28 may – Azərbaycan himninin şərhi - I yazı

28 may – Azərbaycan himninin şərhi - I yazı
 

Siracəddin Hacı yazır...

– MƏHƏMMƏD ƏMİN RƏSULZADƏNİN liderliyi ilə qurulan Azərbaycan Xalq Cümhuriyyətinin himni – milli marşı Azərbaycan xalqının müstəqil, azad, ədalətli VƏTƏN idealının göstəricisidir, deyir ki, kimsə məni kölələşdirə, iradəmi əlimdən ala bilməz, nə qədər azadamsa, o qədər güclü, xeyirli, dəyərli, bərəkətliyəm;

– Himnin sözlərinin müəllifi istiqlal şairi ƏHMƏD CAVAD, bəstəkarı dahi ÜZEYİR HACIBƏYLİDİR – Allah ikisindən də razı olsun;

– Marş janrının xarakterinə uyğun olaraq təntənəli üslubda yazılmışdır, 19 misradır, hər söz, hər misra Azərbaycana SEVGİ üzərində qurulub;

– Milli marşımız bir neçə yerə ayrılır: Azərbaycan sözü 6 dəfə təkrar olunur – sözün təsir gücünü artırır, enerjisini hiss etdirir, coşdurur, sevgini ifadə edir – sevən sevdiyinin adını ağlına, qəlbinə, iradəsinə, əməyinə yazar, əsla unutmaz, dilindən düşürməz;

– Himn sonra AZƏRBAYCANIN KİMLİYİNİ tanıdır – tanımayan sevməz;

– “Ey” çağırış nidasına yer verir – sevən sevdiyini çağırar, bir ehtiyacın varmı, həmişə hazıram deyər, özü də adı ilə çağırar, səninlə qürur duyuram, adın çəkiləndə özümü güclü hiss edirəm, içim hüzurla, gözüm yaşla dolur mesajı verər;

– Sevgi təyinsiz olmaz, himn deyir ki, bura VƏTƏN olan Azərbaycandır, sınırı, hüququ, idealı var, bu mübarək yerdə müstəqillik, azadlıq, ədalət, rifah ölçüsünün birləşdirdiyi millət yaşayır;

– Yenə içində sevgi daşıyan təyin gəlir – qəhrəman övladın vətəni olan Azərbaycandır – torpaq parçasının VƏTƏN olması canını, elmini, iradəsini, gücünü, əməyini, sözünü əsirgəməyənlərin varlığına bağlıdır. Qəhrəmanlıq və qəhrəmanlar olmasa, torpaq VƏTƏN OLMAZ. VƏTƏNİ Vətən edən, yaşadan, irəliyə daşıyan CƏSARƏTDİR;

– Yenə sevgi dolu təyin gəlir – ŞANLI VƏTƏNDİR – insanları, suyu, havası, torpağı barlı-bərəkətlidir, o qədər zəngin və gözəldir ki, dünyada tanınır, adı, şanı, tarixi, mədəniyyəti, dili, dini, igid övladları var;

– Sonra milli marşın VƏTƏNƏ SƏDAQƏT, ey Azərbaycan, əmrinə hazırıq bölməsi gəlir: SƏNDƏN ÖTRÜ – bir başqası üçün deyil, ancaq, bir tək, bircə səndən ötrü can verməyə – sevən sevdiyinə vəfalı olar, canını verər, həm də sevə-sevə verər;

– CÜMLƏ HAZIRIZ – hamımız, istisnaya yer yoxdur, artıq milli, dini kimliyimiz var, mən deyil, bizik, birik, qardaşıq, millətik, ümmətik;

– SƏNDƏN ÖTRÜ – ifadəsi təkrar gəlir, deyir ki, ey Azərbaycan, səni o qədər sevirik ki, gözümüz bir başqasını görməz, sevgimizin iki dəlili var: ən qiymətli olanı – canımızı verərik, bir də qan tökərik – sənə göz dikənlərlə savaşarıq, canlarını alarıq;

– Can verməyə də, qan tökməyə də HAMIMIZ HAZIRIQ, QADİRİK – bu sadəcə söz deyil, arxasında hərbi güc, sarsılmaz iradə var;

– Canımızı niyə verməli, niyə qan tökməliyik? Səni sevirik, üçrəngli: yəni Azərbaycanın müstəqil, azad, ədalətli kimliyi ilə məsud – xoşbəxt yaşaması bizim siyasi, hərbi, elmi, ədəbi, əməli fədakarlığımıza bağlıdır;

– Himn üçrəngli bayraqla məsud (xoşbəxt) yaşamaq arasında bağ qurmuşdur: Xoşbəxt yaşamağın şərti ÜÇ RƏNGİN daşıdığı ideallara sədaqətdir, bağlılıqdır – bayraq düşsə, siyasi, milli, dini kimlik düşsə, azadlıq, ədalət, müstəqillik yıxılsa, kimliyimiz yox olar, anlamımızı itirərik, bayrağın düşməməsi üçün də can verməli, qan tökməliyik;

Ardı var

Paralel.az

0.01309609413147