Gəncəbasarda külli miqdarda vergidən yayınmaya niyə göz yumulur?

Gəncəbasarda külli miqdarda vergidən yayınmaya niyə göz yumulur?
 

 

Tikinti sektorunda “Qranit Beton” MMC-nin istehsalı olan məhsulların maya dəyərindən aşağı qiymətə satıldığı barədə məlumat səsləndirilib. Bu barədə Göygöl rayon Üçtəpə kənd sakini Novruzov Novruz Cəmil oğlu tərəfindən Prezident İlham Əliyevə, Fövqaladə Hallar Nazirliyi yanında S.Ə.Dadaşov adına Elmi-Tədqiqat İnstitutunun rəhbərliyinə, Dövlət Təhlükəsizlik Xidmətinin Gəncə şöbəsinin rəisinə və 12 saylı ƏVD-nin rəisi Şahin Eyyubova şikayət məktubu ünvanlanıb.

Paralel.az xəbər verir ki, şikayətçi məktubunun bir surətini də DünyanınSəsi.az xəbər portalına göndərib. Məktubdan bəzi məqamları təqdim edirik: “Yazıb məlum edirəm ki, Gəncə şəhəri və Gəncə şəhər ətraf rayonlarda beton istehsal edib satan müəssisələrin bəziləri Azərbaycanın müvafiq qanunlarını pozaraq dövləti və vətəndaşları aldadır. Əvvəla, sement Azərbaycan dövlətində üç zavodda istehsal olunur.Qiymətləri Gəncə şəhərinə çatdırılma ilə bir yerdə Qazax Sement zavod 1 ton 42.5 marka sementi 145 manat (ədv ilə birlikdə), Holcim Zavod 1 tonu 42.5 marka sement 153 manat ədv ilə birlikdə, Norm Sement zavod 1 ton sement 42.5 marka, 151 manat ədv ilə birlikdə.

Bu sement qiymətlərdən əlavə olaraq, beton istehsal etmək üçün beton məhluluna qum, otsep, qırmadaş, qatqı, su, daşınma xərci, pompa xərci, zavodun rentabelliyi, işçilərin əmək haqqı, sosial ayırmalar, elektrik enerjisi və s. xərcləri hesablayanda 1 m3 300 marka beton məhlulunun satış qiyməti 80 manatdan baha başa gəlir.

Ancaq Qranit beton və bəzi beton sexləri 1 m3 300 marka beton məhlulunu 70,71,72 manat civarında satırlar. Onda sual yaranır, niyə maya dəyərindən ucuz satırlar?

Maya dəyərindən ucuz beton satmağın səbəbi bir neçə halda ola bilər. Birincisi, sementin ucuz alınması. Bu hal özü-özlüyündə qeyri-mümkündür.

İkincisi, sement zavodlarından qeydiyyatsız sement almaq. Bu hal isə mümkündür. Üçüncüsü, keyfiyyətsiz, yəni sementini az qatmaqla beton istehsal etmək. Bu hal da mümkündür. Dördüncüsü, betonun miqdarını əksik vermək.

 Yuxarıda göstərdiyim qanunsuzluqlardan istifadə edən bəzi beton sexlərinin sahibləri, keyfiyyətsiz beton istehsal etməklə, vətəndaşlarımızın həyatını təhlükə altında qoyurlar. Qeydiyyatsız sement gətirməklə vergi ödəməkdən yayınır, dövlətimizin qüdrətinə balta vururlar.

Bir nəfərin qanunsuz, keyfiyyətsiz beton istehsal edib satmasının təsiri onlarla başqa zavodlarda işsizlik yaradır, dövlət büdcəsinə sosial ayırmalar ləğv olunur.

Adıçəkilən “Qranit Beton” MMC Gəncədə sosial evlərin tikintisini aparan şirkətlərin beton təminatını həyata keçirməklə yanaşı, tikintini otsep, qum, sement, müxtəlif ölçülü çınqıllar və qatqı kimi komponentlərlə də təmin edirdi. Amma məsələnin başqa maraqlı bir tərəfi var. “Qranit Beton” MMC yuxarıda sadalanan komponentləri istehsal edə bilmədiyi halda, bu təminatı necə həyata keçirib? Bunu müəyyən etməyin yolu isə “Qranit Beton” MMC-nin bu materialları hansı təşkilatdan alması barədə rəsmi sənədləri hüquqi şəkildə araşdırmaqdır. Əks halda, bunu müəyyən etmək çətin olacaq.Çünki “Qranit Beton” MMC sosial evləri tikən iş icraçısı şirkətlərə betondan əlavə satdığı məmulat və materialları şəxsi istifadəsi qismində alır və onlara necə deyərlər, çöldən-çölə satır.

Bununla da “Qranit Beton” MMC və digər istehsalçı şirkətlər bu məhsulların alqı-satqısını rəsmiləşdirmir və dövlət büdcəsinə ödəniləcək milyonlarla vəsaiti gizləyir. Konkret desək, öz ciblərinə qoyur. Əgər “Qranit-Beton” MMC-nin mal-materiallar üzrə qaiməsinə, idxal və ixrac sənədlərinə vergi və audit yoxlaması tətbiq edilərsə, müəssisədə çox ciddi qanun pozuntuları üzə çıxar.Hətta ekspertiza təyin edilməklə enerji və digər kommunal sərfiyyatlar üzrə hesabat aparılarsa, iddia edilən vergi ödəməkdən yayınma halları öz təsdiqini tapar. Bir sözlə,Gəncədə tikilən sosial evlərin tikintisində istifadə olunan sement, mişar daşı, kərpic, qum və s. materialların hansı təşkilatdan alınması yoxlanılarsa, yenə də külli miqdarda vəsaitin vergidən yayınma halı müəyyən olunar.

Şübhəsiz ki, bu cür hallar büdcənin gəlir hissəsindən əhəmiyyətli dərəcədə itkilərin müşahidə olunması ilə nəticələnir. Bununla əlaqədar hüquq-mühafizə orqanlarının qarşısında vergidən yayınanlarla mübarizə kimi mühüm bir vəzifə durur. Çünki statistika göstərir ki,vergi cinayətləri azalmaq əvəzinə artmaqdadır. Daha doğrusu, Dövlət Vergi Xidməti İqtisadiyyat Nazirliyinin tabeliyinə veriləndən sonra  “yatağan” müəssisə və şirkətlərin uzun illərdir ki, külli miqdarda vergidən yayınmaları üzə çıxarıldı. Başqa bir diqqətçəkən məqam isə Mənzil İnşaatı Dövlət Agentliyinin Gəncədə tikilən sosial evlərin inşasına heç bir yerli tikinti şirkətinin iştirakını təmin etməməsidir. Baxmayaraq ki, tenderə həm Gəncədən, həm yaxın bölgədən onlara şirkət qatılıb. Deməli, görünən odur ki, dövlətin müəyyən strukturlarında yüksək vəzifə tutan “dayı”ların çətiri altında olan Bakı şirkətləri milyonlar qazanmalı,ancaq yerli şirkətlər pandemiyanın ağır dönəmlərində iqtisadi baxımdan tam çökməli idi. Bütün bunları təhlil edən zaman ortaya bir sıra suallar çıxır. Görəsən,Mənzil İnşaatı Dövlət Agentliyini “Qranit Beton” MMC ilə hansı maraqlar bağlayır ki, sosial evlərin tikintisinə sərf edilən sement və beton həm ondan alınır, həm də sözügedən MMC-nin texniki vastələri ilə daşınır? Bu hal ölkənin ikinci ən böyük şəhəri olan Gəncə sahibkarlarına qarşı ayrı-seçkilik və inhisarçılıq deyilmi?

İqtisadiyyat naziri Mikayıl Cabbarovun vergi cinayətləri ilə bağlı barışmaz mövqeyini nəzərə alaraq, ümid edirik ki, külli miqdarda vəsaitin vergidən yayındırılmasını müəyyən etmək üçün Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən “Qranit Beton” MMC-nin fəaliyyəti yoxlanılacaq. Hazırda isə Göygöl “Qranit Beton” MMC Şəmkir rayonu ərazisində yerləşən Yenikənd “su” anbarının yenidən qurulmasına 35 min kubmetr beton məhlulu müqaviləsinin icrasına başlayıb.

Sizdən xahiş edirəm müvafiq təşkilatlara göstəriş verəsiniz, özlərinin haqsız rəqabəti nəticəsində cinayət yolu ilə varlanaraq, dövlət və dövlətçiliyimizə bilərəkdən, bilməyərəkdən ziyan vuran adamlar haqqında qanuna müvafiq ölçü götürsünlər”.

P.S. Qarşı tərəf də öz mövqeyini bildirə bilər.

Paralel.az

0.020117044448853