Ramazan orucu Allahın tərbiyə proqramıdır - XXVIII yazı
Siracəddin Hacı yazır...
- öncəki ayənin sonunda ALLAHU ƏKBƏR – Allah tək böyükdür anlayışı var, bu ayə buyurur ki, O, insana çox yaxındır, yəni insan düşünə bilər ki, tək böyük olan Allahla ünsiyyət qurmaq imkansızdır, O hara, mən hara? O, insana yol göstərir, onu çaşqınlıqdan qurtarır, deyir ki, Mən sənə çox yaxınam, səni hər an eşidir, bilir, görürəm, oruc tutduğundan xəbərdaram, təkbirini, duanı eşidirəm, sənə Mənimlə ünsiyyət vasitələri nazil etmişəm, hər ibadət Allahla ünsiyyətdir, gözəl adlarımı (əsma-i hüsna) öyrən, kainat ayələrini araşdır ki, Məni doğru tanıyasan, ağlına, qəlbinə, vicdanına hüzur gəlsin;
- ayə deyir ki, O, hər an hazırdır, iş başındadır, yatmaz, yuxuya ehtiyacı yoxdur, ilahi rəhmət qapısı əsla bağlanmaz;
- Mənim sizə yaxın olduğuma iman edin ki, şüurlu ibadətə qovuşasınız;
- ey insan, özünü hər an Allahın hüzurunda hiss et ki, qorunasan;
- Allahın sizə nə qədər yaxın olduğunu bilməyiniz, hiss etməyiniz, anlamağınız üçün bəlli bir müddət yeməkdən, içməkdən, cinsi münasibətdən uzaq durmağınız – oruc tutmağınız zəruridir;
Qurani-Kərimdə Allahın insana çox yaxın olduğunu ifadə edən başqa ayələr də var. İkisini oxuyaq:
“Biz ona (insana) şah damarından daha yaxınıq”; (Qaf, 50/16)
“Allah insanla qəlbinin arasına girər”; (Ənfal, 8/24)
C) ALLAH ƏL-QƏRİBDİR
O, ƏL-QƏRİBDİR – çox yaxındır, yaxınlıqda sınır tanımayandır, yaxınlıqda tayı-bərabəri olmayandır. Allahın insana yaxın olmasını bu ölçülərlə anlaya bilərik:
- əl-Qərib adı Qurani-Kərimdə üç yerdə Allaha aid edilmişdir; (Hud 11/61; Səbə, 34/50; Bəqərə, 2/186)
- yaxınlıq iki növdür: a) maddi; b) mənəvi;
- MADDİ YAXINLIQ cisimlərə aiddir, fiziki yaxınlığı ifadə edir (uzunluq, genişlik, dərinlik, zamanla bağlıdır. İki maddi varlığın bir-birinə yaxınlaşması üç yolla baş verir: a) biri sabit olur, o birisi ona yaxınlaşır; b) ikisi də bir-birinə doğru hərəkət edir; c) arxadan gələn öndə gedəndən sürətli hərəkət edərək ona yaxınlaşır;
- MƏNƏVİ YAXINLIQ – bu, maddi varlığı olmayanlara aiddir: Allahın, ağılın, vicdanın, fikrin ... yaxınlığıdır;
- Allaha yaxınlaşmağın məkanı, zamanı yoxdur, fiziki hərəkətlə bağlı deyil;
- insan Allaha iman, təqva, saleh əməllərlə yaxınlaşa bilər;
- Allah buyurur: “Harada olursanız, olun, O, sizinlə bərabərdir”; (Hədid, 57/4)
- “Allaha qurbanların nə ətləri, nə də qanları çatar, ancaq sizdən Allaha çatan təqvanızdır” (Həcc, 22/37). “... Ət, qan maddi aləmə aiddir, bizi maddi olana, məsələn, insana yaxınlaşdırar, birinə qurban əti versən, ona yaxın olarsan, təqva isə maddi deyil, mənəvi vasitədir – mənəvi olan maddi olandan daha böyük, daha güclü, daha təsirli, daha qalıcı, daha dəyərlidir”;
QURANİ-KƏRİM ALLAHA YAXINLAŞMAĞIN YOLLARINI BİR-BİR SAYMIŞDIR:
Ardı var...