Müəllim valideyni şantajla “qarət” edib
Bugünlərdə direktoru işdən çıxarılan məktəblərin siyahısında şəhid Rövşən Nəsirovun adını daşıyan Nəsimi rayon 111 nömrəli tam orta məktəbin olmaması məyusedici olub. Çünki sözügedən məktəbin başdan-başa korrupsiyaya bulaşmış direktoru Jalə Hacıyevanın adı qovulmuş direktorların siyahısında başda olmalı idi. Paralel.az aktualxeber.az-a istinadla aşağıdakı materialı təqdim edir.
Sözügedən direktor müqəddəs müəllim adına ləkə gətirən şantajçı, pis əməl sahiblərini məktəbdən uzaqlaşdırmır, əksinə ona şərait yaradır. Belə ki, onun rəhbərlik etdiyi məktəbin müəlliməsi Şahvələdova Aynur Mahmud qızı müqəddəs müəllim peşəsinin üz qarasıdır. O, 2017-ci ildə sinif rəhbəri olduğu 11-ci sinfin Şəhriyar adlı şağirdinin yoldaşı ilə mübahisə etməyini bəhanə gətirərək uşağın anası Təranə Kəlbalıyevaya zəng edib ki, bu mübahisə polisə düşməsin deyə, təcili 500 manat pul verməldir.
Həyat yoldaşı rəhmətə gedən valideyn də qayınanası ilə evdə münaqişə yaranmasın deyə, razılaşır ki, bu pulu müəllimə özündən versin və sonra o, borc tapıb qaytarar. Elə həmin gün axşam müəllimə zəng edib deyir ki, bu məsələni 700 manata həll edib və bu pul ona çatmalıdır.
Bu pulu tapıb qaytara bilmədiyinə görə valideynlə A.Şahvələdova belə razılığa gəliblər ki, yaxınlıqda yerləşən Seyid adlı şəxsin ərzaq mağazasından müəllimə həmin məbləğdə nisyə ərzaq alsın. Həmin gündən başlayaraq müəllimə mağazadan bir ay ərzində 1200 manatlıq ərzaq alır və borcu da valideynin adına yazdırır. Əsl həngamə də bundan sonra başlayır.
Valideynin çarəsizliyindən və hadisəni qayınanasından gizlətdiyindən istifadə edən müəllimə bu işə həyat yoldaşı İlqarı da qoşaraq şantaja əl atır. Onlar bildirirlər ki, bu ərzaq almaq hər ay davam etməlidir və əks halda oğlunu polisə verib tutduracaqlar, həm də qayınanasına bu hadisəni gizlətdiyini deyəcəklər. Köməksiz və çarəsiz qalan valideyn də evdə olan qızıllarının bir hissəsini satıb, digərlərini də lombarda qoyaraq Seyidin mağazasına olan borcu bağlamağa çalışıb. Amma borc hər ay artdığından və lombarda da faizlər yığıldığından valideyn məsələni açıb anasına danışır. Anası və qardaşı baş verənləri araşdıranda məlum olur ki, hələ dükana 5400 manat borc var və 4 il ərzində şantaj yolu ilə müəllimə valideyndən 50.000 manata yaxın pul alıb.
111 saylı orta məktəbin direktoru Jalə Hacıyeva bu cinayət tərkibli əməllərinin qarşısını almaq əvəzinə, onlarla əlbir olub. Aynur Şahvələdova Təranənin adına nisyə götürdüyü ərzaqları aparıb müəllim yoldaşlarına satırmış. Bundan başqa, Təranədən aldığı qızılları və bijuteriya mallarını məktəbdə satdığına görə direktor Jalə Hacıyevaya “görüm-baxım” edirmiş. Ona görə də direktor onu özünə müavin götürməyə söz verib. Lakin bu məsələnin üstü açılandan sonra Jalə Hacıyeva Aynur Şahvələdovaya deyib ki, get, zibilini təmizlə, gəl…
Ümid edirik ki, təhsil naziri bu nöqsanları bir daha özü şəxsən araşdıracaq.
P.S. Yazıda adları keçən şəxsləri də dinləməyə hazırıq.
Paralel.az