Katos kənd orta məktəbində baş verənlər…
Təhsil ölkənin ən prioritet sahələrindən biridir. Paralel.az 7gün.org-a istinadla bu sırada aşağıdakı materialı təqdim edir.
Ağcabədi rayonu, Qış yatağı, Katos obasında yerləşən Katos kənd ümumi orta məktəbində baş verən qanun pozuntuları və korrupsiya halları ilə bağlı çoxlu şikayətlər var. Laçında korrupsiya əməlləri: Vaqif Hüseynov Katos kənd orta məktəbini “özəlləşdirib” başlıqlı yazıda məktəbin direktoru Hüseynov Vaqifin şəxsi maraqları zəminində qohumlarının adlarını iş ştatlarına qeyd etməklə onlara saxta yolla əmək haqqı yazdırdığı barədə məlumat verilib. Bundan başqa, Katos məktəbinin direktoru Vaqif Hüseynovun bacıları Baxışova Şəkürə, Güləliyeva Gülxarə və digərlərini məktəbdə texniki işçi kimi adlarını ştata salmaqla onlara saxta yollarla əmək haqqı yazdırdığı məlum olub.
Ağcabədi rayonu Taxta körpü ərazisində yaşayan Baxışova Şəkürənin qohumları da qeyd edir ki, o, ümumiyyətlə, Katos kənd orta məktəbinə getmir və “qaravulçu” ştatı üzrə işini icra etmir.
Ağcabədi rayonu Aran kəndində yaşayan Gülnarə Xudaverdiyevanın da direktorun yaxın qohumu kimi məktəbdən əmək haqqı aldığı vurğulanıb. Adı olub, özü olmayan bu işçilərin sırasına direktorun Hüseynov soyadını daşıyan bir neçə qohumunu da əlavə etmək olar.
Laçın rayon Şeylanlı kənd sakini Alıyev Mürşüd Əbdül oğlu yuxarıda qeyd olunan faktların həqiqət olduğunu bildirməklə, Katos kənd orta məktəbinin direktoru Vaqif Hüseynovun qanunsuz əməlləri ilə bağlı Laçın rayon prokurorluğuna rəsmi qaydada müraciət etdiyini bildirib. Mürşüd Alıyevin bildirdiyinə görə onun təqdim etdiyi faktlar əsasında prokurorluqda araşdırmalar başlayıb.
Vətəndaşın müraciətində qeyd olunur ki, 9 illik Katos kənd orta məktəbinin direktoru saxta yollarla hərbidən yayınıb. V. Hüseynov psixoloji durumu yerində olmadığı ilə bağlı əldə etdiyi saxta sənədlə hərbidən yayınsa da, onun məktəb direktoru işləməsi narahatçılıq yaradır və qanun pozuntusudur.
İxtisasca müəllim olmayan Vaqif Hüseynov direktor kimi işləməsi üçün imtahanlardan bal toplamayıb. “Mənim arxamda Eşqi Bağırov dayanıb” – deyən direktorun diplomu saxta olan müəllimləri işlə təmin etdiyi danılmaz faktdır. Məktəbdə adı gedən şagirdlər sinifdən-sinfə qanunsuz yollarla keçirilir. Jurnallarda elə şagirdlər var ki, onlar ümumiyyətlə, məktəbə gəlmirlər. Direktorun Bakıda yaşayan azyaşlının adını məktəbin şagird siyahısına salması təkrar olunan qanunsuzluq kimi təkzibolunmaz faktdır.
Xatırladaq ki, bir neçə gün öncə Laçın rayonun Katos kənd orta məktəbinin direktoru Vaqif Hüseynovun özbaşınalığı və korrupsiya əməllərindən bəhs edən araşdırmanın müəllifi hazırda təhdid olunmaqdadır. Direktor Vaqif Hüseynov və onun qohumları jurnalistə zəng edərək yazdığı yazıya görə ona cəzalandıracaqları və başına oyun açaqları, hətta yazı müəllifinin dilini kəsəcəkləri ilə hədələyib.
Ümid edirik ki, aidiyyatı dövlət orqanları məktəb direktoru Vaqif Hüseynov və qohumlarının qanunsuz əməllərinə hüquqi qiymət verilməsini təmin edəcək. Həmkarımıza qarşı olunan təhqidlərlə bağlı aparılan araşdırmanı diqqətdə saxlayacağıq. Onu da qeyd edək ki, artıq bir neçə media kapitanı və jurnalist həmkarlarımız Vaqif Hüseynovun jurnalisti hədələməsi ilə bağlı cənab Prezidentə, Təhsil Nazirliyinə, Baş Prokurorluğa və Daxili İşlər Nazirliyinə müraciət ünvanlayıb.
Vaqif Hüseynovun tez – tez adını hallandırdığı və yaxını olduğunu söylədiyi Təhsil Nazirliyində şöbə rəisi cənab Eşqi Bağırova müraciət olunub. Ümid edək ki, Katos kənd orta məktəbi direktorunun özbaşınalığı və saxtakarlığı araşdırılacaq, onun vətəndaşlardan rüşvət alması kimi faktlar ört-basdır edilməyəcək.
Paralel.az