Ramazan məktubları - X məktub

Ramazan məktubları - X məktub
 

 

Siracəddin Hacı:
SEVGİLİ GƏNCLƏR! ALMAQ MƏDƏNİYYƏTİNİ bu ölçülərlə tanıya bilərik, bunlar nemətlər-dəyərlərdir:
- SALAM ALMAQ – dəyər verməkdir, barışdır, güvəndir, körpüdür, ünsiyyətdir, insana da, suya, ağaca, çiçəyə, böcəyə ... də salam ver, salam al – Allahın hər ayəsi öz hal dili ilə səni salamlayır;
- NƏFƏS ALMAQ – burnunla, qarnınla (sinənlə deyil), dərin nəfəs al, sağlamlığın əsaslarından biridir, sıxıntını, qayğını azaldır, oyadır, canlandırır;
- YUXU ALMAQ – yetərli, ölçülü – yuxu saatında, düzənli – giriş və bitiş vaxtı eyni olan yuxu almasan, sağlamlığın pozular;
- ƏL ALMAQ – bir işi oxuyaraq deyil, ustasından, halla öyrənməkdir, bu, işi də, iş əxlaqını da tanıdır;
- GÜNƏŞ ALMAQ – Günəşin doğuşunu, batışını seyr et. Günəş ümid, fərəh, hüzur verir, doğuluşu və ölümü xatırladır, sağlamlığı qoruyur;
- TÖVSİYƏ, MƏSLƏHƏT, ÖYÜD ALMAQ – zənginləşdirir, təcrübə əməyin olmayan xəzinədir, böyüdür, yol göstərir, səhvləri azaldır;
- SÖZ ALMAQ – vəfa duyğusunun tərbiyə edir, məsuliyyət yükləyir, münasibətlərin səmimiliyini test edir;
- TƏNQİD ALMAQ – sağlam tənqid qüsurları göstərir, islah edir, inkişafa yol açır, tənqidə tez cavab vermə, düşün, sual ver, dəqiqləşdir, dəlil istə, haqlı tənqid edəndən təşəkkürünü əsirgəmə;
- TƏRİF ALMAQ – haqlı tərif dəyərli hiss etdirir, ümid, cəsarət verir, çalışdırır;
- YARDIM ALMAQ – işin ustasından yardım al, bu, zəiflik deyil, güclü olmaqdır, ümid, güvən verir, paylaşmağı öyrədir, almağın ədəbini bilməyən verməyi bilməz;
- SEVGİ AL – haqq etdiyi sevgini almaq insanın ruhunu böyüdür, qəlbinə hüzur verir;
- DUA ALMAQ – ananın, atanın, həyat yoldaşının, məzlumun, qonağın, xəstənin... duasını al, dua bağlı qapıları açar, bərəkətli güc qaynağıdır. Özünə bu sualları ver: Bu gün kimə dua etdim? Bu gün kimin duasını aldım? Dua almaq üçün nə iş gördüm?
- KÖNÜL ALMAQ – gözəl söz, xeyirli iş, bir hədiyyə, üzr istəmək... buzları əridər;
- İBRƏT ALMAQ – başqasının səhvlərindən öyrənməkdir, yanlış addımlardan qoruyur;
- DƏRS ALMAQ – öz yanlış işlərini təhlil etmək, səbəb-nəticə əlaqəsini öyrənmək, səhvləri qazanca çevirməkdir;
- QİDA ALMAQ – qidan təmiz, halal olsun, az ye, paylaş;
- ÖRNƏK ALMAQ – yol göstərir, güc verir, örnəklər ehtiyaca görə dəyişə bilər;
- ENERJİ ALMAQ – sevdiklərinin ziyarətinə get, zəng et, səsini eşit, xatirələrini dinlə, söhbətləş;
- MƏSULİYYƏT ALMAQ – böyüdür, çalışdırır, sevdirir, dəyər qazandırır, öyrədir;
- İLHAM ALMAQ – gözəl iş, bir gözəl şeir, musiqi, arzu, uğur, özünü dəyərli hiss etmək insanı coşdurur, çətin işləri asanlaşdırır;
- İŞARƏT ALMAQ – arif ol, bir işarədən halı anla, Allahın ayələrini – insanı, suyu, ağacı, çiçəyi, böcəyi ... oxu, başına gələn hər hadisə bir mesajdır;
- EV ALMAQ – hüzur qaynağıdır, sınırdır, qoruyur, evin geniş, qonşuların gözəl olsun;
- BAL ALMAQ – şəfa qaynağıdır, bal al, bal ol, arı kimi çalış, insanlar sözündən, işindən, əməlindən şəfa tapsın;
- KİTAB ALMAQ – oxumaq insanın üfüqünü açır, oxuduğunun, öyrəndiyinin dəyərlərini paylaşmaq, həyatına daşımaq Allahın bir əmrini yerinə yetirməkdir;
- ALLAHIN RİZASINI ALMAQ – Allahın rizası insanların rizasına, insanların rizası azadlığa, ədalətə, mərhəmətə, xeyrə bağlıdır, sən Allahdan razı olsan, Allah da səndən razı olar;

Paralel.az

0.017307996749878