Jurnalistin nitq mədəniyyəti və söz yaradıcılığı
II hissə
Professor Nəsir Əhmədli yazır:
II. Qrammatik yolla söz yaradıcılığı
Dilimizi zənginləşdirməkdə ən səmərəli yol morfoloji üsulla söz yaratmaqdan, yəni leksik (sözdüzəldici) şəkilçiləri fəallaşdırmaqdan - verimsiz (qeyri-məhsuldar) şəkilçiləri verimli (məhsuldar) şəkilçilərə çevirməkdən ibarətdir. Bu yol Dədə Qorqudun, Cəfər Cabbarlının, Rəsul Rzanın və onların davamçılarının yoludur. C.Cabbarlı U.Şekspirin "Hamlet" faciəsini dilimizə çevirərkən oradakı məşhur to be or not to be? (Ruscası: Быть или не быть?) sualını necə tərcümə etmək barədə uzun müddət düşünmüş və nəhayət, Olum, ya ölüm? variantını tapmışdır.
Həmin hadisəni nəzərdə tutaraq R.Rza "Mülahizələr" adlı məqaləsində haqlı olaraq soruşurdu: "Olmaq sözü var, ölmək sözü var. Hansı məntiqlə olum sözünü rədd edib ölüm sözünü işlətməliyik?"
R.Rza özü də həmin yolla gedərək, yəni –ım4 şəkilçisini çevikləşdirərək duymaqdan duyum, deməkdən deyim, görməkdən görüm kimi sözlər yaradıb, yaxud nə vaxtsa dilimizdə işlənmiş bu tipli sözləri lüğət tərkibimizin fəal bölümünə qaytarib.
Son vaxtlar ədəbi dilimizdə, o sıradan KİV leksikasında bu qəliblə yaradılmış xeyli sözə rast gəlirik: yayım (radioyayım, teleyayım), durum (vəziyyət, situasiya sözlərinin sinonimi), qurum (təşkilat sözünün sinonimi), çatım (ruscası: дocтуп) və s.
Şəkilçilər vasitəsilə yeni söz düzəldərkən qrammatikamızın qaydalarını, dilimizin sözyaratma təcrübəsini hökmən nəzərə almalıyıq. Dildə analoqu olmayan sözlər yaratmaq olmaz. Yaratsaq da, dil onlari qəbul etməyəcək. Hər qrup sözdüzəldici şəkilçi sözün müəyyən forması ilə birləşir və konkret leksik yük daşıyır. Yuxarıda gördüyümüz kimi, –ım4 şəkilçisi yalnız feil kökünə (ikinci şəxsin təkinin əmr formasına) artırılır. Bu prinsipi pozaraq həmin şəkilçini başqa nitq hissəsi ilə birləşdirmək, bir qayda olaraq, uğursuzluğa gətirir. XX əsrin son onilliyində Azərbaycan qəzetlərində müstəqil sözünün əvəzinə Anadolu türkcəsindən alınmış bağımsız sözünə tez-tez rast gəlinirdi. Sonralar onun işlənmə tezliyi tədricən azalaraq, demək olar, tamamilə sıradan çıxdı. Səbəbi də bu idi ki, həmin sözü yaradarkən türk dilinin sözyaratma qaydalarına məhəl qoyulmayıb, –ım4 şəkilçisi feil kökünə deyil, isimə (bağ sözünə) artırılıb. Ona görə də Azərbaycan türkcəsi müstəqil sözünü yenidən öz işlək leksikasına daxil etdi. Həmin dövrdə bunu anlayan, lakin müstəqil sözünün milliləşdirilməsinə tərəfdar olan bəzi jurnalistlər bağımsız əvəzinə (çoxları onu baxımsızla qarışdırırdılar) bağlamsız sözünü işlədirdilər.
Yön isiminə -üm şəkilçisi artırmaq yolu ilə hələ sovet dövründə yönüm, peşə yönümü deyimləri yaradılıb. Halbuki burada həmin şəkilçiyə ehtiyac yoxdur. Təkcə ona görə yox ki, -üm isimə artırılıb, həm də ona görə ki, həmin şəkilçi yön sözünün mənasını dəyişdirə bilməyərək əlavə yükə çevirilib. Yönüm əvəzinə, sadəcə olaraq yön (peşə yönümü əvəzinə peşə yönü) işlətsək, heç nə itirmərik, əksinə, yığcamlıq və dəqiqlik qazanarıq.
Qayda pozuntusu ilə yaradılrmş sözlərdən biri də başqandır. Dilimizdə -qan (-kən) şəkilçisi yalnız bir qrup ikihecalı feil kökünə artırılaraq isim yox, sifət əmələ gətirir: çalış+qan (uşaq), sürüş+kən (yer), unut+qan (adam). Başqan sözündə isə o, isimə (başa), özü də birhecalı isimə əlavə olunub və yalnız Müsavat başqanı ifadəsində rəsmi "vətəndaşlıq hüququ" qazanıb.
Eyni vəziyyət çimərlik sözündə də müşahidə edilir. Bilindiyi kimi, -lıq4 şəkilçisi isimə, sifətə və saya artırılır, sayca çox olan konkret cansız isimlərlə birləşdikdə onlara çox olan yer anlamını verir: daş+lıq, gil+lik, kol+luq, gül+lük və s. Çimərlik sözündə isə -lik şəkilçisi çimmək feilinin müzare (qeyri-qəti) gələcək zamanına (çimər) artırılıb. Çimərlik sözü o vaxt qanuni yolla yaradılmış hesab edilərdi ki, plyajda çimən adamlara çimərlər deyiləydi, yəni əvvəl çimər isimini yaradıb (dönər, təpər, çapar...) ədəbi dilə daxil etmək və yalnız bu proses tam başa çatandan sonra çimərlik sözünü düzəltmək lazım idi. Eyni qaydada təyyarəyə uçar deməmiş təyyarə limanına uçarlıq demək olmaz. Çimmək feilindən çimilən yer (plyaj) mənasmda isim düzəltmək üçün düşərgə sözünün qəlibindən iştifadə etmək olardı: çimər+gə.
Dilin daxili potensialı hesabına yaradılan yeni sözlərin həmin dilin qayda-qanunlarına uyğun olması ilə bağlı fikirlərin təsdiqi baxımından çimərlik sözünün taleyi ibrətamiz sayıla bilər. Fransız mənşəli beynəlmiləl plyaj sözünün qarşılığı kimi təxminən 30-40 il yaradılmış bu söz zahirən tərtəmiz Azərbaycan sözüdür. Kökü də, şəkilçisi də özümüzündür. Sözü yaradan -lıq leksik şəkilçisi məkan məzmunlu isimlərin düzəldilməsində fəal iştirak edir. Məsələn, çəmənlik, ağaclıq, yaşıllıq və s. Ancaq çimərlik sözü yarandığı gündən bəri bütün kütləvi informasiya vasitələrinin dilində, dərslik və kitablarda işlədilsə də, canlı ümumxalq danışıq dilində plyaj sözünü sıxışdırıb işləklik qazana bilmədi. Canlı ünsiyyət zamanı xalqın əksəriyyəti bu gün də plyaj sözünü işlətməyə üstünlük verir. Bunun səbəbi nədir, niyə dil fonetikamıza və tələffüzümüzə yabançı olan əcnəbi sözü işlətməyi öz “doğma” sözümüzdən üstün tutur? Məsələ burasındadır ki, məkan mənalı isim düzəldən -lıq şəkilçisi adlara (isimlərə və sifətlərə) artırılmalıdır, burada isə həmin şəkilçi feilə qoşulub. Bununla da dilin ilk baxışda, demək olar ki, nəzərə çarpmayan incə bir qaydası pozulub. Bu da sözün sonrakı uğursuz taleyini müəyyən edib.
Halbuki dilimizdə analoji semantikaya və daha düzgün tərkibə malik düşərgə sözü var. Eynilə çimərlik sözündə olduğu kimi, burada da əvvəlcə feil kökünə qeyri-qəti gələcək zaman şəkilçisi, sonra isə leksik şəkilçi artırılıb: Çim-ər-lik – düş-ər-gə. Lakin birinci sözdən fərqli olaraq, ikincidə leksik şəkilçi dilin qaydalarına uyğun seçilib və söz heç bir problemsiz işləklik qazanıb. Güman ki, analoji qayda ilə çimərlik yox, çimərgə sözü yaradılsaydı, o da leksikonumuza asanlıqla daxil olardı. Bu gün dilimizdə yeni söz yaratmağa cəhd edənlər mütləq belə incə mətləbləri nəzərə almalıdırlar.
Eyni qaydada başqa sözlər də yaratmaq mümkündür: enər+gə (təyyarənin endiyi zolaq), geyər+gə (idmançıların paltar dəyişdikləri otaq, razdevalka)...
Canlı danışıq dilində və şivələrimizdə bu qayda ilə yaranmış bir neçə söz var: qaytar+qa (atı döndərmək və əyləmək üçün atlının əldə tutduğu qoşa qayış. Danışıq dilində qantarğa deyilir), gö-rər+gə (toydan bir müddət sonra qız evinin adamlarının gəlini görmək üçün getdikləri yer - oğlan evi. Danışıqda görəlgə kimi işlənir), tutar+qa (apqument, dəlil) və s.
Mətbuatımızda müşahidə olunan leksik pozuntuların bir qismi dilimizdə yeni sözlərin (neologizmlərin) yaradılması və işlədilməsi ilə bağlıdır. Lüğət tərkibində xüsusi yer tutan neologizmlər qrupu həm alınma sözlər hesabına, həm də dilin öz potensialı hesabına formalaşır. Dilimizin öz materialı əsasında meydana gələn neologizmlərin yaranması və işlədilməsi bir sıra linqvistik və üslubi incəliklərlə bağlıdır. Fikirlərimizi bir nümunə əsasında izah etməyə çalışaq: son vaxtlar bir sıra qəzetlərin dilində narahat əvəzinə rahatsız sözü işlədilir. Zahirən hər şey gözəldir: dilimizdə yer tutmuş fars mənşəli söz doğma türk sözü ilə əvəz olunur. Ancaq bir həqiqət var ki, bəzən dil üçün əcnəbi sözü alıb işlətmək doğma, lakin onun qanunlarına zidd olaraq formalaşmış yeni sözü işlətməkdən daha rahat olur. Məsələ burasındadır ki, söz yaradıcılığının mühüm elementi olan hər bir leksik şəkilçi dilin min illik təkamülü prosesində formalaşıb başa gəlir. Nəzərdən keçirdiyimiz nümunədə isə dilimizin qaydalarına zidd olan incə bir məqam var – şəkilçi sözə öz semantik xarakterinə uyğun olmadan qoşulur, ona görə də bu düzəltmə sözün dilimizin lüğət tərkibində yer tutub işləklik qazanacağı problemli görünür.
Deyə bilərlər, nahaq əvəzinə haqsız işlənə bildiyi halda nə üçün narahat əvəzinə rahatsız işlənməsin? Məsələ burasındadır ki, -sız şəkilçisi isimdən sifət düzəldən şəkilçidir. Məlum olduğu kimi, onunla antonim xarakterli -lı şəkilçisi də var. Onların vasitəsilə yaradılan sifətlər bir-birinə zidd məna daşıyır. Məsələn, dadlı – dadsız, ağıllı – ağılsız, yaraşıqlı – yaraşıqsız, yağmurlu – yağmursuz və s. Baxdığımız misalda isə -sız şəkilçisi isimə yox, sifətə qoşulub, halbuki dilimizdə sifətdən sifət düzəldən belə bir şəkilçi yoxdur. Rahatsız sözü olsa, onda gərək rahatlı sözü də ola (Haqlı və haqsız sözləri kimi)" . Eyni irad mümkünsüz sözünə də aid edilə bilər. Bu, mümkünsüzdür əvəzinə Bu, mümkün deyil yazmaq (demək) daha yaxşıdır.
Morfoloji (sintaktik-morfolqji) yolla düzəlmiş bir sıra başqa sözlər də son dönəmin KİV dilində işlənməkdədir: açıqca (otkrıtka), bölgə (zona, region), bulmaca (krossvord), əsənək (skvoznyak), yalınca (bosonojki), görsəniş (təzahür), oyundaş (tərəfi-müqabil), tərəfdaş (partnyor), umacaq (təmənna) və s.
Paralel.az