Yardımlıda talan...

Yardımlıda talan...
 



Yardımlıda yaşıllıqların məhv edilməsiylə bağlı problem yaranıb. Paralel.az gundem.medianın meydan.tv-yə istinadla aşağıdakı materialını təqdim edir.
“Mərkəzin direktoru sanki meşəni satışa çıxarıb. Ağackəsənlər gedir, otbiçənlər gəlir. Nadir ağaclar kəsilir, daşınır. Hektarlarla ərazilərin otu biçilir, biçənək texnikaları otla bərabər, özüinkişaf edən yaşıllığı, kövrək ağacları da kökündən çıxarır. Bir sözlə, Yardımlı meşələri məhv olur”.
Bunu Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin sahə rəisi Məhəmməd Adiyev deyir. Məhəmməd Adiyev Mərkəzə tabe olan 1 saylı Meşəbəyliyinin meşəbəyisidir. Onun sözlərinə görə, Mərkəzin direktoru meşəbəyilərin etirazlarına, müqavimətlərinə baxmayaraq, meşələri talamaqla məşğul olur:
“Yardımlı meşələrinin bütün meşəbəyliklərində hazırda qanunsuz ot biçimi aparılır. Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Əlizamin Talıbov meşədəki hektarlarla ərazilərin otunu kəndlilərə satır. Əslində, meşə idarəsinin balansında meşəylə örtülü olmayan ərazilər var ki, bu ildən kəndli qanuni yolla pul ödəyərək həmin ərazilərdən ot biçə bilər. Ancaq savadsız, fağır kəndlinin bu qayda-qanunlardan xəbəri yoxdur və Əlizamin Talıbov da insanların bilgisizliyindən istifadə etməklə pul qazanır. Hüququnu bilməyən, qanundan xəbərsiz kəndlidən pul almaqla görür bu işi. Hər hektara görə kəndlidən 60, 70, 80 manat alır. Bu işlər nəzarət altında görülməlidir. Ancaq kəndli pulunu verir, gəlir girir əraziyə, otbiçən texnikayla otu biçərkən öz-özünə inkişaf edən yaşıllığı da, kövrək ağacları da qırıb tökür”.
Meşəbəyi deyir ki, bu proses təkcə Yardımlının yox, Cəlilabadın da meşələrində gedir: “Cəlilabadda vəziyyət belədir ki, orda adamlar meşədən ot biçməyin qanuni yolunu da, buna görə ödəməli olduqları məbləği də bilirlər. Sadəcə olaraq tutaq ki, müqavilə bağlayıb hər hektara görə 50 manat ödəməlidilərsə, onlara müqaviləsiz gəlib otun hektarını 30 manatdan biçmək təklif olunur, onlar da hər hektarda 20 manatları ciblərində qalsın deyə, bu qanunsuz yolla ot biçməyə razı olurlar”.
Meşəbəyinin sözlərinə görə, meşələrdə təkcə ot biçilmir, həm də kütləvi ağac kəsintiləri davam edir: “Çoxillik ağaclar xüsusi dəzgahlarla kəsilir, daşınır, buna bir “dur” deyən yoxdur. Bayaq gözətçilərdən birinə zəng vurdum, ot biçiminə görə kimdən nə qədər pul aldığını adbaad dedi, səsini də yazmışam, hüquq-mühafizə orqanlarına göndərəcəm. Adamlar özləri də etiraf edirlər ki, qanunsuz pul alıb meşəni talayırlar. Əlizamin Talıbov özü Yardımlının Şıxlar kəndindədir. Qanunsuzluqları da yaxın qohumlarıyla edir. İşlərini əsasən Füzuli adında yaxın qohumu idarə edir, pulları da o yığır. İstənilən vaxt çəkiliş qrupu gəlsin, hüquq-mühafizə orqanlarının nümayəndələri gəlsin, aparım Əlizamin Talıbovun toy tutduğu əraziləri göstərim, hər cümləmə görə də başımla cavabdehəm”.
Əlizamin Talıbov isə bildirib ki, ağac kəsimləri o, direktor vəzifəsinə təyin olunanadək baş verənlərdir: “Bu dedikləriniz məndən əvvəl olan məsələlərdir, sənədləşdirilib, aidiyyəti qurumlara məlumat verilib. Mənim bu işlərlə heç bir əlaqəm yoxdur. Ot biçiminə gəlincə, vətəndaşlarla danışılır, müqavilələr hələ indi bağlanmağa başlayıb. Çünki qaydalar yeni tətbiq olunur”.
Əlizamin Talıbov Mərkəzə bu il fevralın sonunda direktor təyin olunub. Ondan əvvəl Mərkəzə Adəm İsmiyev rəhbərlik edib. Ötən ilin dekabrında sosial şəbəkələrdə Adəm İsmiyevin avtomatla, müavini Sakit Şahmarovunsa tüfənglə birgə şəkilləri yayılıb. Fotolar ov zamanı çəkilib. Sabahı gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi Adəm İsmiyevin işdən çıxarılması, müavinə şiddətli töhmət verilməsi, hər ikisinin İnzibati Xətalar Məcəlləsinin 272.3 (Qadağan olunmuş yerlərdə, qadağan olunmuş üsullarla ov edilməsi) maddəsi ilə cərimələnməsi barədə məlumat yayıb.
Paralel.az

0.022688150405884