Satışda yenə təhlükəli şprislər var
2022-ci ilin fevral ayından başlayaraq , “Azad İstehlakcılar” İctimai Birliyinin (AİİB) qaynar telefon xəttinə coxsaylı istehlakcı zəng vuraraq narahatlıqlarını dilə gətirir. Onlar standartlara uyğun olmayan, qara porşenli və hətta silindr üzərindəki bölgü şkalası əllə toxunmaqla pozula bilən, bəzən iynələrinin sonluğu paslanmış şprislər barədə məlumatlar verir, həmin nümunələri qurumun ofisinə gətirirlər.
Qurumun sədri Eyyub Hüseynov qeyd edir ki, 2019-cu ilin sentyabr ayında Azərbaycan Standartlaşdırma İnstitutunun o zamankı direktoru Namiq Tağıyev ölkədə standartların tələblərinə cavab verməyən, Türkiyə, Çin və digər ölkələrdən idxal olunan, insan sağlamlığı üçün təhlükə törədən şprislərin satıldığı barədə məlumat yayıb: “Namiq Tağıyevin bu məlumatından sonra istehlakçılardan “Azad İstehlakçılar” İctimai Birliyinə hər gün külli miqdarda narahatçılığı ifadə edən istehlakçı zəngləri daxil olmağa başladı. Bir ictimai təşkilat olaraq, o zaman müvafiq dövlət qurumlarının bu məsələyə reaksiyasını izləyərək, cəld tədbirlər görüləcəyi ümidi ilə sadəcə, istehlakçılara məsləhətlər verməklə kifayətlənmədi. Kömək məqsədilə, eyni zamanda , standartlara uyğun olmayan şprislərin satış şəbəkəsi, idxalcı firmalar barədə İqtisad Nazirliyinə, Səhiyyə Nazirliyinə və Dövlət Gömrük Komitəsinə rəsmi məlumatlar verdi. Bu işə media müstəsna dəstək verdi. Təsəlliverici cavablar alındı. Uyğun dövlət qurumları iş apardı və təhlükəli şprislərin aptek və klinikalara daxil olması müəyyən müddətə xeyli məhdudlaşdı”.
E.Hüseynov bu sahədə hazırkı vəziyyətdən də bəhs edir: “AİİB-ə daxil olan ardı kəsilməyən istehlakçı zəngləri bizi məcbur etdi ki, apteklərdə kiçik bir monitorinq aparaq və 2019-cu ildən bugünə olan dəyişikliyə nəzər yetirək. Məlum oldu ki, 80%-dən çox yerdə (apteklərdə) ekspertizada standartlara uyğunsuzluğu 2019-cu ildə təsdiq olunmuş şprislər bu gün də satılır! Hələ daha cox ceşiddə - silindrin üzərindəki bölgü şkalası əllə toxunmaqla pozulan, silindri çox bulanıq, qara rəngdə olan, porşenin sonluğunda yağa bənzər maddə olan, iynəsinin sonluğunda pas görünən, dərman cəkmək istədikdə dayanma məhdudedicisi olmayan porşenlərlə təchiz olunmuş şprislər və s.
“Səlahiyyətli Qurum” adlandırılan Səhiyyə Nazirliyi “Analitik Ekspertiza Mərkəzi” MMC-nin direktoru Murad Süleymanovun imzasıyla AİİB-ə ünvanlanmış 15/13361 saylı cavab məktubunda yazılıb: “Sizdəki şprislərin hansı mal partiyası ilə və kim tərəfindən gətirildiyini müəyyən etmək mümkün deyil. Əgər idxalına icazə verilməyibsə, bu məsələ inzibati və cinayət məsuliyyəti yaradır ki, bu, hüquq-mühafizə orqanlarının səlahiyyətləri daxilindədir”.
O zaman müvafiq orqanlar bir-birinin üzərinə atsalar da, sonda medianın hesabına bu cür təhlükəli şprislər bir müddət apteklərdən yoxa çıxdı. Təəssüf ki, bu gün yenidən apteklərdə bu cür təhlükəli və mənşəyi bilinməyən şprislər satılır.
Biz aşağıdakı apteklərdən standart tələblərə cavab verməyən şprisləri aldıq və onlar kassa ceki ilə birlikdə ofisimizdə saxlanılır.
1)Butafarm MMC - A.A.Mirqasımov ev 2 / S. Vurğun küç. Ev 112
İnjekt şprisləri, istehsalçı adı NİCOMED LTD göstərilsə də, istehsalçı haqqında digər məlumatlar ünvan, website, telefon nömrəsi və s. ümumiyyətlə, qeyd olunmayıb.
Araşdırmamız zamanı məyyən oldu ki, belə bir istehsalçı ümumiyyətlə, mövcud deyil. Bu ad altında Nikomed MMC yerli şirkət çıxdı ki, onlar da istehsalçı deyil. İstisna olunmur ki, Nikomed şirkəti bu şprisləri ölkəyə öz adı altında naməlum istehsalçıdan idxal edir və ya gizli bir şəraitdə özü istehsal edir.
2)AVİS apteki, “Maymed-Avis” MMC – Ağa Nemətulla ev 45, m 32.
B &BRAUMANN şprisləri, istehsalçı adı CARE+MEDİCAL ANHUİ göstərilsə də, istehsalçı haqqında digər məlumatlar ünvan, website, telefon nömrəsi və s. ümumiyyətlə, qeyd olunmayıb. Araşdırmamız zamanı məyyən oldu ki, belə bir istehsalçı ümumiyyətlə, mövcud deyil.
3) LOĞMAN APTEK , “LOĞMAN FARM” MMC– Mirzəbala Məmmədzadə ev 11.
injekt şprisləri, istehsalçı adı NİCOMED LTD göstərilib, istehsalçı haqqında digər məlumatlar ünvan, website, telefon nömrəsi və s. qeyd olunmayıb.
DR PARA şpirsləri, istehsalçı adı FADA MEDİCAL DİSPOSABLE İNSTRUMENTS göstərilib, website aktiv deyil, telefon nömrəsi düzgün deyil və s. Belə bir istehsalçılar ümumiyyətlə, mövcud deyil.
4. SONAR FARM MMC (Elnur Depo kimi tanınan) - Azadlıq prospekti, ev 132, m 5 .
REGULA şprisləri - etiketlərinin üzərində istehsalçı məlumatları yoxdur, sifarişçi kimi isə DOK PHARMA Srl, İTALY göstərilib. Lakin internet və digər axtarış sistemlərində həmin şirkət adı altında ümumiyyətlə, heç bir məlumat tapmaq mümkün olmadı, yəni belə bir istehsalçı ümumiyyətlə, mövcud deyil. Ən təhlükəlisi isə odur ki, şprisin üzərində “PARALDEHİDLƏ İSTİFADƏ OLUNA BİLMƏZ” sözləri yazılıb. ” İstehsalçı” etiketdə xammalın tərkibi ilə bağlı əhəmiyyətli neqativ bir həqiqəti ortaya qoysa da, ümumiyyətlə, belə bir şpris növü heç bir standarta cavab vermir və üstəlik, əminik ki, heç bir istifadəçi xarici dildə , xırda şriftlərlə yazılmış bu yazıya əhəmiyyət vermir.
Maraqlısı odur ki, REGULA şprisləri ilə bağlı bu məsələ 2019-cu ildə də gündəmdə olub və mediada əks olunub. Hətta, vaxtilə bu təhlükəli şprislərlə bağlı ölüm hadisəsi də olub (Bax, pia.az, 20.02.2020).
Yəqin ki, həmin dövrdə dövlət orqanlarının bu sahədə epizodik olaraq apardığı müsbət işin nəticəsidir ki, bu kimi təhlükəli şprislər bir müddət apteklərdə görünmədi. Bu gün yenidən ölkəyə idxal olunmuş bu təhlükəli şprisləri, görəsən, ölkəyə kim idxal edir və idxal zamanı Analitik Ekspertiza Mərkəzi bu şprislər barədə hansı rəyi bildirib və Gömrük Komitəsi təhlükəli şprislərin idxalında hansı mövqeni tutub?! Ola bilsin ki, hansısa mərhələdə yenə də xeyir-dua məsələsi öz işini görüb.
Azərbaycanda dövlət investisiyası hesabına artıq bir necə ildir ki, istehsala başlamış, Pirallahıda yerləşən müasir şpris zavodu “Diamed CO” mövcuddur. Təəccüb və təəssüf doğuran səbəblərdən biri də bu şirkətin öz bazarını qoruyub, əhalini maarifləndirən fəaliyyət göstərməməsidir.
Şübhə yoxdur ki, bu təhlükəli şprislərdən dövlət və özəl tibb müəssısələrində də geniş istifadə olunur. İstisna olunmur ki, bu təhlükəli şprislər tenderlərdə də təklif olunur.
Biz adıçəkilən şpris nümunələrinin təhlükəli olduğunun müəyyən edilməsi, onların keyfiyyətinin yoxlanılması və mənşəyinin müəyyən edilməsi üçün nümunələri və satış məkanlarını təqdim etməklə, Analitik Ekspertiza Mərkəzinə müraciət etmişik. Maraqlıdır, görəsən, 2 il öncə bu cür təhlükəli şprislərin idxalçısını və mənşəyini müəyyən edə bilməyən Analitik Ekspertiza Mərkəzi bu gün necə, müəyyən edə biləcəkmi?
AİİB təhlükəli şprislər barədə ekspertizanın nəticləri haqqında (əgər ekspertiza nəticələri təqdim olunarsa) əhaliyə geniş məlumat verəcək.
Əldə olunan materialları təhlil edərək, istehlakçıların həyatı və sağlamlığı üçün təhlükə törədən şprislərin bazardan yığışdırılıb məhv edilməsi üçün mümkün olanları etməklə bərabər, Analitik Ekspertiza Mərkəzi ilə bərabər Dövlət Gömrük Komitəsinə, İqtisad Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə, Səhiyyə Nazirliyinə, Nazirlər Kabinetinə, Daxili İşlər Nazirliyinə rəsmi müraciətlər göndərmişik. Pul qazanmaq naminə vətəndaşlarımızın həyatını təhlükəyə atan bu kimi təhlükəli şprisləri ucuz olsun deyə bazara, bəzi nəzarət edən məmurların xeyir-duası ilə daxil edən biznes adamlarına, məmurlara üzümü tutub deyirəm: ”Dövlətimizin biznes adamları ücün yaratdığı son dərəcə rahat şəraitdən sui-istifadə etməyin! Keyfiyyətli mal idxal edin, o cümlədən, keyfiyyətli şpris!
Məmurlar, təhlükəli malların ölkə bazarına daxil olmasına xeyir-dua verməyin!”.
Paralel.az