İnternet asılılığı - inkişafmı, faciəmi?
Gələcəyinizi və uşaqlarınızı qoruyun
Müasir dünyamız sürətlə inkişaf edir, müxtəlif texonlogiyalar kəşf olunur. Onların istehsalatın və hətta həyatımızın bütün sahələrinə tətbiqi isə insanlarda müəyyən dərəcədə həmin texnologiyalardan asılılıq yaradır. Bu da bir sıra elm adamlarını, ələlxüsus da tibb səhəsində çalışınları əndişələndirir. Sirr deyil ki, aşırı texnoloji inkişaf bəşəriyyətin özü üçün belə, müəyyən təhdidlər yaradır. Təbii mühit bir növ texnologiyaların təsiri altına düşür. Təbiətin özü bu prosesin qarşısını almaq iqtidarında deyil və bu gün dünyada ən aktual problemlərdən biri də, yer kürəsində ekoloji tarazlığın qorunması və bərpasıdır. Ekoloji tarazlığın pozulması, texnologiyaların həyatımıza aşırı təsiri isə bizim sağlamlığımıza da öz mənfi təsirini göstərir.
Burada isə əsas yeri İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) tutur, desək yanılmarıq. Bununla belə, hazırda dünyanın hər yerində İKT-nin daha da inkişafına xüsusi diqqət edilir. Bu sahədə öndə olan və hamı üçün əlçatan vasitələrdən biri mobil telefondursa, digəri də internetdən istifadənin geniş təbliğ olunmasıdır.
Azərbaycan da bu sahədə digərlərindən geridə qalmamağa çalışır. Əgər biz mobil şəbəkə operatorlarının məlumatlarını araşdırsaq, belə bir faktla üzləşəcəyik ki, 10 milyon əhalisi olan Azərbaycanda, ən azı 5 milyon mobil telefon və internet istifadəçisi var. Bu səbəbdən də yaddan çıxarmamalıyıq ki, həmin telefon istifadəçilərinin telefonlarından eyni zamanda, həm də onların yeniyetmə və azyaşlı uşaqları da istifadə edir.
Son illər apardığım müşahidələrə söykənərək deyə bilərəm ki, mobil telefondan və internetdən yeniyetmələr və azyaşlı uşaqlar daha çox istifadə edir, nəinki böyüklər. Bu da istər-istəməz insanları, ələlxüsus da valideynləri müasir texnoloji inkişafın yeniyetmələrin və azyaşlıların sağlamlıqlarına təsiri barədə düşünməyə vadar edir. Çünki yeniyetmələri və azyaşlıları telefon və internet asılılığından qurtarmaq get-gedə daha da çətinləşir. Bir çox hallarda isə valideynlər onların hansı oyunları oynadıqlarının, hansı proqramlardan istifadə etdiklərinin belə, fərqində olmurlar. Bu da öz növbəsində uşaqların telefondan və internetdən asılılığının daha da artmasına səbəb olur.
3-5 yaşındakı körpə fidanların müxtəlif oyuncaqlarla, kuklalarla oynamaq əvəzinə, saatlarla telefondan asılı vəziyyətdə qalmaları, istər-istəməz onların sağlamlığına da təsirsiz ötüşmür.
Bu səbəbdən də 3-5 yaş arası körpələrin gün ərzində hissə-hissə 2-3 saatdan artıq telefonla vaxt keçirmələrini məhdudlaşdırmaq lazımdır. Amma bu, heç bir halda qadağa şəklində olmamalıdır. Uşaqların gündəlik rejimini elə formalaşdırmaq lazımdır ki, uşaq birdəfəlik anlasın ki, telefon heç də asudə vaxtın səmərəli keçirməyin ən yaxşı üsulu deyil. 3-5 yaşındakı uşaqlar həddən ziyadə aktiv olduqlarından onların açıq havada, yaxud evdə daha aktiv oyunlara cəlb etməklə telefon asılılığını nisbətən də olsa azaltmaq olar. Bu, həm də onların fiziki inkişafı və sağlamlığı baxımından faydalı seçim olardı. Burada əsas məsuliyyət yenə də valideynlərin üzərinə düşür. Əgər valideynlər uşaqların bütün sorğularına əlində telefon cavab verirlərsə, yaxud uşaq çöldə-bayırda oynamağa icazə istədikdə onun əlinə telefon verib, "get, evdə oyna", deyirsə, demək ki, bu ailədə artıq hamı "internet asılılığı" xəstəliyinə mübtəla olub. Yəni müasir dövrümüzün ən çox yayılan xəstəliklərindən biri də, məhz internet asılılığıdır. Təxminən 20-25 il əvvəl bu xəstəlik həyatımıza "serialomaniya" kimi daxil olmuşdursa, indi internet asılılığı kimi daha geniş kütlələri əhatə etməkdədir. Çünki "serialomaniya" xəstəliyinə əsasən işsizlər və evdar qadınlar yoluxurdularsa, internet asılılığı, artıq cəmiyyətin bütün üzvləri üçün təhlükəli xarakter alıb.
Tanınmış həkim-nervopatoloq Qalib Əsədov da mediaya açıqlamasında bu faktı təsdiqləyərək qeyd edir ki, internet asılılığı daha çox göz yorğunluğu, bel və baş ağrıları, stress və kürək ağrıları, «Facebook» depresiyası kimi xəstəliklərə yol açır. Bundan əlavə internet asılılığı olan yeniyetmələr və azyaşlı uşaqlar həm də uzun müddət kompüter və telefonla baş-başa qaldıqlarından başqaları ilə ünsiyyət qurmaqdan çəkinir, bir çox hallarda isə aşırı aqressiya nümayiş etdirirlər. İnternet asılılığından əziyyət çəkən məktəblilər isə həm də dərslərin öyrənilməsində çətinlik çəkirlər. Ümumiyyətlə, beyinləri internet informasiyaları ilə yüklənən uşaqlar belə hesab edirlər ki, onlar məktəbdə öyrədilənlərdən daha çox şey bilirlər və oxumaq onlar üçün maraqlı deyil.
Psixoloq Nuranə İsgəndərova da hesab edir ki, uşaqların asudə vaxtları düzgün planlanmadıqda onlar texnologiyalara (kompüter, mobil telefon, planşet, bir sözlə, internetin mövcud olduğu bütün məkanlara) meyl edirlər: "Valideynlər uşaqların asudə vaxtlarını düzgün planlamalıdırlar ki, onlar telefondan və kompüterdən asılı vəziyyətə düşməsinlər".
Son illər ən çox müşahidə olunan mənfi hallardan biri də odur ki, bir çox valideynlərin özləri də internet asılılığı xəstəliyinə düçar olduqlarından, ümumiyyətlə uşaqların davranışlarına nəzarət edə bilmirlər.
Digər bir səbəb, həm də ölkəmizdə bir çox ailələrin sosial durumunun aşağı olmasıdır. Valideynlər bütün vaxtlarını evə çörək pulu qazanmağa sərf etdiklərindən, uşaqlarına lazım olduğu qədər vaxt ayıra bilmirlər. Həmçinin valideyn hiss edir, görür ki, övladı artıq internet asılılığına düçar olub, ancaq ona yardım etmək imkanında deyil. Buna görə də, qadağalar yolu ilə uşağını bu asılılıqdan qurtarmağa çalışır. Bu da uşağın stress, depressiya keçirməsiylə müşaiət olunan özünü başqalarından təcrid etmə, özünə qapanma ilə nəticələnir ki, bu da sonradan hətta ciddi faciələrə belə, səbəb ola bilir.
Bu məqamda bir faktı da diqqətinizə çatdırmağı vacib bilirəm ki, belə hallarda uşaqlara psixoloji yardım göstərə biləcək qurumlar Azərbaycanda yox səviyyəsindədir. Olanların da xidmət haqqı o qədər yüksəkdir ki, imkansız ailələrin onlara əli çatmır. İnsanlara təmənnasız psixoloji yardım göstərən qurumlar, yaxud pisixoloqlar yoxdur, bu məmləkətdə, hər kəs ancaq özünü düşünür. Dövlət ən azından belə qurumların yaradılmasına, yaxud da bu istiqamətdə fəaliyyət göstərən Qeyri-Hökumət Təşkilatlarına (QHT) ciddi dəstək verməlidir ki, insanlar yaranmış vəziyyətdən çıxış yolu tapa bilsinlər. Azərbaycanda psixoloji xidmətə münasibət də birmənalı deyil. Bəlkə də, məhz bu səbəbdən psixoloqlar öz xidmətlərini insanlara təklif etməkdən çəkinirlər. Bir çox insanlar hesab edirlər ki, əgər onlar psixoloqlara müraciət etsələr, ətrafdakılar onlara dəli kimi baxacaqlar. Amma bu gün inkişaf etmiş dünya dövlətlərində hətta, ailə psixoloqları institutu formalaşıb artıq. Çünki internetin yaratdığı imkanlar səbəbindən insanlar gün ərzində onlara lazım olduğundan qat-qat artıq informasiya qəbul edirlər ki, bu da son nəticədə onlarda stress, depressiya kimi halların artmasına səbəb olub. Bu halda isə insana yalnız peşəkar psixoloqlar yardım edə bilir.
Məsələn, nə üçün insanlar sivilizasiyadan, internetdən, telefondan və s. texnoloji proseslərdən və yeniliklərdən uzaqda, kənddə, dağlarda bizim düçar olduğumuz xəstəliklərdən şikayətçi deyillər və onların heç bir psixoloqa da ehtiyacları olmur? Çünki o insanlar aşırı informasiyadan uzaqdırlar. Artıq bir sıra alimlər də sübut edirlər ki, dünyada internetə çıxışı olan hər bir insan gün ərzində ona lazım olduğundan 10 dəfə artıq informasiyanı öz beynində təhlil etmək zorundadır ki, bu da insanların təkcə fiziki sağlamlığına yox, həm də pisixikasına ciddi təsir göstərir.
Son olaraq onu da qeyd edim ki, bugünkü texnoloji inkişaf 10-20 ildən sonra daha fərqli bir formada olacaq və o dövrün uşaqları da indikilər-dən çox fərqlənəcəklər. Bu səbəbdən də yaponlar artıq 3 yaşından uşaqlarını kompüter texnologiyaları ilə tanış edirlər. Eyni zamanda bu da danılmaz faktdır ki, Yaponiya uzun ömürlü insanların sayına görə dünyada ilk yerlərdən birini tutur.
Onda sual olunur, internet inkişafdır, yoxsa faciəyə gedən yolun başlanğıcı?
Burada dahi Nizaminin bir aforizmi yadam düşür: "Bir həyat mənbəyi olsa da suda, Artıq içiləndə dərd verir o da".
Bütün bunlar son nəticə olaraq onu deməyə əsas verir ki, hər şey öz həddində yaxşıdır. Dinimiz də israfçılığı qəbul etmir. İnsan hətta yemək-içməyində belə, israfçılığa yol verməməlidir.
Əgər biz gələcəyimiz olan uşaqlarımızı qorumaq istəyiriksə, onların həyat ritmini düzgün qurmağı bacarmalıyıq. Əks-təqdirdə, inkişafın özünü də faciəyə çevirmiş olarıq. Özünüzü və gələcəyinizi qoruyun ki, Allah da sizi qorusun!
Yusif Seyid