Arzu Rəhimovun kadrından ilginc iddialar…

Arzu Rəhimovun kadrından ilginc iddialar…
 

Məlum olduğu kimi, Facebook istifadəçisi Seymur Ağayev öz profilində Masallı rayonu hərbi komissarının şəklini və haqqında ilginc iddialar paylaşıb.

Paralel.az xəbər verir ki, S. Ağayev fb səhifəsində yazır: “Vəli Rzayev, Masallı rayon hərbi komissarıdır. Haqqında müxtəlif iddialar, şikayətlər olmasına baxmayaraq, o, vəzifədədir və hələ də məsuliyyətə cəlb edilməyib. Bu şikayətlərin əksəriyyəti də Türkiyədə təhsil alan, Masallı sakinlərindəndir.

Belə ki, tələbələr universitetdə təhsil aldığı ilə bağlı rəsmi sənədləri komissarlığa təqdim etsə də, Vəli Rzayev müxtəlif bəhanələrlə kağızları qəbul etmir. Fiziki problemli və hərbi xidmətə yararsız olan, yüzlərlə gənc Vəli Rzayevin "uzaqgörənliyi" ucbatından məcburi şəkildə hərbi xidmətə aparılır. Məsul şəxslərə sual vermək istəyirəm. Bu qədərmi çətindir bu adama həddini bildirmək? Yerli icra orqanları, Müdafiə Nazirliyi və.s hara baxır? Bu və bənzər insanlar əhalini dövlətdən və qanunun aliliyindən soyudur! Masallıda dərhal tədbirlər görülməlidir”.

Paylaşılan postdan aydın olur ki, Masallının hərbi komissarı Vəli Rzayev Masallı camaatını dövlətdən narazı salır. Vəli Rzayev barəsində tonlarla, qalaq-qalaq şikayətlər olmasına baxmayaraq, ona “gözün üstə qaşın var” deyən yoxdur.
Vəli Rzayev barəsində mətbu orqanlarda dəfələrlə şikayət dərc edilib. Onun bir gözü görməyən vətəndaşı sağlam adı ilə orduya göndərməsi barədə mediada çox yazılıb. Görəsən bunu dövlət orqanları oxumur, görmür?

Masallı rayon, Ərkivan qəsəbə sakini, Ağazadə Gündüz Çingiz oğlu 2019-cu ilin oktyabr ayında hərbi xidmətə çağrılıb. Hər kəsə məlumdur ki, hərbi xidmətə çağrılan qulluqçular, öncə tibbi müayinədən keçməli və əgər sağlamlıqlarında bir problem yoxdursa, hərbi xidmətə yararlı hesab olunmalıdırlar. Təəssüf ki, Gündüzün məsələsində hər şey əksinə olub. Belə ki, vətəndaş müayinədən keçdikdən sonra onun sağ gözünün 0.01 % gördüyü məlum olub. Gündüzün gözündəki problem sonradan olmayıb, anadangəlmədir. Yəni bunun bir müalicəsi yoxdur.

Həkimlər özü də təsdiq edir ki, çağırışçının gözü 1 faiz görmür, amma rəsmi sənəd vermirlər, rüşvət istəyirlər. Bu çağırışçı vaxtilə Rusiyanın ən nüfuzlu dövlət xəstəxanalarında müayinə olunub, əlində rəsmi sənədlər var. Masallının “voyenkomu” Vəli Rzayev deyir ki, pulunu ver, təsdiq edim. Hətta Vəli Rzayev vətəndaşa deyir ki, get hara istəyirsən şikayət elə.

Eyni zamanda, bu məsələ ilə bağlı vətəndaş Prezident İlham Əliyevə, Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya və müdafiə naziri Zakir Həsənova dəfələrlə rəsmi müraciət etsə də hamısı cavabsız qalıb. Vətəndaş tələb edir ki, bu işdə günahkar olan, vəzifəsini düzgün icra etməyən Masallı rayonu hərbi komissarı Vəli Rzayev və digər şəxslər cəzalandırılsın.

Bu şikayətdən Vəli Rzayevin necə məmur olduğu bəlli olur.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə dövlət xidmətinin rəisi general-polkovnik Arzu Rəhimov Masallının hərbi komissarı Vəli Rzayev barəsində bir tədbir qıla bilmirmi?!
Bu qədər qanunsuzluqla məşğul olan Vəli Rzayevi vəzifəsindən azad etmək məgər çətin işdir?! Belə məmurları vəzifədən azad etmək yox, həbs eləmək lazımdır ki, xalqı əzən digər yaramaz məmurlara görk olsun.

0.058274984359741