"Georgi lenti" bizə necə sırınıb?

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) belə, hələ bu lentin mahiyyətini anlamır, gəl ki, sıradan bir məktəb direktoru ya sinif müəllimi ola...

Məlum olduğu kimi, Bakı şəhərinin 164 saylı məktəbinin ibtidai siniflərindən birində 9 may günü ilə əlaqədər keçirilən tədbirdə Rusiyanın imperiya rəmzlərindən biri olan "Georgi lenti"indən istifadə edilməsi mediada sosial şəbəkələrdə qalmaqala səbəb oldu. Mediadan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin çox təəccüb doğuran mövqeyini oxuduq. Açıqlamadan belə anlaşılır ki, hələ BŞTİ- məsələnin mahiyyəti ya anlaşılmır, ya da qəsdən bu mahiyyəti görməməzliyə vururlar. İkinci ehtimal daha inandırıcıdır. Yoxsa, açıqlama bu şəkildə verilməzdi.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildirilib ki, paytaxtdakı 164 nömrəli tam orta məktəbdə 9 may gününə həsr edilən tədbir interaktiv dərs formatında məktəbin ibtidai sinif müəllimlərinin təşəbbüsü ilə yalnız sinif səviyyəsində təşkil edilib.

Qeyd olunub ki, dərs zamanı çəkilən fotoşəkildə əks olunan atributlar bir sıra sosial media istifadəçiləri arasında narazılığa səbəb olub: «Məktəbin müəllimləri ilə söhbət zamanı onlar tədbirin sinifdaxili mahiyyət kəsb etdiyini bunun məktəbdən kənarda bu qədər ciddi narahatlıq doğuracağını güman etmədiklərini bildiriblər».

Təhsil İdarəsi bu tipli tədbirlərdə həssaslıqla qəbul edilə biləcək məsələləri müəllimlərin, eləcə məktəb rəhbərliyinin diqqətinə çatdırıb.

"İctimaiyyətin ümumtəhsil müəssisələrində baş verən bu cür hallara diqqətli yanaşmasına görə təşəkkürümüzü bildirir, eyni zamanda həssaslıq doğura biləcək mövzularda təhsilalanların müzakirə predmetinə çevrilməməsini xahiş edirik" - qurumdan bildirilib.

BŞTİ-dən verilən açıqlamaya görə, sinif daxilində Rusiyanın imperiya rəmzlərindən istifadə etmək, gənc nəslə bu rəmzə sevgi aşılamaq normal haldır. Guya məsələnin neqativ tərəfi, bu hadisənin sinif daxilindən cəmiyyətin müzakirəsinə daşınmasıdır. Əslində isə məsələnin mahiyyəti qurum tərəfindən kənara qoyulur, üzərindən sükutla keçilir. Hələ bu azmış kimi, cəmiyyətə "mudrikcəsinə" tövsiyyə verilir: "həssaslıq doğura biləcək mövzularda təhsilalanların müzakirə predmetinə çevrilməməsini xahiş edirik".

Bu onun nəticəsidir ki, 70 il sovet təbliğatı altında xalqımıza bədbəxtlik gətirən rus imperiya rəmzləri bizə xoşbəxtlik, şan-şöhrət şərəf rəmzi kimi təqdim edilib. Hazırda isə bu təbliğatın davamçısı Rusiyanın Azərbaycandakı beşinci kolonudur. 

"Georgi lenti" 1769-cu ildə imperatriça II Yekaterina tərəfindən təsis olunub Rusiya üçün qəhramancasına savaşan rus əsgərlərinə verilən mükafatlar onun üzərinə vurularaq, təqdim olunurdu. Həmin vaxtlardan başlayaraq, lentin standartı belədir: 3 qara, 2 narıncı xətt.

Hazırda isə "Georgi lenti" Rusiyanın şovinist, "velikorus" neofaşist gənclər təşkilatının, bir sıra siyasi partiyaların simvolu kimi istifadə olunur.

Buyurun, bu rəmzlər 1828-ci ildən etibarən Azərbaycan adlı məmləkətin üzərində qorxu kabusu kimi gəzsə , bizə onu Günəş kimi təqdim ediblər. Biz 70 il bu rəmzləri anlamadan mötəbər bir varlıq sevinc simvolu kimi qəbul etmişik. Tutaq ki, o zaman bizim bunu anlamaq imkanlarımız məhdud idi, bu gün biz üçün bu həqiqəti anlamaq istəmirik?

Hər il 9 mayda bu lenti yenidən populyarlaşdırır, bir-birimizə sosial şəbəkələrdə təbrik şəkilləri kimi göndəririk. Əslində, "Georgi lenti"nin 9 may gününə heç bir aidiyyatı yoxdur. Sadəcə olaraq ruslar imperiya maraqları naminə İkinci Dünya müharibəsində fərqlənən döyüşçülərə verdikləri orden medalları bu lentin üzərində təqdim ediblər. Bununlada  lenti hamının qəlbində "müqəddəsləşdirməyə" nail olublar. Əslində isə bu lent Azərbaycan xalqının cəlladı olan Rus imperiyasının rəmzidir buna görədə biz bir xalq olaraq ona rəğbət deyil, nifrət bəsləməliyik. Çünki bu lenti müqəddəs sayan xalqın yaratdığı imperiya Azərbaycan Xalq Cümhuriyyətini süquta uğratmaqla ölkəmizi xalqımızı azı yüz il inkişafdan geridə saxlayıb. Azərbaycanın tarixi torpaqlarında yox yerdən bir erməni dövləti yaradıb, ikincisinin yaradılmasına vasitəçi olur. Azərbaycanda demokratik respublika qurulanda Avropada despot rejimlər höküm sürürdü. Lakin ruslar - şovinist bolşeviklər proletariat beynəlmiləlçiliyi altında bizim əldə etdiklərimizi darmadağın dağıdıb, bizi əsirlik despotizm girdabına məhkum etdi. Biz bu gün o məhbəsdən qurtula bilmirik, millət olaraq "Georgi lenti"nədən düzəldilən barmaqlıqlar arxasından baxmağı artıq mentalitetə çevirmişik.

Əslində, biz bir xalq olaraq bizi bu zülmə məhkum etdiyinə görə beşguşəli ulduza, qırmızı rəngə, oraq-çəkicə, ikibaşlı qartala, 3 qara, 2 narıncı xəttə s. şəkilli rus imperiyasının rəmzlərinə nifrət etməliyik. Ona görə ki, onların xalqıma "bəxşişləri" yalnız nifrətə layiqdir.

0.071890115737915