətdədir.

Çörək bazarındakı vəziyyəti mətbuata şərh edən sahibkar İntiqam İbrahimov deyir ki, hazırda istənilən şəxs çörək istehsalı ilə məşğul ola bilir. Amma çörəkbişirmə müəssisələrinin əksəriyyətində vəziyyət ürəkaçan deyil. Xüsusilə, kiçik çörəkbişirmə sexlərində məhsulun tərkibinə vurulan qatqılar bəlli deyil. Ən çox istifadə olunan da göl kənarlarından yığılan, təmizlənməmiş duzun xəmirə qatılmasıdır: “Çörəyin maşınların yük yerində daşınması da problemdir, baxmayaraq ki, bununla bağlı irad və təkliflər verilib. Qida məhsullarının heç birinə əllə toxunmaq olmaz”.

Ekspertlər də hesab edirlər ki, çörəyə əllə toxunmaq məhsulu əlavə çirkləndirməyə məruz qoyur. Çörək daşınarkən çirkləndirildikdə qida xəstəliklərinə yoluxmaq mümkündür. Çörəyin daşınması prosesinə səthi yanaşmaq olmaz, o,  xüsusi maşınlarda daşınmalıdır, həmin avtomobildə başqa ərzaq məhsullarının daşınmasına icazə verilmir. Həmin maşınlar həftədə bir neçə dəfə təmizlənməli, yuyulmalıdır. Məhsula əllə də toxunmaq olmaz, mütləq əlcəkdən istifadə etmək lazımdır. Əks halda, təmas yolu ilə yoluxan infeksiya və viruslar çörəyə düşür, oradan da həzm sisteminə ötürülür: “Çörək satılan yerlə alıcı arasında məsafə olmalıdır, çünki digər qida məhsullarından fərqli olaraq, çörəyi mikroblardan qorumaq mümkün deyil. Qaydalara görə, nə alıcı, nə də satıcı çörəyə əllə toxuna bilər. Amma sürücü sükan arxasından durub əllərini yumadan çörək daşıyır. İndi yediyimiz çörəyin nə qədər çirklənməyə məruz qaldığını təsəvvür edin”.

Lakin bu normalar Göygöl-Daşkəsən-Goranboy rayonunun hər yerində, yol kənarında fəaliyyət göstərən, üzərinə “İsti təndir çörəyi”, “Nənəmin təndiri”, “Kəlbəcər lavaşı” və s. bu kimi lövhələr vurulmuş kiçik sexlərdən, təndirlərdən uzaqdır. Məsələn, Gəncə-Göygöl yolunun Toğanalı kəndinə tərəf gedən yolun üstündə hər addımbaşı təndirlərə rast gəlinir, çörək, qutab və toyuq bişirilib satılır. Bu məkanlarda çirkli vedrələrdə xəmir yoğrulur, xəmirin üstünə çirkdən rəngi seçilməyən parça örtülür, yolun toz-torpağı çörəyə hopur... 

Goranboy rayonun Qaraçinar-Ağcakənd yolu üzərində də antisanitar vəziyyət hökm sürür. Belə sexlərdən birində çörək bişirən qadın deyir ki, onlara təmizlik, sanitar-gigiyenik normalarla bağlı irad bildirən yoxdur. Baxmayaraq ki, sahibsiz itlər kabab iynə təndirin ətrafına toplanıb, ac pişiklər isə qadının az əvvəl xəmir yoğurduğu vedrənin altını-üstünə çevirib: “Əsasən yayda – Göygöl Milli Parkına istirahət mövsümü başlayanda alıcılar çox olur. Hətta kafe və restoranlar da bizdən alver edirlər”.

AQTA-nın Gəncə bölməsi yəqin ki, əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirməklə yanaşı, istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addım atacaq.

Paralel.az

0.018923044204712