İmişlidə cinayətkarlar vəzifəyə necə təyin olunur?! - araşdırma

İmişlidə cinayətkarlar vəzifəyə necə təyin olunur?! - araşdırma
 

İcra başçısı nüfuzdan tam düşüb

Azərbaycanın əksər bölgələri kimi, İmişli rayonunun əhalisi də normal, adam kimi işləyən icra başçına həsrətdir. Ona görə də Vilyam Hacıyev həbs olunanda xeyli sevindilər. Lakin imişlilərin sevinci çox çəkmədi. İmişliyə başçı təyin olunan Elçin Rzayev bir müddətdə fəaliyyət göstərdikdən sonra əhali Vilyam Hacıyevin ölülərinə rəhmət oxumağa başlayıb.

Axı İmişli camaatının xəbəri yox idi ki, Elçin Rzayev rüşvət və korrupsiyanın tüğyan etdiyi, ölkənin bütün əmlakını dədə malı kimi rüşvətlə satan Əmlak Məsələri üzrə Dövlət Kömitəsində müxtəlif vəzifələrdə və Yasamal RİH-in başçısı, Cəlilabad rayon əhalisini dizi üstə gətirən Əziz Əzizovun birinci müavini işləyib.

İmişli rayonunun əhalisi Elçin Rzayevin heç Prezident aparatının nəzarət şöbəsinin müdiri Kərəm Həsənovun qohumu kimi irəli çəkildiyini də bilmirdi. O, İmişliyə icra başçısı təyin olunanda rayon sakinləri ümid edirdi ki, soyğunçu Vilyam Hacıyevdən sonra rayona başçı təyin olunan şəxs İmişlidə ağır duruma salınmış rayonu yaxşıya doğru dəyişəcək. Amma İmişli əhalisi icra başçısının xalqa qarşı kobud hərəkətlər etdiyini, rüşvətxor və korrupsionerlərlə oturub-durduğunu, cinayətkar ünsürləri vəzifəyə təyin etdiyini gördü və dəhşətə gəldi.

Əhali görür ki, icra başçısı Elçin Rzayev gəldiyi ilk gündən xalqla təmasdan qaçır, şikayətləri dinləmir, həbs olunmuş sabiq icra başçısının əhaliyə yaratdığı çoxsaylı problemlərlə maraqlanmır. Hətta ölkə prezidentinin verdiyi tapşırıqlara başçı heç bir əhəmiyyət vermir. İmişlidə olarkən əhali ilə söhbətdə icra başçısı Elçin Rzayevin xeyli maraqlı hərəkətlər etdiyi barədə məlumat aldıq. Məsələn, eşitdik ki, icra başçısı Elçin Rzayev qardaşı Şamil Rzayevi köməkçi, bacısı oğlu Hafizi isə sürücü vəzifəsinə təyin edib. Əslində, rəsmi olaraq icra başçısının köməkçisi vəzifəsini  Vəliyev Vüqar Telman oğlu daşıyır, lakin aparatdan öyrəndik ki, köməkçi vəzifəsini  faktiki olaraq Şamil Rzayev icra edir.

Başqa sözlə, Elçin Rzayev İmişli RİH-ni özünün “ailə hakimiyyəti”nə çevirib. Hətta əhali deyir ki, Elçin Rzayev qardaşı Şamil Rzayevi İmişlidə “toxunulmaz şəxs” elan edib. O, yerli sakinlərə qan uddurur, hətta vəzifə  səlahiyyəti olmadığı halda, bütün qanunsuz maxinasiyalara rəhbərlik edir, icra başçısının "qara kassası" fəaliyyətini icra edir. Rzayev qardaşlarının İmişlidə törətdiyi özbaşınalığa görə, rayon əhalisi həbsdə olan icra başçısı Vilyam Hacıyevə dua edirlər.

Rayon əhalisi Elçin Rzayevin "betər əməlləri”ndən dad deyirlər. Başçı bu yaxınlarda Azərbaycan Respublikası  CM-nin 178.2.2-ci maddəsi ilə ittiham olunmuş, ayağında “bilərzik” (elektron nəzarət vasitəsi) gəzdirən Səmədov Sahib Mehralı  oğlunu İmişli Kommunal Məssisələr Birliyinə rəhbər təyin edib. Bu təyinat, sözün həqiqi mınasında İmişli sakinlərini şoka salıb. Əhali düşünür ki, başçını Sahib Səmədovla birləşdirən "tellər" o qədər güclüdür ki, rayon rəhbərliyi, hətta dələduzluq maddəsi ilə ittiham olunan şəxsi rəhbər vəzifəyə təyin edir! Belə bir şübhəli təyinatın verilməsini rayonda rüşvətlə bağlayırlar.

Çünki Elçin Rzayevin bütün vəzifə fəaliyyəti daim rüşvətlə sıx bağlı olub və həmin bağ İmişlidə daha qabarıq görünür. İcra başçısı daha bir qaranlıq keçmişə malik şəxsi - vaxtilə İmişli Rayon Məşğulluq Mərkəzində direktor vəzifəsində korrupsiya ilə məşğul olduğuna görə, haqqında cinayət işi açılmış Elxan Rüstəmlini İmişli Şəhər İcra nümayəndəsinin müavini vəzifəsinə təyin edib. Bu cür şübhəli vəzifə təyinatları rayon ictimaiyyətini ciddi narahat edir. İmişli RİH başçısının cinayət əməli törətmiş şəxsləri mühüm vəzifələrə təyin etməsi rayonda çox pis qarşılanır və əhalinin qəzəbləndirir.

Elçin Rzayevin İmişlidə cinayət törətmiş şəxslərdən ibarət komanda yaratmasını əhali mərkəzi hakimiyyət üçün böyük təhlükə hesab edir. Axı, ölkə prezidenti cənab İlham Əliyev Elçin Rzayevi İmişliyə icra başçısı vəzifəsinə təyin edərkən tapşırmışdır ki, o, rayonda baş alıb gedən rüşvət və korrupsiya əməllərinin kökünü kəssin. Bəs, İmişlidə baş verən xoşagəlməz hallar, cinayətdə ittiham olmuş şəxslərin vəzifəyə irəli çəkilməsi nədən irəli gəlir, Elçin Rzayev kimə xidmət edir?! İcra başçısı öz çirkin hərəkətlərilə, sanki İmişlidə anarxiyanın, xaosun, cinayətin təməlini qoyur.

Media üzərindən apardığımız araşdırmalar göstərir ki, Elçin Rzayevin yarıtmaz, rüşvətlə ahəngdarlıq təşkil edən idarəçiliyi xalq arasında ifşa olunur. Rayonun Hacırüstəmli kəndində Ərazi üzrə icra nümayəndəsi müavinin tibb bacısı ilə əxlaqazidd hərəkətləri tibb bacısının kəndi birdəfəlik tərk etməsilə nəticələnib və tibb bacısı bir daha işinə geri dönməyib. İcra başçısı Elçin Rzayev bu olay barədə ətraflı məlumatı olsa da, o, icra nümayəndəsinin sabiq müavini haqda heç bir tədbir görməyib. İyrənc addım atdığına görə, Hacırüstəmli kənd icra nümayəndəsinin müavini kənd camaatı tərəfindən vəzifəsindən uzaqlaşdırılır. Amma çox keçmir ki, icra başçısı həmin şəxsi digər kənd icra nümayəndəliyində daha məsul vəzifəyə təyin edir.

İcra başçısı İmişlidə törətdiyi çirkin əməllər bunlarla bitmir, o, təyin olunduğu gündən indiyə qədər dövlət büdcəsindən rayonun abadlıq işləri üçün ayrılmış külli miqdarda vəsaitləri mənimsədiyi bildirilir. Hətta İmişlidə salınmış Şəhidlər Xiyabanı  sahibkarlardan toplanmış pul vəsaitilə tikildiyi bildirilir. 

Elçin Rzayev hər yerdə özünü Prezident Administrasiyasının Dövlət Nəzarəti şöbəsinin müdiri Kərəm Həsənovun yaxın qohumu kimi təqdim edir. Əgər icra başçısının Kərəm Həsənovun qohumu olması barədə dediyi doğrudursa, o zaman nə üçün İmişlidə dövlətə və dövlət rəhbərinin tapşırığına hörmətlə yanaşmır, çirkin hərəkətlərilə xalqı hökumətdən və cənab prezidentdən narazı salır?!

İmişlidə icra başçısının xalq və dövlət əleyhinə gördüyü işləri mətbuat geniş işıqlandırsa da, Elçin Rzayevdən bəhrə görən yüksək vəzifəli məmurlar icra başçısının çirkin əməli barədə ölkə prezidentinə məlumat çatmasının qarşısını kəsirlər.

P. S. Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq

0.01938796043396