Rusiya Paşinyanı niyə sıxışdırır? - VI yazı

Rusiya Paşinyanı niyə sıxışdırır? - VI yazı
 

Siracəddin Hacı yazır...

- Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın Baş naziri Paşinyanla Avropa Birliyinin təşəbbüsü ilə Brüsseldə üçüncü dəfə görüşdü. Bu görüşlə ikinci görüş arasında uzun məsafə olmadı, fərqli məsələlər də müzakirə edilmədi, dördüncü görüş üçün də təxmini vaxt müəyyən olundu. Elədirsə, Avropa Birliyi niyə üçüncü görüşə ehtiyac hiss etdi? Səbəbləri sıralayaq: 1) Ukraynanı işğala çalışan Rusiya zəiflədikcə Avropa Birliyinin də, Azərbaycan və Ermənistanın da daha sərbəst hərəkət etmək imkanları artır; 2) Avropa Birliyi müzakirələrin ağırlıq mərkəzi olmağa çalışır; 3) İkinci görüşdən sonra Rusiyanın açıq və gizli təzyiqləri artdı, tərəfləri təşviq etmək, güvən vermək ehtiyacı ortaya çıxdı; 4) Üçüncü görüşdə irəliyə doğru bir addım atıldı – müzakirə olunan məsələlərin icra yolları önə çıxdı, uyğun komissiyaların yaradılması razılaşdırıldı – bu komissiyalar dərhal formalaşdırıldı, ilk görüşü də keçirildi;

- Üçüncü görüşdə də heç bir sənəd imzalanmadı, tərəflər şifahi öhdəliklər götürdülər: a) bu, müzakirələrin gərgin keçdiyini göstərir; b) razılaşdırılmamış çox məsələ var; c) tərəflər hər hansı bir sənəd imzalayaraq Rusiyanı tam hərəkətə keçirmək istəmirlər; d) sənədin imzalanmaması güvənin formalaşmadığını göstərir, müzakirələrin pozulma ehtimalı var deyir; e) Ermənistan Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyib; ə) Azərbaycan Qarabağ ermənilərinə status verilməyəcək sözündə israrlıdır;  
Şarl Mişelin görüşdən sonrakı açıqlamasında ilk dəfə bu cümləyə yer verildi: QARABAĞDA YAŞAYAN ETNİK ERMƏNİLƏRİN HÜQUQ VƏ TƏHLÜKƏSİZLİYİ İLƏ BAĞLI MƏSƏLƏLƏR MÜZAKİRƏ OLUNDU. Bu cümlə nəyi ifadə edir? 1) Ermənistan Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyib, hər görüşdə Qarabağın statusunu gündəmə gətirir; 2) Azərbaycan müzakirələrdə Qarabağ ermənilərinə heç bir statusun verilməyəcəyini açıq, qəti bildirib; 3) Avropa Birliyi Qarabağ ermənilərinə status verilməsini istəyir; 4) Şarl Mişel müzakirələrin davamı üçün elə bir cümlə seçib (razılaşdırıb) ki – Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi – nə Azərbaycan rahatsız olsun, nə də Paşinyanı sıxışdıran güclər ona daha çox təzyiq göstərmək üçün bəhanə qazansın; 5) təkrar edirəm: Avropa Birliyi niyyətini belə cümlələrlə gizləsə də, Qarabağ ermənilərinə status istəyir, bu statusun təminatçısı olmağa çalışır; 6) Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi qorunmalıdır cümləsindən Azərbaycan bir şey, Ermənistan isə tamamilə başqa bir şey anlayır;   
Paşinyan görüşdən sonra Parlamentdə çıxış etdi, hesabat verdi, Ermənistanın Xarici İşlər nazirinin, Milli Təhlükəsizlik Şurasının katibinin açıqlamaları oldu. Təəssüflə deyim ki, Azərbaycan xalqının hakimiyyətdən müzakirələrlə bağlı bilgi almaq imkanı yoxdur, biz bütün xəbərləri Ermənistan, Rusiya, Türkiyə, İran, Avropa mətbuatından öyrənirik, buna məhkum olmuşuq. Ermənistanı təmsil edən şəxslərin tezisləri bunlardır: 1) Ermənistan Qarabağ ermənilərinin hüquqlarını qorumağa davam edəcək; 2) Arsaxın statusu olacaq; 3) Bir qərar veriləcəksə, bu, Qarabağ erməniləri ilə razılaşdırılacaq; 4) Arsaxa status verilməsi üçün Rusiya, Avropa, ABŞ-la birgə çalışacağıq; 5) Azərbaycan Qarabağ məsələsini ərazi iddiası kimi dəyərləndirir, biz isə deyirik ki, bu, Qarabağ ermənilərinin hüquq və təhlükəsizlik məsələsidir; 6) Azərbaycanın ərazi bütövlüyünü tanımaqla Qarabağın statusu ayrı-ayrı məsələlərdir; 7) Paşinyan Qarabağ məsələsini İlham Əliyevlə müzakirə edirsə, deməli, bu məsələ bitməyib və Ermənistan bu məsələdə haqq/söz sahibidir; 8) Rusiya ordusu Qarabağdadır, deməli, status olacaq; 9) yollar açılacaq, ancaq bu yollara əsla koridor statusu verilməyəcək;   
- görüşdən sonra Lavrov Ararat Mirzoyanla, Ceyhun Bayramovla telefon əlaqəsi qurdu, bilgi aldı, rusların sözü ilə desək, hesabat istədi, xəbərdar etdi, həddinizi aşmayın mesajı verdi;   
- İlham Əliyev məsələni Ərdoğanla, Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan ABŞ-ın Dövlər katibi Blinkenlə müzakirə etdi;    
- Rusiyanın ikiyönlü təzyiqi artır: a) Ermənistandakı Rusiyaya bağlı güclərin mitinqi davam edir, onlar yeni seçki tələb edirlər, deyirlər ki, Paşinyan ya istefa verəcək, ya da istefaya göndəriləcək; b) Qarabağ erməniləri mitinq keçirir, Paşinyan Arsaxı satıb şüarını irəli sürür, Rusiyadan yardım istəyirlər;
- Vəziyyət gərginləşir, gərginləşdirilir, gərginlik artacaq: Ermənistan deyir ki, Azərbaycan atəşkəsi pozdu, bir erməni əsgəri öldürüldü, bir neçəsi yaralandı, iki dövlətin Xarici İşlər Nazirliyi bir-birini ittiham edir, Ermənistanda mitinqçilər hökumətin üçüncü binasını ələ keçirməyə çalışırlar, deyirlər ki, Paşinyan istefa verməsə, qan töküləcək, Ermənistanın Xarici İşlər naziri Hindistanın “Vion” agentliyinə müsahibəsində gerçək niyyətini ortaya qoyaraq bunları deyir: Azərbaycan Dağlıq Qarabağla savaşdı, savaşır, atəşkəs var, ancaq Qarabağ məsələsi həll olunmayıb, Azərbaycan üçtərəfli bəyanatın tələblərinə əməl etmir, məsələ Ermənistanın Azərbaycana ərazi iddiası deyil, Qarabağ ermənilərinin hüquq, azadlıq, təhlükəsizlik məsələsidir, əsirləri vermir, ermənilərin hüquqlarını pozur, mədəni abidələrini dağıdır, psixoloji terror tətbiq edir, Qarabağa status verilməsə, iki dövlətin münasibətlərini nizamlamaq mümkün olmayacaq;
- Azərbaycan üçün ən ciddi təhlükələrdən biri budur: Ermənistan Qarabağın statusu məsələsini Azərbaycanın Rusiya, Avropa, Amerika ilə münasibətlərinin tərkib hissəsinə çevirməyə çalışır, Azərbaycanı bu dövlətlərlə üz-üzə gətirməyə cəhd göstərir;
- nəticə budur ki, iki dövlət arasındakı həlledici məsələ Qarabağ ermənilərinin statusu ilə bağlıdır. Bu məsələ həll edilməsə, Azərbaycan və Ermənistanın münasibətlərini nizamlamaq mümkün olmayacaq. Məsələnin həlli yolu budur: a) rus qoşunları Qarabağdan çıxarılır; b) Azərbaycan Laçın koridoruna nəzarət edir; c) Qarabağ ermənilərinə vətəndaşlıq hüququ verilir;
Paralel.az

0.015452861785889