İcra başçısının 14 il işsiz qoyduğu müəllimə Prezidentə müraciət etdi - Şikayət -VİDEO
Çox hörmətli cənab Prezident!
Mən Bayramova Vəzifə Əmiraslan qızı Xocavənd rayon Muğanli kənd sakini və 18 il pedaqoji staja malik ali təhsilli müəlliməyəm. Sizə bildirirəm ki, Xocavənd rayon icra hakimiyyətinin başçısı Eyvaz Hüseynovun təqibi nəticəsində, heç bir əsas olmadan, düz 14 ildir qanunsuz olaraq işdən azad olunmuşam. İş yerimə bərpa olunmaq üçün bütün qanuni yollar icra başçısı tərəfindən ələ alındığına görə, Sizə müraciət etməyə məcbur olmuşam, cənab Prezident!
Çox hörmətli Cənab Prezident!
Azərbaycan dövlətinin müstəqilliyi, dinamik inkişafi üçün apardiğiniz uğurlu daxili və xarici siyasəti daim müdafiə edirəm və ölkə vətəndaşları kimi mən də sizin fəaliyyətinizi yüksək qiymətləndirirəm.
Dogma yurdundan didərgin düşmüş köçkünlərə göstərdiyiniz atalıq qayğısı hamı kimi mən və ailə üzvlərimiz tərəfindən rəğbətlə qarşılanır.
30 il erməni işğalı altında qalmış torpaqlarımızı azad etdiyiniz üçün müzəffər Ali Baş Komandan olaraq Sizə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm.
Hörmətli cənab prezident!
Əfsuslar olsun ki, Sizin rəhbərliyiniz altında vicdanla çalışan məmurlarla yanaşı, xalqa xor baxan, tutduğu vəzifənin imkanından dövlət və xalq üçün deyil, öz maraqları üçün istifadə edənlər də var. Belə məmurlardan biri də Xocavənd rayon icra hakimiyyətinin başçısı Eyvaz Hüseynovdur. O, ətrafına topladığı rüşvətxor və korrupsioner məmurlarla öz maraqları naminə Sizin xalqın rifahını yaxşılaşdırmaq üçün həyata keçirdiyiniz uğurlu siyasətə kölgə salmaqla məşğuldur. Eyvaz Hüseynov o qədər çılız yol tutub ki, rəhbərə yaraşmayan intiriqalarla məşğuldur. Hətta işimə vicdanla yanaşan, pedaqoji təcrübəyə malik müəllimə olduğum halda, 14 ildir məni işsiz qoyub və peşəm üzrə işləməkdən məhrum edib.
Hörmətli cənab Prezident!
On dörd ildən çox Xocavənd rayon icra hakimiyyətinin başçısı kreslosunda əyləşən Eyvaz Hüseyinov və yaxın qohumu, rayon Təhsil Şöbəsinin sabiq müdiri Şəfahət Yusifovun amansız repressiyasına məruz qalmış ziyalı olaraq Sizə həyəcan və təşvişlə müraciət edirəm. Xahiş edirəm, icra başçısı tərəfindən pozulmuş əmək hüququmun bərpa olunması, müəllim kimi öz işimə qayıtmağım üçün mənə kömək edəsiniz. Çünki qüvvədə olan Seçki Məcəlləsinə zidd olaraq, mən YAP tərəfindən seçki komissiyasına üzv cəlb olunduğum zaman Eyvaz Hüseynov öz dostunun qızını mənim yerimə məktəbə işə qəbul etdirmiş və seçkilər bitəndən sonra mənə orta məktəbdə müəllim kimi fəaliyyət göstərmək haqqımdan məhrum etmişdir. Bu günə qədər icra başçısı tərəfindən başıma gətirilən haqsızlıqlar, təqib və təhdidlər rayonda çoxlarının başına gətirilib. Eyvaz Hüseynov tərəfindən təqib olunub işsiz qalmağımın səbəbini hələ də mənə bəlli deyil. Prezident seçkilərində ölkə Prezidentini dəstəkləyən komissiya üzvünün İcra başçısı tərəfindən təziqlərə məruz qaldığını heç düşünməmiş və görməmişdim, amma bunu Eyvaz Hüseynovdan gördüm. Eyvaz Hüseynov rayonda yaratdığı məmur özbaşınalığı hər kəsi dəhşətə gətirir. İcra başçısının yaxın qohumu, Təhsil Şöbəsinin sabiq müdiri Şəfahət Yusifovun "qanun biz deyəndir" ifadəsini hər dəfə dilinə gətirməsi icra başçısının bizim ailəmizi ikinci dəfə qacqın salmaq məqsədindən doğan əlamətidir.
Çox hörmətli cənab Prezident!
1996-ci ildən Şuşa, Füzuli, Xocalı və Xocavənd seçki komissiyasının üzvü kimi 01 avqust 2008 ci il tarixdən 20 oktyabr 2008-ci il tarixə kimi Azərbaycan Respublikasının Prezident seçkilərində YAP-ın nümayəndəsi olaraq iştirak etmişəm. Seçkilər başa çatandan sonra Beyləqan rayonu ərazisində salınmış qəsəbəyə köçmüşük. Mən məktəbdə işimi davam etdirmək məqsədilə Təhsil Şöbə müdirinə müraciət etmişəm. O, mənə bildirdi ki, siz işdən azad olunmusunuz. Lakin işdən azad olunmağım barədə mənə heç bir məlumat verilməmişdir. Seçki dövrü bitməmiş, heç bir əsas olmadan, qanuna zidd olaraq, 15 sentyabr 2008-ci il tarixdə əsasız əmrə əsasən mən məktəbdə müəllim işdən azad olunmuşam.
Qanunsuzluğu aradan qaldırmaq məqsədilə mən Xocavənd rayon məhkəməsinə ərizə ilə muraciət etdim. Məhkəmə mənim işə bərpa olunmam barədə qətnamə çıxardı. Təhsil şöbəsinin müdiri 7cra başçısının təkidilə işə bərpa olunmam haqqında qətnamədən Şirvan Apellasiya məhkəməsinə appelliyasiya şikayət verdi. Şirvan Apellasiya məhkəməsi müdirin şikayətini təmin etmədi və mənim işə bərpa olunmağım barədə Xocavənd məhkəməsinin qətnaməsini qüvvədə saxladı.
Lakin icra başçısı Eyvaz Hüseynov məhkəmənin çıxardığı qətnamə ilə razılaşmadı.
Təhsil şöbəsinin sabiq müdiri və Eyvaz Hüseynovun qohumu Şəfahət Yusifov onun tapşırığı əsasında Şirvan Apellasiya məhkəməsinin qətnaməsindən Ali məhkəməyə şikayət verdi. Ali Məhkəmə işi baxıb təsdiq etmək əvəzinə yenidən Şurvan Apellasiya məhkəməsinə qaytardı və işi ləğv olundu. Beləliklə, Eyvaz Hüseynov Şəfahət Yusifovun vasitəsilə mənim iş yerimi dostunun qızı, hazırda icra başçısının müavini vəzifəsinə yanına götürdüyü Əfsanə Quliyevaya ikinci iş yeri saxlayır.
Çox hörmətli cənab Prezident!
Ali təhsilli müəllim kimi ondörd ildir işsizəm. İcra başçısı Eyvaz Hüseyinov isə mənə bildirir ki, nə qədər mən bu rayonda icra başçısı vəzifəsibdəyəm, sənə iş verilməyəcək. 30 ildir əyləşdiyi icra başçısı vəzifəsini atasının mülk sayan Eyvaz Hüseynov insanların haqqını və ölkənin qanunlarını heç nədən və heç kimdən çəkinmədən pozur.
Çox hörmətli cənab Prezident!
Azərbaycanlı kimi sizin çıxış və tövsiyələrinizi diqqətlə izləyirəm. Eyvaz Hüseynov Sizin məmurlara ünvanladığınız "Mən xalqın xidmətçisiyəm" ifadəsindən heç bir müsbət nəticə çıxarmır və rayonu "Burda mənəm, Bağdadda kor xəlifə" məntiqilə idarə edir. Bu cür yanlış iş metodu ilə çalışan icra başçısından ədalət gözləmək mümkün deyil. Ümidim sizədir!
Sizdən xahiş edirəm mənim icra başçısının qanunsuz hərəkətilə pozulmuş əmək hüququmun bərpa olmasına köməklik göstərilməsi üçün müvafiq orqanlara tapşırıq verəsiniz.
Sizə dərin hörmətlə ümid edən, müəllimə Vəzifə Bayramova.