Naxçıvandakı hərbçilər şikayət edir
Xəbər verildiyi kimi, Naxçıvanda xidmət edən evsiz hərbçilərə mənzil kirayəsi üçün verilən pul kəsilib. Paralel.az bu haqda "Gündəlik Naxçıvan"a bir qrup hərbçinin müraciətindən xəbər verir.
Onların sözlərinə görə, artıq beş aydır bu pulu ala bilmirlər. “N” saylı hərbi hissənin zabiti B.Əliyevin söylədiyinə görə, pulu ödəyə bilmədiklərindən, bir çox hərbçi kirayə qaldıqları evdən çıxarılıb: “Artıq yanvar ayından kirayə pullarını kəsiblər. Soruşanda deyirlər ki, bizlik deyil, artıq Naxçıvan Maliyyə Nazirliyi kirayə üçün pul ayırmır. Heç bilinmir ki, ayrılacaq, ya yox. Gah deyirlər ki, artıq bu pul verilməyəcək, gah da deyirlər, pul yoxdur, ona görə ödəniş olunmur. Şəxsən mənim 1500 manat kirayə borcum yığışıb qalıb. Ev sahibi 3-4 ay ötüşdürdü, sonra çıxardı bizi evdən. 3 uşaq, bir də həyat yoldaşım qaldıq küçədə. Onları göndərmişəm, qayınanamgildə yaşayırlar, mən özüm isə orda-burda gecələyirəm”.
Təhlükəsizliyinə görə adının çəkilməsini istəməyən digər hərbçi isə deyib ki, yaşadığı evin kirayə haqqını vermək üçün borca girməli olub: “Üç ay sonra ev sahibi dedi ki, ya pulu ver, ya da çıx, başqa adam gəlsin. İki körpə uşaqla hara çıxa bilərdim? Naxçıvanda heç kimim yoxdur. Məcbur olub, bankdan kredit götürüb, borcları ödədim ki, evdən qovmasın. İndi maaşımın bir hissəsi kreditə gedir. Bu səbəbdən uşaqları normal qida ilə də təmin edə bilmirik”.
Naxçıvan MR Maliyyə Nazirliyindən məsələ ilə bağlı açıqlama almaq mümkün olmayıb. Onu da qeyd edək ki, bir neçə ay öncə ehtiyatda olan hərbçilər kirayə pullarının kəsilməsi ilə bağlı şikayət ünvanlayıb.
Paralel.az