Goranboy fermerləri su tapmır...
Deyəsən, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC sədri Zaur Mikayılovun Goranboydakı kadrlarından xəbəri yoxdur. Hər halda, görünən budur.
Paralel.az dia.az-a istinadla rayonun Qəmərli kəndindən olan bir qrup fermerin əkin sahələrini suvara bilmələri üçün su tapmadığından xəbər verir.
Şikayətçi-fermerlər bildirirlər ki, bir ildən artıqdır eyni problemi yaşayırlar. Amma əvəzində onların əkin sahələrinə yox, ayrı-ayrı məmurların sahələrinə su verilir, sıravi kənd sakinləri olan fermerlərin isə əkin-biçinləri məhv olur.
Kənd sakinləri açıqlamalarında maraqlı bir məqama da toxunublar: "Bu problem Zaur Mikayılovun gəlişindən sonra yaranıb. Bundan əvvəlki rəhbərlik camaatın dərdini dinləyirdi, kömək edirdi. Amma Meliorasiya və Su Təsərrüfatı ASC-də dəyişiklik baş verəndən sonra problemlər yaşamağa başlamışıq".
Onu da qeyd edək ki, narazı fermerlər arasında hətta 400 hektar sahəsi olanlar da var ki, onlar da çətinliklə üzləşiblər.
Fermerlərin əziyyət çəkdiyi problemin tezliklə həllini tapması ümidi ilə əlaqədar qurumların məsələyə reaksiya verəcəyinə ümid edirik.
Paralel.az