“Qorxmaz Group MMC”dən qanunsuz əməllər
Ölkəmizdə sahibkarlığın, özəl sektorun inkişafına dövlət qayğısı hər zaman olsa da, bir çox iş adamı yaradılan şəraitdən və yaxud digər vasitələrdən istifadə edərək, öz fəaliyyətlərində qanunların aliliyini gözləmir, güzəştlərdən sui-istifadə edirlər.
Paralel.az rubrika.az-a istinadla tikinti sektorunda fəaliyyət göstərən “Qorxmaz Group MMC” şirkəti barədə ilginc məlumatlardan xəbər verir.
Məlumata görə, şirkətin iş prinsipi ilə tanış olduqda elə qənaətə gəlmək olar ki, burada heç bir dövlət qanununa məhəl qoyulmur, sadəcə olaraq şirkət rəhbərliyinin şəxsi maraqları və daha çox qazanmaq istəyi təmin olunur. Tikinti sahəsində fəaliyyət göstərən şirkətin öz əməkdaşlarına verdiyi dəyər isə orta əsr feodal münasibətlərindən heç də fərqlənmir.
Fəhlələrin böyük qismi ilə əmək müqaviləsi bağlanılmır, heç bir təhlükəsizlik qaydalarına riayyət olunmur. Dəfələrlə tikinti meydanlarında bədbəxt hadisələr baş versə də müxtəlif vasitələrlə ört-basdır edilib. Təhlükəsizlik qaydalarına əməl olunmaması səbəbindən işçilərin həyatı hər an təhlükə altındadır.
Bu qədər ağır şərtlər altında işləyən əməkdaşlar demək olar ki, məzuniyyət üzünə də həsrət qalıblar. İş vaxtı isə heç bir hüquq normalarına uyğun aparılmır. 8 saatlıq iş günü anlayışı burada işləmir. Dan yeri söküləndən qaş qaralana qədər ağır şərtlər altında çalışan fəhlələrin digər tikinti şirkətlərinə nisbətən az əmək haqqı almalarına rəğmən, indiki bahalıq dövründə onu da vaxtlı-vaxtında vermirlər. Bəzən aylarla əməkhaqqı üzünə həsrət qalan əməkdaşlar halal pullarını istəyəndə isə hədə-qorxu ilə üzləşirlər.
Əməkhaqlarının verilməsi mexanizmi isə başqa bir söhbətin mövzusudur. Bütün fəaliyyəti ilə qanunlardan qorxmadığını sübut edən “Qorxmaz Group MMC” şirkəti bu dəfə də öz maraqlarını hər şeydən üstün tutur. Belə ki, sənədləşmə zamanı əməkhaqlarını dəfələrlə az göstərməklə külli miqdarda vəsait vergidən yayındırılır. Adi bir şəxs belə, əməkhaqqı cədvəllərinə baxarsa başa düşər ki, bu maaşa heç bir normal insan tikinti şirkətində işləməz.
Maraqlıdır ki, vergidən yayındırılan milyonların taleyi nədənsə İqtisadiyyat Nazirliyini, eləcə də ƏƏSMN-ni narahat etmir.
2016-cı ildən fəaliyyət göstərən şirkətin vergi ödəmələri dərindən araşdırılarsa yəqin ki, çox mətləblər üzə çıxar. Belə ki, tikinti sektorunda əhəmiyyətli paya sahib olan şirkətin vergi ödəmələri VÖİN-i olan bir bənnanın ödəmələrindən heç də çox deyil. Görəsən, əlaqədar qurumlar “Qorxmaz Group MMC”nin vergi sənədlərini araşdırmaqdan niyə qorxurlar?
Fəaliyyətində heç bir qanuna məhəl qoymayan bir şirkətin bu qədər sərbəst davranışları,”qorxmazlığı” haqlı suallar doğurur. 2016-cı ildən indiyə qədər külli miqdarda vergidən yayınma, əmək haqlarının hesablanması zamanı yol verilən korrupsiya faktları necə olur ki, üzə çıxarılmır? Fəhlələrlə az qala quldarlıq qayda-qanunları ilə davranan, əmək müqavilələri bağlamayan, təhlükəsizlik qaydalarına riayyət etməyən bir şirkətə nədən belə geniş imkanlar yaradılır? “Qorxmaz Group MMC”yə “qorxma, mən səninləyəm” deyən qüvvə kimdir?
Paralel.az