Tofiq Bəhramovun heykəli hardadır?
Bəlli olduğu kimi, Azərbaycan futbolunun yaranmasından 111 il keçməsinə baxmayaraq, bu sahədə ad-san sahibi olub dünyasını dəyişmiş bir çox tanınmış azərbaycanlı simaya, onların xatirələrinə qənim kəsilmiş qurumlar, o qurumların rəhbərləri də var.
Paralel.az bu sırada bizimyol.info-ya istinadla aşağıdakı materialı təqdim edir.
Deməli, belə şəxslər acığını rəhmətlik Tofiq Bəhramovun heykəlindən çıxıb. Sual yaranır ki, bir zamanlar stadionun arenasında olan bu heykəl kimin, yaxud kimlərin gözünə batdı ki, onu arenadan götürüb, gözdən-könüldən uzaq bir yerə apardılar? Ya da kimin "rəhmətlik" dədəsini narahat etdi?
Gənclik metrosunun yaxınlığında, “Gənclik Mall”ın arxasında yerləşən Tofiq Bəhramov adına Respublika Stadionunun arenasında bir zamanlar adını daşıdığı məşhur azərbaycanlı futbol hakiminin heykəli yerləşirdi. Stadiona gələn xarici və yerli izləyicilər, o cümlədən başqa futbol azarkeşləri bu heykəllə şəkillər çəkdirər, onun kimliyi ilə maraqlanardılar. Ancaq bir neçə ildir ki, həmin heykəlin yeri dəyişdirilib – stadiondan iki yüz metr aralıda - arenanın inzibati binası ilə stadionun idman sarayının qarşısında yerləşdirilib. Stadionun önü isə maşın parklama yerinə çevrilib, ətrafdakı insanlardan heykəl barədə soruşduqda da bilmirlər. Daha sonra aydın olur ki, həmin heykəl stadiondan nə qədər aralıda, aidiyyəti olmayan bir yerdədir.
Ölkədə heykələ, ümumiyyətlə, mədəniyyət abidələrinə qarşı ciddi bir soyqırım baş verir. Tofiq Bəhramovun heykəlindən tutmuş, Hacı Zeynalabdinin heykəlinə qədər, “Şuşa” kinoteatrından tutmuş, “Bakı” kinoteatrınadək bir çox mədəniyyət abidəsinə qarşı ölkənin aidiyyəti qurumları tərəfindən ciddi bir laqeydlik, məsuliyyətsizlik var.
Atatürk prospektində yerləşən “Şuşa” kinoteatrı və bu stadion Binəqədi rayonu İcra Hakimiyyətinin ərazisi daxilindədir, ancaq bu abidələrdən, mədəniyyət binalarından icra başçısının bəlkə də xəbəri yoxdur. Olsa belə, bəhanə odur ki, bu sahəyə ancaq Mədəniyyət Nazirliyi baxmalıdır, onlarlıq bir şey yoxdur. Nazirlik isə 15-20 il öncə qərara alınmış, ancaq indi mürəkkəbi solub getmiş hansısa “sərəncam”a dayanaraq belə problemlərin həllini öz boynundan atır.
Elə bu heykəl skandalı fonunda öz dədəsini, nəsil-kökünü, əcdadını ölkənin milli-mənəvi dəyərlərindən qabağa salan, öz ad-sanı, şöhrəti uğruna ölkənin fundamental dəyərləri üzərinə xətt çəkən, cəmiyyəti tapdalayıb keçən bir ovuc məmur-oliqarx tayfası bu gün Azərbaycana ziyan verir, ölkə mədəniyyətini, cəmiyyətini mənəvi terrora məruz qoyur, nəzarətsizlikdən, özbaşınalıqdan qida mənbəyi kimi istifadə edirlər. Görünən odur ki, bu, elə belə də davam edəcək...
Paralel.az