Əməkdar artist: "Gizli saxlamaq istəyirdim, amma kimsə bilib, mətbuata ötürüb"
Əməkdar artist Yusif Mustafayev ata-baba yurdu Cəlilabadda xeyriyyə məqsədi ilə böyük məscid tikdirir.
Bu barədə Qaynarinfo-ya açıqlama verən sənətçi məscidin tikintisinin bitmək üzrə olduğunu bildirib:
"Yaxın vaxtlarda açılışı olacaq. Əvvəllər bir neçə dəfə təmir olunub. Köhnə məsciddir, uçmuşdu. Bir neçə dəfə mən təmir etdirdim. Amma baxdım ki, təmirlə düzəlmir, sökülüb yenidən tikilməlidir. Camaat dedi ki, səndən başqa ümid yerimiz yoxdur. Dedim narahat olmayın, həll edərəm. Məscid öz ərazisində tikilib. Hazır olan kimi Dini Qurumlar Üzrə Dövlət Komitəsi gəlib təhvil alacaq".
Müğənni xeyriyyə məqsədi ilə gördüyü bütün işlərin gəlirinin ancaq el şənliklərindən qazandığını vurğulayıb:
"Mənim milyonum yoxdur ki, müğənni adamam, insanlar mənə ağız açdı, dəstək oldum. Uşaq vaxtı niyyətim olub ki, bu kəndə xeyriyyə işləri görüm, qoy məndən yadigar qalsın. Bir tikə çörəyim olub, onu da dar gün üçün saxlamışam. Mən çalışıram ki, insanlara kömək edəm. Amma əvəzində bəzi insanlar mənim ölüm xəbərimi yayır".
Müğənni məscid tikdirdiyini gizlin saxlamağa çalışdığını qeyd edib:
"Amma kimsə bilib və onu mətbuata ötürüb. Belə işləri açıqlamaq mənə yaraşmazdı. Elim, günüm, başda dövlətim olmaqla hamısına canım qurban olsun".