“Səhliyalı” şirkətinin regional bölməsinin qanunazidd əməlləri
Xəbər verildiyi kimi, “Səhliyalı” kiçik müəssisəsinin Beyləqan regional bölməsində şirkətin satışa verilən məhsullarına haram qatılmasına dair tənqidi məqalə dərc edilib. Şirkətin markası olan “1000 bərəkət, halal nemət” “Manqalüstü” sosislərinin vaxtı keçənlərinin yenidən emal olunaraq təzə adı ilə satışa verilməsindən, hətta bunun üçün xüsusi paketləyici ütü və digər lazımi avadanlıq işə salınmasından, regional bölmədə işçilərin əmək müqaviləsi olmadan əməyə cəlb olunmasından, vergidən yayınma hallarından da yazılıb. Bütün bu və digər qanunsuzluqların bir səbəbkarı kimi də satış müdiri Fuad Həsənovun adı çəkilib.
Paralel.az RealMedia.az-a istinadla aşağıdakı materialı təqdim edir.
Fuad Həsənov mətbuatda yazılanlara ciddi reaksiya göstərib, özünü “yerli ictimaiyyət arasında hörmət qazanmış nüfuzlu iş adamı” kimi qələmə verməyə çalışır. Məsələnin ən ilginc tərəfi odur ki, həmin tərifnamə yazıda Fuad Həsənovun Beyləqanda “Şəhidlər bulağı” inşa etdirdiyi yer alıb. Halbuki, hamıya məlumdur ki, rayonda Fuadı pul əvəzinə zənbildə gəzdirəcək qədər imkanlı oğullar var və sözügedən “Şəhidlər bulağı”nı da məhz onlar ərsəyə gətiriblər. Ola bilsin ki, F.Həsənov da həmin təşəbbüsə qoşularaq inşaat işlərinə beş-altı kisə sement alıb hədiyyə edib. Amma bütün layihəni öz adına çıxmaqda haqlı deyil və yəqin ki, tezliklə bu məsələnin əks-sədası özünü çox gözlətməyəcək. Ola bilsin, “Səhliyalı” firması bu “Sovetski uşağı”nın əlində aciz qalıb, amma Beyləqan cəmiyyəti qeyd olunan həssas məsələdə ona güzəştə getməyəcək.
F.Həsənovun əməlləri sırasına onu da əlavə edək ki, o, “Aran” Regional Aqrar İnkişaf Mərkəzinin (keçmiş “Damazlıq Qoyunçuluq” Sovxozu) balansındakı ərazini yerli məmurlara rüşvət verib gözlərini yummaqla zəbt edib və həmin ərazilərdə obyektlər inşa etdirib, o cümlədən, çalışdığı şirkətin bazasını yaradıb.
Beyləqanda və ətraf rayonlarda Fuaddan xeyli əvvəl “Səhliyalı” ilə əməkdaşlıq edən, ekspeditel fəaliyyəti ilə məşğul olan, çoxillik təcrübəyə malik onlarla şəxs var ki, Fuad onları sıxışdıraraq əməkdaşlıqdan uzaqlaşdırıb. Bu məqamda əvvəllər toxunduğumuz bir məsələyə yenidən qayıtmağa lüzum görürük: “Səhliyalı” firması satışa göndərdiyi məhsulun satışını həyata keçirən şəbəkəyə malın ümumi qiymətinin 27-30 faizini qazanc kimi bağışlayır. Bu şəbəkənin ən axırıncı həlqəsi mağaza-marketlərdir ki, 12-13 faiz alırlar. Yerdə qalan paydan əli cibində heç bir iş görməyən Fuad 12-15 faiz özünə götürür. Çatdırılma işi ilə məşğul olan ekspeditellərə isə 2-3 faiz verir. Bu isə onları qane eləmir – sərf olunan yanacağın, sıradan çıxan ehtiyat hissələrinin pulu çıxılanda demək olar heç nə qalmır. Etiraz edənlərə isə Fuad deyir ki, şirkət özü pay bölgüsünü məhz belə müəyyənləşdirib, bəzi ekspeditellərlə əməkdaşlığa guya Bakıdan “stop qoyulub”. Belə yarıtmaz monopolist siyasətin nəticəsidir ki, artıq bir sıra satış şəbəkələri “Manqalüstü” sosislərini satmaqdan imtina ediblər.
Şübhə etmirik ki, Dövlət Vergi Xidməti, Əmək Müfəttişliyi, Kənd Təsərrüfatı Nazirliyi və digər əlaqəli qurumlar, elə “Səhliyalı” şirkətinin rəhbərliyi Fuad Həsənovun qanunazidd əməllərinə hüquqi qiymət verəcək, Beyləqan cəmiyyəti isə onu “persona non-qrata” elan edəcək.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Paralel.az