Azərbaycanın vəsaiti hesabına Moskvada tikilən universitet binası sahibsiz qalıb

Azərbaycanın vəsaiti hesabına Moskvada tikilən universitet binası sahibsiz qalıb
 



Bəlli olduğu kimi, Təhsil Nazirliyi tərəfindən 2010-cu ildən ABU-nun fəaliyyətinə verilmiş 30.06.2005-ci il tarixli razılığın (lisenziya) müddətinin uzadılmaması barədə qərar qəbul olunub. Beləliklə, 2010-cu ildə Azərbaycan Beynəlxalq Universitetinin həm Azərbaycan, həm də Moskva filialının fəaliyyəti dayandırılıb.
Paralel.az Azinform.az-a istinadla xəbər verir ki, ABU-da oxuyan tələbələrin 97%-i diplomsuz qalıblar. Beynəlxalq Universitetin sabiq rektoru Elşad Abdullayev bir neçə maddə ilə Azərbaycan tərəfindən axtarışa verilib. Hazırda fəaliyyəti dayandırılan ABU-nun rektoru Elşad Abdullayev Fransada siyasi sığınacaq almağa çalışır. Buna nə qədər nail olduğu məqaləmizin mövzusuna bir o qədər aidiyyatı olmasa da, bildirmək istərdik ki, minlərlə tələbəni diplomsuz qoyan bu şəxs hazırda Fransada yaşayır.
Fəaliyyəti dayandırılmış ABU-nun sözügedən filialı keçmiş təhsil naziri Misir Mərdanovun rəsmi məktubu əsasında yaradılıb və filialın yerləşdiyi ərazi hazırda Elşad Abdullayevin adına rəsmiləşdirilib.
ABU-nun Moskva filialının inşası təqribən 10 milyon dollara başa gəlib. Rusiyada təhsil ocağı tikmək üçün deklarasiya tələb edildiyini nəzərə alsaq, binanın Elşad Abdullayevin şəxsi vəsaiti hesabına tikilməsi o vaxtkı mühitdə qeyri-mümkün hesab edilir. Elşad Abdullayev müvafiq deklarasiyanı doldurarkən 3 il ərzində (2007-ci ildə yaradılan filial 2010-cu ildə bağlanıb) xərclənən pulu Təhsil Nazirliyinin vəsaiti kimi təqdim edib.
Rusiya rəsmiləri məhz bunu əsas gətirərək rəsmi Bakıya ABU-nun Moskva filialına sahib çıxması ilə bağlı müraciət etsə də, hazırkı təhsil naziri Azərbaycanın milyonlarının xərcləndiyi əmlaka sahib çıxmaqdan imtina etdikdən sonra, ABU-nun Moskva filialının yerləşdiyi binanın sökülməsi ilə əlaqədar məhkəməyə müraciət ediblər. Məhkəmə prosesi davam edir.
Bu zaman belə bir sual yaranır. Dövlətin hesabına tikilmiş bir binanın və alınmış torpaq sahəsinin niyə Rusiya hökuməti tərəfindən mənimsənilməsinə şərait yaradılır? Burada minlərlə tələbənin oxuması mümkündür. Hər-hansı universitetin filialı kimi yenidən fəaliyyət göstərməsi də mümkündür. Bundan əlavə, satılaraq dövlət büdcəsinə əlavə edilməsinə maraq göstərilməsi üçün kifayət qədər böyük bir məbləğdən söhbət gedir.
Elşad Abdullayevin mənimsədiyi pulların tələbələrə qaytarılması üçün müvafiq addımlar atılmalıdır.
Paralel.az

0.021155834197998