AQTA dövlətə niyə ziyan vurur? 

AQTA dövlətə niyə ziyan vurur? 
 

 

 

Məlum olduğu kimi, ölkədə istehsal edilən bəzi kənd təsərrüfat məhsulları ixrac üçün nəzərdə tutulub. Ona görə də həddən artıq bolluq yarandığından, daxili bazar onları qaldıra bilmir. Təsərrüfat sahibləri isə dəfələrlə müraciət edərək, pomidorun ixracına Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən süni əngəllər yaradıldığını qeyd edirlər. Qurumun Rusiyadan qadağa tətbiq edilməsi bəhanəsini gətirdiyi bildirilirərək, nə sahibkarların, nə istehsalçıların maraqlarına xidmət etdiyi deyilir. 

Bu istiqamətdə Paralel.az anaxeber.info-ya istinadla bildirir ki, sahibkarlar pomidor ixracında əsassız maneələrə rast gəldiklərini deyirlər. Məlumata görə, pomidor ixracının 80 faizi Rusiya bazarlarına gedir. Belə bir tələbat dövründə isə AQTA Rusiya bazarlarına pomidor daşınmasına imkan vermir. Sahibkarların sözlərinə görə, Avropa bazarlarına pomidor ixracının payı son dərəcə azdır, əsas yeri Rusiya tutur. Bildirilir ki, AQTA laboratoriyanın cavabını üç  sutkaya verə bilmir. Misal üçün, Tovuzda pomidor üçün götürülən nümunə hökmən Bakıya getməli, orada laborator ekspertiza olmalıdır. Bu isə bir maşının dörd gün ortada qalması deməkdir. Operativlik olmadığından, həmin məhsul Avropaya necə sağlam gedib çıxa bilər?! Sahibkarlara və istehsalçılara şablon xarakterli cavablar verən AQTA niyə regionlarda laboratoriyaların sayını artırmır? 

Sahibkarlar qeyd edirlər ki, qurum regionlarda laboratoriyalar tikə bilər. Onların dediyinə görə, dəfələrlə Qida Təhlükəsizliyi Agentliyinə müraciət etsələr də, Rusiyanın pomidor ixracına qoyduğu qadağanı ləğv etdiyini bildirsələr də, Agentlik onlara pomidor ixracına yenə problem yaradır. Göstərilən əsas fakt ondan ibarətdir ki, kvota məsələsini bəhanə edərək icazəsi olan istixanalara belə, fito-sertifikat verilməsini məhdudlaşdırırlar. Maraqlı olan odur ki, "Azfrut Promo" MMC istixanasından pomidor limitsiz ixrac edilir. Buna səbəb nədir, niyə ayrı-seçkilik edilir? 

Sahibkarlar soruşurlar ki, başqa istixanalardan vaqon üçün daxili fito-sertifikat alınarkən maneələr olduğu halda, nə üçün "Azfrut Promo" MMC-yə bu maneə tətbiq olunmur? 

Məlumata  görə, həmin istixana Qida Təhlükəsizliyi Agentliyinin himayəsindədir. Belə desək, sədr Qoşqar Təhməzlinin biznesinə daxildir və bu məmur konkret inhisarçılıq edir. Çünki gün ərzində ölkə ərazisindən ixrac edilən pomidor məhsulun 60 faizi həmin "Azfrut Promo" MMC-nin payına düşür. Bundan əlavə, deyilir ki, sözügedən qurumun bəzi regionlarda laboratoriya qıtlığı və ixraca maneə yaratması səbəbləri araşdırılmalıdır. Çünki həmin laboratoriya nümunələrinin Bakıda müayinədən keçirilməsi sahibkarı bir-iki sutka geriyə salır. Yəni bu da böyük zərər deməkdir. 

Prezidentə üz tutan sahibkarlar yardım istəyərək deyirlər ki, ölkədən ixrac edilən pomidor məhsulunun bu cür inhisar altına alınması yolverilməzdir və qarşısı alınmalıdır. Bundan əlavə, dünya standartlarında qəbul olunmuş normaya görə, üyüdülmüş ədvaların istifadə müddəti altı  aydır. Sual yaranır, niyə Azərbaycanda ədvalar üç il qeyri-soyuducu şəraitində satılır? Ancaq AQTA buna göz yumur, ədviyyatların saxlanma müddətini və şəraitini araşdırmır. Yaxud da qurumun əməkdaşları özlərinə sərf edən şəkildə monitorinq aparırlar. 

Bundan başqa, Bakıda böyük marketlərdə heyvan üçün nəzərdə tutulmuş qara undan çörək bişirilir. Onu yeyən kimi baş ağrı verir, hətta yüngül zəhərlənmə də qaçılmazdır. O halda, nə üçün AQTA qida təhlükəsizliyimizə birbaşa aidiyyatı olan bu məsələni araşdırmır? Əhaliyə heyvan üçün nəzərdə tutulan undan çörək bişirilib satılır, Agentlik isə susur. 

Bundan başqa, ölkəyə idxal edilən enerji içkiləri gəncliyi məhv etməkdədir. Bura "Hell", "Bizon", "Red Bull" və digərləri daxildir. Bir müddət əvvəl təkliflər və çağırışlar da səsləndi ki, enerji içkilərinin ölkəyə gətirilməsi məhdudlaşdırılmalıdır. Amma məsələ gündəmdən çıxdı. 

Azad İstehlakçılar Birliyi süd məhsullarının saxta olduğu faktlarını üzə çıxarır, amma AQTA bu problemə də məhəl qoymur.  Qurum kartof yetişdirən fermerlərin də başına oyun açır.

Belə ki, kənddə kartof yetişdirən əsgər atası məhsulunu Rusiya bazarına çıxarmaq üçün Q.Təhməzlinin "qıl" körpüsündən keçməlidir.

P.S. Məsələ ilə bağlı qarşı tərəf də öz mövqeyini söyləyə bilər.

Paralel.az

0.032281875610352