Göyçayda külli sayda talan...
Məlum olduğu kimi, xeyli müddətdir mətbuatda “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-də baş verən rüşvət və korrupsiya halları barədə yazılır. Həmin yazılarda ASC-nin rayonlardakı idarələrinin fəaliyyəti təhlil edilir. Paralel.az mətbuatda gedən yazılara istinadla bu barədəki materialdan xəbər verir.
Məlumata görə, ASC-nin tabeçiliyində olan rayon suvarma idarələrinin rəisləri öz müsahibələrində dönə-dönə qeyd edirlər: “Bu il 300-400 metr su kanalının lilini təmizləmişik, 10 artezian quyusu qazmışıq”...
Amma nə qədər ki, ASC-nin Zakir Quliyev, Rafiq Aslanov kimi sədr müavinləri var, bu qurum rüşvət və korrupsiya bataqlığında batacaq.
Bu il 10-15 artezian quyusunun qazılmasına gəlincə, bu quyular dövlət vəsaiti hesabına qazılıb. Eyni zamanda, qazılan artezian quyularl ilin çox vaxtı işləmir. Səbəb olaraq, guya artezian quyularının elektrik kabellərini kimlərinsə oğurladığı deyilir. Lakin həmin quyuların elektrik kabellərini oğurlayıb satanlar da sözügedən müəssisəyə aid olanlardır.
Qurumun regionlardakı idarələrində baş verən tender maxinasiyaları, yanacağın silinməsi, quruma məxsus avadanlıqların müxtəlif şirkətlərə icarəyə verilməsi və digər hallarla bağlı mətbuatda silsilə araşdırma yazılar dərc olunub. Rüşvət və korrupsiya bataqlığına batmış qurumlardan biri də ASC-nin Göyçay Suvarma Sistemləri İdarəsidir. İdarənin rəisi isə Şakir Əhmədovdur.
Məlumdur ki, iki ay öncə Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə vəzifəsindən azad edildi. Hazırda rayonda ciddi yoxlamalar həyata keçirilir. Bu isə Şakir Əhmədovu qorxuya salıb.
Belə ki, Şakir Əhmədov hətta Mehdi Səlimzadədən öncəki icra başçısı Mübariz Ağayevin vəzifəyə təyin olunması zamanı rayonda 5 saatlıq atəşfəşanlıq keçirib, səhərə qədər restoranlarda qonaqlıq verib, hətta birinin qiyməti 500 manat olmaqla səmaya 200-dən çox fişəng atılıb. Təkcə fişənglərin qiyməti 500 x 200 = 100.000 manatdır. Görəsən, dövlətdən 400-500 manat məvacib alan məmurda bu qədər pul hardandır?
Vətəndaşlara su sarıdan zülm etdiyi üçün rayonda “yezid” ləqəbi verilən Şakir Əhmədov sabiq icra başçısı Mehdi Səlimzadə ilə birgə dövlət vəsaitlərini mənimsəyib.
Şakir Əhmədovun mülklərinin siyahısını da diqqətə çatdırırq.
O, təkçə Göyçay şəhər ərazisində 5 yerdə ev alıb, 8 ticarət obyektinə, Hüngütlü və Potu kənd ərazisində hektarlarla torpaq sahəsinə sahibdir. Göyçay şəhərinin Nizami, 1 May, Xətai və Əli Kərim küçələrindəki evlərini kirayəyə verib, Zərdabi küçəsindəki evində isə özü yaşayır. Göyçay Rayon Polis Şöbəsinin keçmiş binasını başqasının adına özəlləşdirən Şakir Əhmədov həmin binanı Göyçay rayon İcra Hakimiyyəti başçısının Göyçay şəhər ərazi dairəsi nümayəndəliyinə icarəyə verib. Göyçay şəhəri 1 may küçəsi ərazisindəki 2 mərtəbəli böyük bunanı isə ”İnkişaf üçün Maliyyə” Bankına baha qiymətə icarəyə verib. Köhnə avtovağzalın ərazisindəki obyektlərini isə çayxanaya və bərbərxanaya icarəyə verib.
Şakir Əhmədov talançılıq yolu ilə əldə etdiyi vəsait hesabına Bakı şəhərində 4 mənzilə, Qəbələ və İsmayıllı rayonlarında isə 2 mənzilə sahib olub. Onun 3000 başdan çox qoyun sürüsü olan ferması var. Aylıq əməkhaqqısı 400-500 manat olan Şakir Əhmədov bu qədər əmlakı, var-dövləti təbii ki, korrupsiya cinayəti ilə əldə edib.
Mehdi Səlimzadənin vəzifədən azad edilməsindən sonra rayonda aparılan ciddi yoxlamalar Şakir Əhmədovla bağlı ortaya yəqin ki, hansısa faktları qoyacaq. Normal yoxlama aparılsa, Şakir Əhmədovun həbsi qaçılmaz olacaq.
P.S. Qarşı tərəf də öz mövqeyini açıqlaya bilər.
Paralel.az