İmişlidə nə baş verir?

İmişlidə nə baş verir?
 



Bəlli olduğu kimi, Elçin Rzayev İmişli Rayon İcra Hakimiyyətinin başçısı təyinatına qədər bir sıra dövlət vəzifələrində, o cümlədən Əmlak Məsələləri Dövlət Komitəsində dövlət müəssisələri və əmlakın idarə edilməsi şöbəsinin müdiri vəzifəsində çalışıb. Yəni Elçin Rzayev icra başçısı vəzifəsinə təyin olunana qədər bir çox vəzifələri daşıdığından, müəyyən idarəçilik təcrübəsinə malik bir şəxsdir. Bu zaman ortaya belə bir sual çıxır ki, görəsən, İmişli RİH başçısı bu gün ölkə rəhbərinin etimadını doğruldurmu? İcra başçısı ilk aylarda özünü ictimaiyyətə işgüzar vəzifə sahibi kimi təqdim etsə də, aylar keçdikcə bu şəxsin niyyəti əksəriyyətə bəlli oldu.
Paralel.az xeberfakt.az-a istinadla bu barədəki materialı təqdim edir.
Məlumata görə, Elçin Rzayev İmişli RİH başçısı vəzifəsinin icrasına başladıqdan az sonra, doğma qardaşı Şamil Rzayevi özünə köməkçi, bacısı oğlu Hafizi isə sürücü vəzifəsinə təyin edib. Düzdür, bu gün köməkçi vəzifəsini Vəliyev Vüqar Telman oğlu adlı şəxs daşısa da, əldə etdiyimiz bəzi məlumatlara görə, Şamil Rzayev yenə də qeyri-qanuni şəkildə köməkçi vəzifəsini yerinə yetirməklə məşğul olur. Dolaşan söz-söhbətə görə, Elçin Rzayevin qardaşı Şamil Rzayev İmişlidə müstəsna səlahiyyətə malik olan “toxunulmaz şəxs” hesab olunur. Bu səbəbdən də o, yerli sakinlərə qan uddurur, hətta vəzifə səlahiyyətlərini aşmaqla, maxinasiyalarla da məşğul olur. Bu kimi səbəblər üzündəndir ki, yeni icra başçısı həbsdə olan icra başçısı Vilyam Hacıyevin dünyadan köçənlərinə rəhmət oxutdurur. Bütün bunların kökündə Elçin Rzayevin öz yaxınlarına, qohum-əqrəbalarına, bir sözlə, ona bağlı olan hər kəsə daim “yaşıl işıq” yandırması dayanır.
Elçin Rzayevin “qaranlıq əməlləri” heç də bunlarla yekunlaşmır. Məsələn, icra başçısı bir müddət bundan əvvəl Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə ittiham olunmuş, hal-hazırda ayağında “bilərzik” (elektron nəzarət vasitəsi) gəzdirdiyi bildirilən Səmədov Sahib Mehralı oğlunu, İmişli Kommunal Müəssisələr Birliyinə rəhbər təyin edir. Bu cür təyinat İmişli sakinlərini şoka salıb. Buna da əsas səbəb Elçin Rzayevin verdiyi anormal qərarlardır. Deməli, RİH başçısını Sahib Səmədovla birləşdirən müəyyən tellər var ki, rayon rəhbərliyi dələduzluq maddəsi ilə cinayət əməli törətmiş şəxsi belə bir strateji vəzifəyə təyin edir. Müəyyən çevrələrdə belə bir söz-söhbət də dolaşır ki, Elçin Rzayevin başlıca amalı rüşvət faktoru üzərində yoğrulub. Ona görə də o, lazımi məbləğdə qazanc əldə etmək üçün hər cür qərar verir. Bundan əlavə, RİH başçısı vaxtilə İmişli Rayon Məşğulluq Mərkəzində direktor vəzifəsində çalışmış və korrupsiya əməllərinə qol qoyduğuna görə barəsində cinayət işi açılmış Elxan Rüstəmlini İmişli Şəhər İcra Nümayəndəsinin müavini vəzifəsinə təyin edib. Görəsən, İmişli icra başçısının ayrı-ayrı motivlər üzrə cinayət əməlləri törətmiş şəxsləri mühüm vəzifələrə təyin etməkdə məqsədi nədir? Məgər o, bu rayonun ərazisində keçmiş həyatı təmiz olan, iş fəaliyyəti hər kəs tərəfindən qəbul olunan, savadlı, bacarıqlı kadr tapmır ki, müxtəlif motivlər üzrə cinayət əməlləri törətmiş şəxsləri mühüm vəzifələrə təyin edir?
 Bu gün İmişlidə nələr baş verir? Baş verənlər odur ki, Elçin Rzayevin icra başçısı olduğu ilk aylardan İmişlinin ərazisində anarxiya, xaos, hər cür əyintilər mövcud olmaqdadır.Rayon ərazisində mühüm vəzifələrə öz adamlarını yerləşdirən icra başçısı hazırda bu rayonda analoqu olmayan idarəçilik həyata keçirməkdədir. Bu cür idarəçiliyin arxasında daha çox rüşvət əldə etmək, maddi maraqların təmin olunmasını həyata keçirmək durur. Belə səbəblər üzündəndir ki, İmişlidə sosial problemlər aşıb-daşır.

Elçin Rzayevin yarıtmaz idarəçiliyinin mahiyyətindən, media üzərindəki müəyyən araşdırmalardan, məlumatlardan və s. bəlli olur ki, İmişli RİH başçısı iş fəaliyyəti ləkəli olan şəxsləri daha çox önə çəkməklə məşğul olur.
Bundan əlavə, icra başçısı indiyə kimi abadlıq və quruculuq işləri adı altında dövlətdən ayrılan külli miqdarda vəsaitləri də mənimsəyib. Bu şəxsdən soruşmaq lazımdır ki, hansı səbəbdən rayondakı Şəhidlər Xiyabanı sahibkarlardan əldə olunan vəsaitlər hesabına qaydaya salınır? Bəs bu məqsədlər üçün ayrılan vəsaitlər hara gedir?
Bütün bunlar onu göstərir ki, icra başçısı Elçin Rzayev ölkə rəhbərinin etimadını heç də doğrultmur və bu cür addımlar adıçəkilən şəxsin niyyət və məqsədlərinin nələrdən ibarət olduğunu ortaya qoyur. Bəzi məlumatlara görə, bu şəxs özünü orda-burda prezidentin köməkçisi - prezident Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənovun yaxın qohumu olaraq təqdim edir və dövriyyəyə bu yöndə bəzi informasiyalar buraxır.
Materialda adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.
Paralel.az

0.013530969619751