"Taclı" gedir, "meymunabənzər" gəlir
Allahın bəlası, yoxsa təbii proses?
2 ildən artıq davam edən və rəsmi adı COVİD-19 olan korona virus pandemiyası artıq son günlərini yaşayır və bir müddətdir ki, insanlar bir qədər rahat nəfəs almağı başlamışdılar ki, yerdən, ya ağacdan fərq etməz bir meymunçiçəyi virusu peyda oldu. Və açığını deyim ki, bir çox uzman həkimlərin, virus mütəxəssislərinin optimist çıxışlarına baxmayaraq, meymunçiçəyi bu gün bəşəriyyəti təhdid etməkdədir. Mütəxəssislər meymunçiçəyi virusunun koronavirus pandemiyası qədər təhlükəli olmadığını bildirsələr də, insanlar arasında koronadan qalan xof, hələ də davam edir və böyük narahatlıq yaradır.
Burada bir maraqlı məqama diqqət çəkmək istəyirəm. Koronavirus pandemiyasının ilk günlərində bəyan etdilər ki, bu virus daha çox yaşlı insanlar üçün təhlükəlidir. Yəni koronavirusun hədəfi əsasən 60 yaş yuxarısı insanlardır, pandemiyanın sonunda isə məlum oldu ki, COVİD-19 yaş tanımır. Bu gün isə mütəxəssislər qeyd edirlər ki, meymunçiçəyi virusu 1980-cı ilə qədər dünyaya gəlmiş insanlar üçün təhlükəli deyil. Yəni ilk olaraq 1950-ci illərin sonunda aşkar olunan suçiçəyi virusuna qarşı tətbiq olunan peyvəndlənmə, meymunçiçəyi virusus üçün də keçərlidir və 1980-cı ilə qədər bu peyvənddən çox geniş istifadə olunduğundan həmin insanlarda ömürlük immunitet yaranıb. 1980-cı ildən sonra isə suçiçəyi virusu çox nadir hallarda müşahidə oldunduğundan və sadə yollarla müalicə üsulları tapıldığından peyvəndlənməyə ehtiyac duyulmayıb.
Mütəxəssislər də etiraf edirlər ki, meymunçiçəyi ilk olaraq 1958-ci ildə Avropada- Danimarkanın paytaxtı Korenhagen şəhərində aşkar olunub. Tanınmış tibb-professoru Adil Qeybulla mediaya açıqlamasında bildirib ki, meymunçiçəyi virusunun pandemiya səviyyəsində yayılması gözlənilən deyil. Professor həmçinin qeyd edib ki, hər-halda bu baş verərsə,1980-ci ildən sonra doğulanlar əsas risk mənbəyi ola və müdafiəsiz qala bilərlər. O, eyni zamanda qeyd edib ki, indiki zamanda bu virusa qarşı peyvəndin hazırlanması heç də çətin məsələ deyil və tez bir zamanda peyvənd hazırlana bilər.
İnfeksionist-hepatoloq Mərdan Əliyev isə açıqlamasında qeyd edib ki, meymunçiçəyi virusunun tarixi daha qədimlərə gedib çıxır. O qeyd edir ki, meymunçiçəyi virusuna qarşı peyvənd mövcuddur. Belə ki, təbii suçiçəyi virusuna qarşı 1980-i illərə qədər tətbiq olunan peyvənd, meymunçiçəyi virusuna qarşı da effektlidir. Bu səbəbdən də, meymunçiçəyi virusuna qarşı peyvəndin hazırlanması üçün korona virusda olduğu kimi, uzun müddət lazım olmayacaq. Mütəxəssis həmçinin qeyd edib ki, meymunçiçəyi virusunun yayılma gücü və sürəti də COVİD-19-dan çox zəif olduğundan pandemiya halını alınması da gözlənilən deyil. Çünki bu xəstəlik zaman-zaman müxtəlif yerlərdə peyda olsa da, pandemiyaya səbəb olmur.
Onu da diqqətinizə çatdıraq ki, meymunçiçəyi virusu çox nadir hallarda rast gəlinən zoonoz virus (heyvan mənşəli) xəstəliyidir, yəni bu xəstəlik insana əsasən heyvanlardan keçir. Xəstəliyin əsas əlamətləri üz nahiyəsindən başlayan və qısa müddətdə bütün bədənə yayılan qeyri-adi irinli səpkilərdir. İnsandan insana isə yalnız uzunmüddətli və sıx təmaslar nəticəsində keçə bilər. Bununla belə, xəstəliyə xas olan kilinik əlamətlər əmələ gəlməyənə qədər xəstələr və onunla təmasda olan digər şəxslər yoluxucu hesab edilmir.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu virus aşkarlandıqdan sonrakı ilk açıqlamalarında bu xəstəlik barədə fikir söyləmək üçün zamana ehtiyacın olduğunu bəyan etsə də, sonradan qeyd edib ki, təcili ehtiyat tədbirləri görmək lazımdır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) həmçini xəbərdarlıq edib ki, qarşıdan gələn yay mövsümündə meymunçiçəyi virusunun daha geniş yayılma ehtimalı var. Eyni zamanda bildirib ki, hazırda mövcud olan və suçəçəyi virusuna qarşı 1980-ci ilə qədər tətbiq olunan peyvəndin effektivliyi 85 faizdir və meymunçiçəyi üçün xüsusi peyvəndin yaradılmasına da ehtiyac duyula bilər. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa ofisindən isə bildirilib ki, yay aylarında keçirilməsi nəzərdə tutulan festivallar və digər kütləvi tədbirlər meymunçiçəyi virusunun daha geniş areallarda yayılmasına səbəb ola bilər.
Məhz buna görə də, artıq bir çox dövlətlər ehtiyat tədbirlər görməyə başlayıblar. Məsələn, İraq hökuməti ölkədə meymunçiçəyi virusunun yayılmasından ehtiyat edərək, bir sıra şəhərlərə, əsasən də Zikar və Mosula meymunların gətirilməsinə qadağa qoyub, Bəsrə şəhərində isə xüsusi komissiya yaradılıb. Burada meymun saxlayan insanlardan meymunlarını baytar həkimlərinə göstərmələri tələb olunur. Həmin komissiya həmçinin heyvan bazarlarına, xüsusən də meymunlara nəzarəti həyata keçirəcək.
Avropada da narahatlıq son həddə çatıb. Belə ki, Belçika hökuməti də, artıq bu virusdan qorunmaq üçün kritik qərarlar qəbul etmək zorunda qalıb. Bu qərara görə, xəstəliyə yoluxanlar 21 gün məcburi karantində qalacaqlar. Onu da diqqətinizə çatdırım ki, məcburi təcrid qərarı verən Belçikada hələ ki meymunçiçəyi virusu aşkarlanan cəmi 3 nəfər var.
Sevindirici haldır ki, hələ ki ölkəmizdə bu virus aşkarlanmayıb. Amma tam arxayınlaşmaq da olmaz. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi bəyan edir ki, bugünkü tarixə qədər ölkəmizdə meymunçiçəyi virusu aşkarlanmayıb. Buna baxmayaraq, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyyələrinə uyğun olaraq ölkəmizdə ciddi epidemoloji nəzarət həyata keçirilir.
Maraqlı məqamlardan biri də odur ki, bu virus daha çox Afrika ölkələri ilə sıx təmasda olan dövlətlərdə aşkar olunur. Son məlumatlara görə, hazırda bu virusa yoluxanların ümumi sayı 100 nəfəri keçməyib. Bu ölkələr arasında isə İspaniya liderlik edir.
Digər maraqlı məqamlardan biri də odur ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bütün təhlükəli məqamları qeyd etməklə yanaşı beynəlxalq səyahətlərlə bağlı hər hansı əlavə tədbirlərin həyata keçirilməsini tövsiyyə etmir. Eyni zamanda, bütün virus üzrə mütəxəssislər suçiçəyi virusuna qarşı tətbiq olunan peyvəndin bu virus üçün də keçərli olduğunu iddia etsələr də, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bəyan edir ki, "meymunçiçəyi üçün xüsusi peyvəndin yaradılmasına ehtiyac duyula bilər".
Görünür, COVİD-19-a qarşı mübarizə üçün peyvəndin hazırlanmasına toplanan vəsait bu təşkilatın cibini hələ tam doldurmayıb. Məhz bu səbəbdən də, meymunçiçəyi virusuna qarşı peyvəndin hazırlaması üçün də dövlətlərdən pul qoparmaq istəyir.
O ki qaldı, prosesin təbii, yoxsa süni yolla yaranmasına, mənə belə gəlir ki, bu halda süni virusun yaradılmasına ehtiyac yoxdur. Çünki bu virus güclü öldürücü gücə malik deyil.
Bəzən insanlar ancaq ümidlərini hər yerdən üzəndən sonra ALLAHA üz tuturlar. Amma yaddan çıxarmayın ki, Allah-Təalə insanların haqqın yolunu tapması üçün onları müxtəlif yollarla sınağa çəkə bilər. Burada heç kimin seçim şansı yoxdur. Varlı da, kasıb da, əmr verən də, əmrə müntəzir də bu sınaqdan keçmək məcburiyyətindədir ki, az da olsa günahların təmizləyə bilsin. Ona görə də, bu cür sınaqları səbrlə, təmkinlə, panikaya düşmədən qarşılamaq lazımdır. Allah-Təalə(cc) hamınıza bu sınaqlardan çıxmaq üçün güc və iman versin!
Yusif Seyid