Son 10 il ərzində 1700-dən çox yaşayış məntəqəsi qazlaşdırılıb

Son 10 il ərzində 1700-dən çox yaşayış məntəqəsi qazlaşdırılıb
 

 

 

“Bu il SOCAR tərəfindən təsdiq edilmiş plana əsasən müxtəlif bölgələrdə ümumi olaraq 69 yaşayış məntəqəsinin qazlaşdırılması nəzərdə tutulub”.

Paralel.az  xəbər verir ki, bu sözləri SOCAR “Azəriqaz” İstehsalat Birliyinin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov media və QHT nümayəndələri ilə keçirilən “Açıq qapı” aksiyası zamanı bildirib. Şöbə rəisinin sözlərinə görə bundan əlavə 62 yeni yaşayış massivinin qazlaşdırılması da nəzərdə tutulur: “Bu yeni yaşayış massivləri həm regionları, həm də Bakı şəhərinin inzibati ərazisini də əhatə edir”. O bildirib ki, hazırda yaşayış məntəqələri üzrə işin 50 %-də, yəni 32 yaşayış məntəqəsində sürətli iş gedir: “Yeni yaşayış massivləri üzrə isə massiv sayına görə 75 %-də iş başlanılıb. Götürülmüş öhdəlik ilin sonuna qədər 100 % yerinə yetiriləcək” – deyə, o, əlavə edib. Qurum rəsmisi, həmçinin hazırda ölkə üzrə qazlaşma səviyyəsinin 96,3 % olduğunu vurğulayıb. Müqayisə üçün bildirək ki, 2009-cu ildə ölkə üzrə qazlaşdırma səviyyəsi 62,2 % təşkil edib. Son 10 il ərzində “Azəriqaz” İB tərəfindən dövlət dəstəyi ilə 1 700-dən çox yaşayış məntəqəsi qazlaşdırılıb.

Sayğacların tətbiqi, idarə olunması və nəzarəti şöbəsinin rəisi Rövşən Məhyəddinov son vaxtlar məişət tipli, yəni G4 və G6 tipli sayğacların satışının qanuni olması ilə bağlı ünvanlanan sualı cavablandırıb. Onun sözlərinə görə, əhali abonentləri üçün qaz sayğaclarının MTK tipli binalarda ilkin quraşdırılması, eyni zamanda əvəz olunması qaz paylayıcının hesabına həyata keçirilir. “Qanunda düzəliş olunub və bir daha orada təsbit olunub ki, yalnız məişət abonentləri üçün qaz sayğacının quraşdırılması qaz paylayıcının hesabına həyata keçirilir. Məişət abonentləri və digər abonentlər olmaqla 2 hissəyə bölünür. Məişət abonentləri dedikdə fərdi evlər və mənzillər, yəni təbii qazdan istifadə edən fiziki şəxslər nəzərdə tutulur. Digər abonentlər üzrə isə sözsüz ki, qaz sayğacının alınaraq quraşdırılması abonentin hesabına həyata keçirilir” - deyə, o, qeyd edib.

Bundan əlavə aksiyada yaxın vaxtlarda yerli istehsal olunan yeni qaz sayğaclarının quraşdırılmasına başlanılacağı da diqqətə çatdırılıb. Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev idxaldan asılılığı azaltmaq üçün yerli istehsala üstünlük veriləcəyini, yeni sayğacların dünya standartlarına cavab verəcək şəkildə təchiz olunduğunu qeyd edib. Onun sözlərinə görə, SOCAR "Azəriqaz” İstehsalat Birliyi həm sahibkarlığın dəstəklənməsi, həm də ölkədən xarici valyutanın çıxmasını azaltmaq məqsədilə “Gəncə Cihazqayırma Zavodu” ASC-də istehsal olunan sayğacları abonentlərin ixtiyarına verəcək.

Paralel.az

 

0.01557183265686