İcra nümayəndəsi özünü “Bağdadda xəlifə” hesab edir

İcra nümayəndəsi özünü “Bağdadda xəlifə” hesab edir
 



Yerli məmurlarla bağlı bölgələrdən şikayətlər davam edir. Paralel. az Ayna-ya istinadla bu barədə xəbər verir.
Yardımlı rayonu Odurağaran kənd sakinlərinin sözlərinə görə, kəndin içindən keçən əsas yol uçub və insanlar maşınla gediş-gəlişdə çətinlik çəkirlər.
Ot biçininin başlaması ilə ağır tonlu yük maşınlarının bu yoldan keçməsi imkansızdır. Bu da sakinlərin rahat hərəkət imkanlarını məhdudlaşdırır.
Problemlə bağlı Yardımlı Rayon İcra Hakimiyyəti başçısının Odurağaran kənd üzrə icra nümayəndəsi Qurban Mənsimov deyib ki, yola baxış keçirilib və yaxın günlərdə bərpa işlərinə başlanacaq. O fikrini belə ifadə edib: “Yol uçub, cəhənnəmə uçub. Gedib baxmışıq. Yağış nəticəsində yer sürüşməsi olub. İndi siz prokurorluqsunuz, məhkəməsiniz, polissiniz, nəsiniz?! Niyə soruşursunuz?! İcra hakimiyyəti nümyəndələri, yol idarəsi, ərazi nümayəndəsi, bələdiyyə sədri baxıb, yol da bərpa olunur”.
İcra nümayəndəsinin sakinlərin şikayətinə reaksiyası da fərqli olmayıb: “Çox səhv edib o sakin, başını da divara vurub! Sakinin deməyi ilə biz elə də çox şey edirik. Dedim ki, imkan olarsa, edirik. Hava yağışlıdır, indi tərpənməyə imkan yoxdur”.
Məmurun vətəndaşa və mətbuata qarşı bu cür davranışını şərh edən media hüququ üzrə ekspert Ələsgər Əhmədoğlunun sözlərinə görə, bu yanaşma hüquqa ziddir və jurnalistin informasiya almaq hüququnu məhdudlaşdırmaqdır: “Həm rəsmi dövlət qurumları, həm yerli özünüidarəetmə qurumları, eyni zamanda, ictimai-siyasi təşkilatlar, partiyalar jurnalistlərin istər yazılı, istərsə də şifahi suallarına cavab vermək öhdəliyi daşıyırlar. İstənilən halda, “siz niyə zəng etmisiniz?” yanaşması yanlışdır və hüquqa ziddir.
KİV azadlığına Konstitusiyanın 50-ci maddəsi təminat verir və bütün rəsmi qurumların KİV-lərin, jurnalistlərin istənilən qanuni sorğusuna cavab vermək öhdəliyi var. Bu baxımdan, bu situasiyada həmin şəxs qanuna zidd hərəkət edib. Jurnalistin qanuni informasiya almaq hüququna məhdudiyyət qoymağa cəhd edib. Bu da ona inzibati məsuliyyət yaradır”.
Paralel.az

0.018704891204834