Mənəviyyata möhtacıq - professor İdris Abbasov
Professor İdris Abbasov AMEA-dan yazır:
On illərlə kağız israf edib dövlətin milyardlarını havaya səpməklə aldığımız elmi dərəcə və adlar ölkəmizə ziyandan başqa nə verib ki? Məgər onlar olmasaydı, indikindən geridə qalacaqdıq? Halbuki yüksək mənəviyyatla dünyanı heyran edən nümunəvi rifah cəmiyyəti qura bilərdik. Məhz həmin cəmiyyəti elmsiz təsəvvür etmək olmazdı...
Mahiyyəti müftə pul mənimsəməkdən ibarət mənəviyyatsız və vicdansız cəmiyyətlərdə həqiqi elm yoxdur və ola bilməz. Elmin fəzilətlərindən isə istədiyin qədər danışa, çıxış edə, gözə kül üfürə bilərsən.
Akademiyanın prezidenti vəzifəsini icra edən, akademik Arif Həşimov akademiyanın Humanitar və İctimai Elmlər bölmələrinin həqiqi və müxbir üzvləri ilə görüş keçirib. İnsan iradəsinə bağlı tədbirləri Allahın iradəsinə bağlamaqla canını qurtaran, məsuliyyətdən və gərginlikdən uzaq duran, yüksək maaş, təqaüd və rahat həyat şəraitini əldə saxlamaq üçün (təki mən salim olum, başqaları batsa da, batsın) əlindən gələni edən 76 yaşlı vəzifə əvəzçisi və onun tərifə qurşanmış akademik analoqları möhtəşəm işlər gördüklərini iddia ediblər.
Onlar sanırlar ki, belə təbliğatlarla dövlətdən daha çox pul-para qoparıb səkanətə daldıqları qurumda ömürlərinə ömür qatacaqlar.
Ünlü akademiklər - İsa Həbibbəyli, Gövhər Baxşəliyeva, Nailə Vəlixanlı, Teymur Kərimli və digərləri çıxış edərək təbliğ və təkliflərlə qurumu dirildəcəklərini, bunun üçün fərdi və kollektiv təbliğata girişilməsini, avadanlıqlar-filan alınmasını, humanitar sahədə müştərək laboratoriyaların yaradılmasını (bəh-bəh!) və s. deyiblər. İllərdir, eyni hava. Sözlə əməlin sərt təzadı. Tərif, tərif, tərif... gözə kül üfürmələr... Köhnə hamam, köhnə tas.
Akademiyada mənimsənilən yüz minlərlə, milyonlarla dövlət vəsaitinin taleyinə biganə qalan, əyri yollarla nəsil-nəcabətlərinə gün ağlayan, xalqa və dövlətə nifrət bəsləyən, 2-3, 3-5 vəzifəni qamarlayıb həmvətənlərinə kin bəsləyən, açıq elmi polemikaya savadı çatmayan, kəmiyyətə qurban deyilən saxta əsərlərlə dövləti və xalqı aldadan, pul qoparmaqla, cibə girməklə var üstünə var gətirən alim-akademiklərə meydan verildikcə gələcəyimizin qapqaranlıq labirintlərə salınması şübhəsizdir.
Sual: Möhtərəm akademiklər, xeyir ola, niyə belə əl-ayağa düşmüşünüz? Qorxursunuz ki, akademiya ləğv olunar? Nədən qorxursunuz? Bəlkə millətin ac-yalavac balalarının dərdini çəkirsiniz? Yoxsa gördüyü işə, çəkdiyi zəhmətə heyranlığınızı gizlədə bilməyib paxıllıq etdiyiniz, maddi sıxıntılara, təzyiq və təhdidlərə məruz qoyduğunuz həmkarınızın çətin durumunu düşünürsünüz? Təbii ki, yox! Siz pul, sərvət yığmaqdan, vəzifədən, talamaqdan, əlavə mülkə sahib olmaqdan, nəsil-nəcabətinizi diplomlaşdırıb xalqın üstünə salmaqdan doymursunuz.
Çoxunuz da ki, maşallah, ölkə elmini, mədəniyyətini və mənəviyyatını “ağ gün”ə çıxarmış pensionerlərsiniz. Fəqət pensiyaya da çıxıb yazıq duruma saldığınız gənclərə yol vermirsiniz. Sanki sona qədər xaraba qoymağı qarşınıza məqsəd qoymusunuz. Rektor da sizsiniz, direktor da, prorektor da, dekan da, kafedra müdiri də, hətta müəllim də, laborant da.
Dürüst bir yetim Azərbaycan vətəndaşını yaxına buraxmırsınız. Belə cahil alimlərlə ölkə inkişaf edərmi, həqiqi milli bilrik, vətəndaş həmrəyliyi yaranarmı? İnkişaf reməz və yaranmaz, əlbəttə. Akademiya institutları inhisarda, universitetlər inhisarda, nə bilim, texnikumlar, kolleclər, liseylər, bir sözlə, elm və təhsil müəssisələri inhisarda. Nə istəyirsiniz?
Bəsdir, nadürüstlük edib vətəndaşları pərən-pərən salmaqla millətin nəşi üzərində özünüzə siyasi əyləncə qurduğunuz. Ayıb olsun! Sözünüzlə əməlinizin ziddiyyətindən utanın!
Akademiyanın ləğvindən niyə narahat olursunuz. Sizin ki yığdıqlarınız nəvə-nəticələrinizə bəsdir.
Qoyun, sizin üzünüzdən haqqı tapdalanmışlar, sizin uzun illər görə bilmədiyiniz işləri görənlər, himayəsində azyaşlı uşaqları olub zülm çəkənlər, kirayələrdə ömür çürüdən ləyaqətli vətəndaşlar, yeganə iş yerləri akademiya olub cüzi maaşa baxanlar, alıb-aldatmayanlar narahat olsunlar. Siz niyə əl-ayağa düşmüşünüz? Vallahi, billahi, tallahi, lap belə, Əbi-l-Fəzl-Abbas haqqı, magistratura pilləsini bitirmiş savadlı bir magistr, yaxud bir fəlsəfə doktoru sizdən çox-çox savadlı, məhsuldar və funksionaldır. Elələrini gözüm-çıxdıya salıb didərgin salıbsınız.
İndi də iclas keçirirsiniz. Elə isə, o iclaslarda dövlətə vurulan milyardlarla ziyandan niyə danışmırsınız? Əlbəttə, diqqəti yarım milyonluq, bir milyonluq mlüklərdən yayındırmaq üçün “elm” iclasları qarışıq vaxtlarda effekt verə bilər. Vay, vay...Bu yönlə, bu üsulla, bu müstəqbih davranışla ölkəni yalnız məhvə sürükləmək olar. Əvəzçi demişkən, ümidimiz bir Allaha qalıb!
PS. “Həqiqi mənəviyyatı milyonlara, milyardlara da almaq mümkün deyildir. Amma milyonları, milyardları olan mənəviyyatsız adamlar cəmiyyətdə heç bir şeydirlər”-
Heydər Əliyev