İş adamlarına maneə...

İş adamlarına maneə...
 



Ölkədə iş adamlarına qarşı olan maneələr barədə vaxtaşırı məlumatlar səsləndirilir. Paralel.az  anaxeber.info-ya istinadla növbəti məlumatı təqdim edir.
Məlumata görə,  sahibkarlar xeyli vaxtdır ki, Qida Təhlükəsizliyi Agentliyinin onlara yaratdığı süni əngəllər haqda prezident İlham Əliyevə müraciətlər ünvanlayırlar. Lakin ardıcıl edilən müraciətlərə müsbət reaksiya verilmir. Onların səsi lazımi ünvana çatdırılmır, agentlik və onun oliqarx sədri, Slovakiyada biznesi üzə çıxmış, barəsində müxtəlif ittihamlar səslənmiş Qoşqar Təhməzli pomidor ixracında qərəzli şəkildə maneələr təşkil edir. Sahibkarların məktubunda qeyd olunur ki, Rusiyanı bəhanə edərək ölkə ərazisindən pomidor ixracına süni maneələr yaradılır. Onların sözlərinə görə, əslində, Rusiya faktoru bəhanədir. İş adamlarının dediyinə görə, dəfələrlə Qida Təhlükəsizliyi Agentliyinə müraciət etsələr də, Rusiyanın pomidor ixracına qoyduğu qadağanı ləğv etdiyini bildirsələr də, Agentlik onlara pomidor ixracına yenə problem yaradır. Göstərilən əsas fakt ondan ibarətdir ki, kvota məsələsini bəhanə edərək icazəsi olan istixanalara belə fito sertifikat verilməsini məhdudlaşdırırlar.
 "Azfrut Promo" MMC istixanasından pomidor limitsiz ixrac edilir. Sahibkarlar soruşurlar ki, başqa istixanalardan vaqon üçün daxili fito sertifikat alınarkən maneələr olduğu halda, nə üçün "Azfrut Promo" MMC-yə bu maneə tətbiq olunmur? İş adamlarının dediyinə görə, həmin istixana Qida Təhlükəsizliyi Agentliyinin himayəsindədir. Yəni sədr Qoşqar Təhməzlinin biznesinə daxildir və bu məmur konkret inhisarçılıq edir. Çünki gün ərzində ölkə ərazisindən ixrac edilən pomidor məhsulunun 60 faizi "Azfrut Promo" MMC-nin payına düşür. Bundan əlavə, deyilir ki, sözügedən qurumun bəzi regionlarda laboratoriya qıtlığı və ixraca maneə yaratması səbəbləri araşdırılmalıdır. Çünki həmin laboratoriya nümunələrinin Bakıda müayinədən keçirilməsi sahibkarı bir-iki sutka geriyə salır. Bu da böyük zərər deməkdir.
Prezidentə üz tutan sahibkarlar yardım istəyirlər. Onlar deyirlər ki, ölkədən ixrac edilən pomidor məhsulunun bu cür inhisar altına alınması yolverilməzdir və qarşısı alınmalıdır.
Paralel.az 

0.016692876815796