3 saylı xüsusi internat məktəbində baş verənlər...
Ölkənin təhsil sektoru cəmiyyətin daim diqqət mərkəzindədir. Paralel.az aktualxeber.az-a istinadla bu barədə material təqdim edir.
Məlumata görə, 3 saylı xüsusi internat məktəbində Təhsil Nazirliyi tərəfindən yoxlama aparılıb. Nəticədə məktəbdə aparılan yoxlamalar zamanı ciddi nöqsanlar aşkar edilib. Amma Bahar Kərimova məktəbdə yoxlama aparan təhsil işçilərindən narazı qalıb. Guya nazirliyin əməkdaşları məktəbin müəllimlərinə izahatı zorla yazdırıb.
Qeyd edək ki, bu həmin Bahar Kərimovadır ki, bir neçə ay bundan əvvəl rəhbərlik etdiyi məktəbin müəllimləri onun qanunazidd əməllərinə dözməyib etiraz aksiyası keçirmişdilər.
Ümumiyyətlə, sağlamlıq imkanları məhdud uşaqlar üçün 1 saylı xüsusi internat məktəbi Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 saylı Respublika xüsusi internat məktəbi ilə birləşdirilərək onların bazasında xüsusi internat məktəbi yaradılıb. 1958-ci ildə istifadəyə verilən məktəb binasında 2005-ci ildə Heydər Əliyev Fondunun vəsaiti hesabına əsaslı təmir və yenidənqurma işləri aparılıb. 2005-ci il mayın 10-da Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva məktəbin əsaslı təmir və yenidənqurma işlərindən sonra açılışında iştirak edib. Göründüyü kimi, 3 saylı Respublika xüsusi internat məktəbi hər zaman diqqət mərkəzində olub.
Məktəbdə hazırda 250-yə yaxın şagird təhsil alır. Onların məktəbə qəbul olunmasından buranı bitirməsinə qədər olan bütün mərhələlər direktor üçün gəlir mənbəyinə çevrilib. Bir şagirdin məktəbə qəbulu 500 manata başa gəlir. Hər il isə uşaqların tibbi komissiyadan keçməsi üçün direktor əlavə 100 manat tələb edir.
Hazırda məktəbdə alverin şıdırğı vaxtıdır. Müəllimlər direktorun haqqını çatdırmalıdırlar. Məlumata görə, növbəti tədris ilində şagirdini qorumaq istəyən müəllim 100 manatını direktorun köməkçisinə verməlidir. Əks təqdirdə, müəllimin dərs yükü əlindən alınır.
Məktəbdə baş verən olaylar barəsində sosial şəbəkələrdə videoşikayət yayılıb. Nizami rayonu, Şərifli-3 ünvanında yerləşən 3 nömrəli xüsusi internat məktəbinin müəllimləri məktəbin direktoru Bahar Kərimovadan təhsil nazirliyinə şikayət ediblər. Onların şikayətləri bundan ibarət olub ki, maaşlarından ildə iki dəfə Sabunçu rayon Qızıl Aypara cəmiyyətinə vəsaitlər tutulur. Halbuki, hər hansı cəmiyyətə, təşkilata və s. qurumlara vəsaitlərin tutulması prosesi qanunvericiliyə görə, ildə bir dəfə həyata keçirilə bilər. Amma...
Sabunçu rayon Qızıl Aypara cəmiyyətinin sədri bilirsiniz kimdir? Həmin şəxs Bahar Kərimovanın həyat yoldaşı İlham Kərimovdur.
Maraqlıdır, internat məktəbinin müəllimlərinin maaşlarından nəyə görə ildə iki dəfə bir təşkilata köçürülür? Bu, hansı qanun kitabında yazılıb?
Şagirdlərin pulları hesabına alınan qutu-qutu pamperslər və s. məhsullar anbardan boşaldılaraq məktəbin avtomobili ilə haralara daşınır?
3 nömrəli xüsusi internat məktəbi haqqında digər fakt odur ki, məktəbin direktoru hər sinfə (ibtidailərdən tutmuş böyük siniflərə qədər) ayrı-ayrılıqda pamperslər almağı tapşırır və yığılan pamperslər heç də bu məktəbin tələblərinə ödənilmir. Hətta məktəbin lallar və karlar üçün xüsusi təhsil müəssisəsi olduğunu nəzərə alsaq, pampers ehtiyaclarının buraya deyil, məhz ruhi-əsəb xəstəliklərinə malik xüsusi internat məktəblərinə aid olduğunu deyə bilərik. Bəs pamperslər niyə alınır və qutulardan çıxarılaraq məktəbə məxsus avtomobillə hara daşınır?
Eləcə də satışı qadağan olunan digər məhsulların məktəbin anbarından yüklənərək kənara çıxarılması prosesini əks etdirən videokadrlardakı görüntülər çox düşündürücüdür.
Beləliklə, sağlamlıq imkanları məhdud uşaqlara dövlətin göstərdiyi qayğı 3 saylı xüsusi təhsil məktəbində alver predmetinə çevrilib. Təhsil adına və dövlətin bu sahəyə olan qayğısına ləkə sayılan bu əməlləri əlaqədar qurumlar nədənsə görmürlər.
P.S. Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.
Paralel.az