Jurnalist nitq mədəniyyəti və söz yaradıcılığı

Jurnalist nitq mədəniyyəti və söz yaradıcılığı
 

Nəsir Əhmədli:
(İxtisarla)
  Dərsin planı:
1. Söz yaradıcılığını zəruri edən əsas amil
2. Leksik yolla söz yaradıcılığı
3. Qrammatik yolla söz yaradıcılığı
Sərlövhədəki "yaradıcılıq" kəlməsini müstəqim mənada qəbul etmək lazım deyil. Əvvəl qeyd etmişdlk ki, nitqin məzmununu təşkil edən fikir onun forması olan dildən qat-qat zəngindir. Dünyada elə bir dil yoxdur ki, beyində formalaşmış fikiri, informasiyanı tam həcmdə ifadə edə bilsin. Buna görə hətta ən zəngin dildə yazan ustad qələm sahibləri də məzmunamüvafiq dil vahidləri tapmaqda çətinlik çəkirlər. XX əsrin qüdrətli sənətkarlarından biri – Xalq şairi Rəsul Rza özünəməxsus bir səmimiyyətlə yazırdı:
Söz çıxıb ceyran dalına,
Həsrət qalıb bir müqəyyəd
Qafiyənin vüsalına,
Ürəyimin ağrısından
Pələng kimi bağırmışam…
Deməli, jurnalistə lazım olan keyfiyyətlərdən biri də lazımi sözü tapıb yerinə qoymaq bacarığıdır. Söz yaradıcılığı leksik və qrammatik üsullarla olur.
I. Leksik yolla söz yaradıcılığı
Leksik üsulla söz yaradıcılığının başlıca qaynaqları klassik yazılı ədəbiyyat, folklor (tarixi yazılı abidələr də daxil olmaqla), canlı danışıq dili, dialekt və şivələr, əcnəbi dillərdir.
***
Klassik yazılı ədəbiyyatdan sözalmaya bircə misal gətirək. Ruscadakı дерзать feilinin (isim forması: дерзание) mənası “hər hansı nəcibliyə, aliliyə, yeniliyə cəsarətlə can atmaq" dır . Müasir dilimizdə bu sözün nə uğurlu, nə də uğursuz qarşılıgı yoxdur. O, "Rusca-azərbaycanca lüğət”də 1. cəsarət etmək, cəsarətli olmaq, ürəkli olmaq; 2. yeniliyə can atmaq (дерзание -1. cəsarət, cürət; 2. cürətetmə, cəsarətetmə; 3. coşqun arzu, yenilik arzusu) kimi yozulub Belədirsə, bəs tamam başqa anlayış olan ocмелиться nədir? Yenə həmin lüğətə baxaq: cürət etmək, cəsarət etmək, ürəklənmək ; смелость - cürət, cəsarət . Görürsünüz? Rusca tamam ayrı-ayrı anlayışları bildirən iki söz bizə eyni anlayış kimi təqdim olunur. Akademik Ağamusa Axundov həmin sözlərin (дерзать və дерзание) qarşılığını İ.Nəsiminin əsərlərində tapmış, müasir dilimizə gətirməyi təklif etmişdir : дерзать - arnamaq; дерзание - arnayış (Дело молодежи - дерзать: Gənclərin işi arnamaqdır; Дерзание молодежи - Gənclərin arnayışı).
***

Leksik yolla söz yaradıcılığının zəngin qaynaqlarından biri də el yaradıcılığı, xüsusən dastanlar, onların bariz nümunəsi isə «Kitabi-Dədə Qorqud»dur. Türk dünyasının ən dəyərli yazılı abidələrindən olan həmin kitabdan götürülmüş yağmalamaq feili vizual nitqdə çoxdan işlədilməkdədir: Hamının işi satmaq, dağıtmaq, yağmalamaqdır.
Həmin qaynaqdakı çoxsaylı sözlər sırasından seçdiyimiz daha üçcə kəlməyə baxaq:
Dadı - xəstəyə, yaxud uşağa baxan qadın, tərbiyəçi, mürəbbiyə (hamısı alınma sözlərdir və heç biri fıkiri dəqiq ifadə etmir);
Ənik - canavar balası (toyuq balasına cücə, inək balasına buzov və s. deyirik. Amma ədəbi dilimizdə canavar balasının, pişik balasının və bir sıra başqa heyvan balalarının adı yoxdur);
Yanqu - əks-səda (yanqulanmaq - əsk-səda vermək). Çoxdandır, dilimizin təbiətinə uyğun gəlməyən, yamaq kimi görünən izafət tərkiblərindən can qurtarmaq istəyirik. “Nöqteyi-nəzər”i “baxım”la, “həddi-buluğ”u “yetkinlik”lə və s. əvəz etsək də, «əks-səda» hələ də fəal lüğət tərkibimizdə qalmaqdadır. Halbuki yanqu sözü həmin anlayışı çox gözəl ifadə edir. Bu sözün etimologiyasının yanmaq feili ilə əlaqəsi olmasa da [yanqu sözü, çox güman ki, yan, yəni köməkçi, yardımçı, törəmə və qu (səs) sözlərinin birləşməsindən yaranıb, dəyib-qayıdan, ikinci səs deməkdir], fonetik cəhətdən onun səslənişində yanğı, nisgil assosiasiyası var. İnsanın, başqa canlıların səsi o vaxt yanqulanır (əks-səda verir), dağı-daşı lərzəyə gətirir ki, o, dara düşür, içində yanğı, nisgil, həsrət olur.
«Kitabi-Dədə Qorqud»dan və başqa dastanlarımızdan istənilən qədər bu cür uğurlu söz tapıb çağdaş dilimizə gətirə bilərik. Qeyd edək ki, yuxarıdakı hər üç söz çağdaş Anadolu türkcəsində işlənməkdədir.
***

Ərəb, fars, rus dilləri ilə çoxəsrlik təmas ana dilimizin bir çox sözlərini ədəbi leksikamızdan sıxışdırsa da, canlı danışıq dilindən silə bilməyib. İndi ölkəmizin milli-demokratik mətbuatında həmin sözlərə fəal qayıdış duyulmaqdadır: yağı (düşmən), çağ (vaxt), görk (ibrət), suç (təqsir), öc (qisas) və s.:
Ermnəni yagıları Vətənimizə hücum edəndə doğma yurda qayıtdım;
Hakimiyyətin ilk çağlarında Qorbaçov qoşunu oradan çıxartdı;
Ən gözəl görk olub-keçənlərdir;
Subyektin suçsuzluğu faktına söykənərək bu aktı azadlığaqəsd adlandırmaq olardı;
Doğma torpaqdan güc almayan yağıdan öc ala bilməz və s.
Canlı danşıq dilinə bu cür müraciəti davam etdirmək lazımdır. İkicə misal: qatıq, süd, yağ, şor... hazırlayan müəssisəyə Süd məhsulları kombinatı (ruscadakı Комбинат молочных продуктов birləşməsinin hərfi tərcüməsi), həmin məhsulların satıldığı yerə Süd məhsulları mağazası deyirik. Halbuki canlı danışıq dilimizdə həmin anlayışı dəqiq bildirən, gözəl səslənən, yığcam "ağartı" sözü var: Ağartı kombinatı, Ağartı mağazası (dükanı) demək daha yaxşı deyilmi?!
Şəhərdaxili avtobuslarda yazılıb: Gediş haqqı 30 qəpik. Uşağımızı evdən bir yerə göndərəndə ona gedişhaqqı yox, yolpulu veririk. Avtobuslarda da elə bu cür yazmaq lazımdır: Yolpulu 30 qəpikdir. Avtobusdan söz düşmüşkən bir fikirimizi də bildirək. Sərnişinlərin 99 faizi sürücüyə belə müraciət edir: Ostanovkada saxlayın! Ostanovka sözü ilə işimiz yoxdur. O da dilimizə soxulmuş çoxsaylı varvarizmlərdən (уже, кстати, между прочим, оказывается, потолок, краска, пол və s.) biridir və müstəqillik illərində doğulmuş gənclərin nitqində belə sözlərin olması birbaşa valideynlərlə müəllimlərin suçudur. Uşaqlar həmin sözləri ilk dəfə məhz onlardan eşidirlər.
Sual oluna bilər: ostanovka sözü varvarizmdir, onu işlətmək olmaz. Bəs saxlamaq? Bu ki öz sözümüzdür. Bəli, öz sözümüzdür, amma yerində işlənməyib. Saxlamaq sözünün mayasında uzunmüddətlilik var. Maşını haradasa saxlayıb bir neçə saatlığa, bir neçə günlüyə, hətta bir neçə aylığa harayasa getmək olar, amma dayanacaqda düşmək üçün saxlayın yox, əyləyin demək lazımdır. Təsadüfi deyil ki, əyləc sözü saxlamaq yox, əyləmək feilindən düzəlib.
Vağzallarda sərnişinlərin əşyalarını müvəqqəti saxlamaq üçün xüsusi yer olur. Buna rusca кaмepa xpaнeния deyirlər. Biz də həmin birləşməni elə o cür kalka etmişik: saxlama kamerası. Canlı danışıq dilində bunun uğurlu qarşılığı saxlanc yeridir.

Jurnalistlərimiz bəzən ifrata vararaq tərcüməsi mümkün olmayan sözlərin də öz dilimizdə qarşılığını tapmağa çalışırlar. Məsələn, boykot sözünün. Bu da sözün etimologiyasını bilməməkdən irəli gəlir. Böyük mütəfəkkir Nəriman Nərimanov hələ 1906-cı il aprelin 7-də “İrşad” qəzetində dərc olunmuş “Cümə söhbəti” felyetonunda yazırdı: “Hamı sözü tərcümə etmək mümkün deyil. Bəlkə tərcümə etsəniz, mənası dəyişilər… Buyurunuz, əfəndim, boykot sözünü tərcümə ediniz… Yox, əfəndim, əcəb yerə başımızı ağrıtmayınız, boykot sözünü tərcümə etmək istəyirsinizsə, əvvəl Qasım, Tiflis, Moskva, Maşa, Saşa sözlərini tərcümə ediniz. Bu sözlər ismi-xasdır (xüsusi isimdir – N.Ə.), nasıl tərcümə etmək? Boykot həmçinin ismi-xasdır… Lakin bu “xoşbəxt şəxs” kim olubsa, bilmirsiniz, zənn edirəm. Mən söylərəm: İrlandiya dövlətində cənab Lord İrnanın böyük mülklərinə baxıcı Çarlz Boykot olub, cəmi ixtiyarat onun əlində imiş. Cənab Boykot lordun mülklərini icarəyə verib icarədarlarla çox yaman rəftar edərmiş. İcarədarlar cənab Boykotun zülmlərinə, əziyyətlərinə xeyli vaxt davam edib ah və nalə edərlərmiş… İrlandiya camaatı icarədarlara olunan zülmləri qəbul etməyib lənətnamə düzəltdi ki, Boykotla heç kəsin əlaqəsi olmasın… Boykot cənabları tək-tənha qalıb İrlandiyadan qeyri dövlətə qaçdı…
Ruslar boykot sözündən feil düzəldiblər. Biz də boykotlamaq desək, nə eybi var?”
Hələ indi də boykot sözünü tərcümə etməyə cəhd göstərənlərə rast gəlinir.
 Canlı danışıq dilindən istifadənin bir forması da arxaizmlərə yeni məzmun verib onların ömrünü uzatmaqdır. Elm və texnikanın inkişafı ilə bağlı, əvvəllər primitiv vasitələrlə görülən bir sıra işlər indi avtomatlaşdırılıb, kompüterləşdirilib, amma dəyişən işin mahiyyəti yox, icra üsulu, texnologiyasıdır. Pambığı, yunu, piləni (xam ipəyi) ipə, yaxud sapa çevirmək üçün nənələrimiz cəhrədən istifadə ediblər. İndi həmin işi xüsusi dəzgahlar görür. Bizcə, əyirici dəzgah birləşməsini cəhrə sözü ilə əvəz etmək olar (Anadolu türkcəsində avtomobilə araba, alışqana çaxmaq demirlərmi?!).
***

Bir vaxtlar Səməd Vurğun dialekt və şivələrdən sözalma üsulundan bəhrələnərək ədəbi dilimizə sayrışmaq kimi çox uğurlu bir söz gətirib:
Bakının sayrışan ulduzlarından,
Çadrasız, boyasız türk qızlarından,
Uçan durnaların xoş avazından,
Bizim aşıqların simli sazından
Salam gətirmişəm hüzuruna mən,
Bu gündən, gələcək qərinələrdən…
Sonralar bizdə bu zəngin xəzinəyə bir qədər biganəlik yaranıb və yeni söz sorağı ilə daha çox rus dilinə üz tutmuşuq. İndinin özündə də ədəbi dilimizdə çatışmayan xeyli söz var ki, onları dialektlərimizdən gətirə bilərik. Məsələn, ruscadakı подслушать feilinin (ondan düzəlmiş подслушивание isiminin) qarşılığı kimi dilimizin Qərb şivəsində işlənən dinşəmək (xəlvətcə qulaq asmaq. İsim forması: dinşəmə), окружить felinin (окружение isiminin) qarşılığı kimi qomarmaq (dövrələmək, mühasirəyə almaq, əhatə etmək, araya almaq. İsim forması: qomarğa) sözlərindən faydalana bilərik.
***
Dili zənginləşdirməyin ən geniş yayılımş üsulu başqa dillərdən sözalmadır. Bəzən bu prosesə hədsiz pis münasibət duyulur, lakin milli-professional jurnalistikamızın banisi Həsən bəy Zərdabinin yazdığı kimi, "dil bir şeydir ki, onu öz halında saxlamaq mümkün deyil. Elə ki, qaranlıq otağın qapısı açıldı, qeyri tayfalarla gediş-gəliş artdı, artıq şeylər ələ gəldi və adətlər dəyişildi, təzə sözlərm qədri günü-gündən artacaqdır. Belə sözlərin artmağının dilə zərəri yoxdur, xeyiri var, çünki o sözlər tərəqqi etməyə səbəb olur".
Rus və ingilis dillərinin təcrübəsi göstərir ki, başqa dillərdən söz almaqla hətta müstəqil milli dil də yaratmaq mümkündür. Rus dilinin alınma sözlərin heç də hamısını əhatə etməyən, daha çox qədim yunan və latın dillərindən əxz olunmuş “Əcnəbi sözlər lüğəti”ndə 20 minə yaxın söz var. Bu gün Azərbaycan türkcəsində işlənən, çoxumuzun rus sözləri kimi tanıdığımız alınmaların da əksəriyyəti rus dili vasitəsilə Qərbi Avropa dillərindən gəlib. ngilis dilindəki sözlərin yalnız 26 faizi onun daxil olduğu german dil qrupuna aiddir, qalanları isə latın (29 %), fransız (29 %), yunan (6 %), Norveç (4 %) və başqa naməlum dillərdən (6 %) alınmışdır.

Bu baxımdan Azərbaycan türkcəsi əsasən öz kökü üstündə dayanıb inkişaf edən azsaylı dillərdən biridir. Feillərin, sayların, bizi əhatə edən təbii əşya, hadisə, bədən üzvləri adlarının və s., demək olar, hamısı öz sözlərimizdir. Bununla belə, ərəb, fars, Avropa dillərindən alınmalarımız da az deyil. Dilimizdə sözalma prosesi olub, var və olacaq. Məsələ burasındadır ki, əcnəbi sözlər, bir qayda olaraq, əcnəbi əşyalarla (proseslərlə) birlikdə alınır və onlara qurama "milli" adlar vermək cəhdi də çox vaxt uğursuzluqla nəticələnir, həmin sözlərə yalnız bir qrup ziyalının nitqində rast gəlirik. Təkcə onlar xolodilnikə soyuducu, ruçkaya qələm deyirlər. XX əsrin 70-ci illərində Yaponiyanın Hitaşi firmasının lisenziyası əsasında Bakıda Məişət Kondisionerləri Zavodu tikildi. O zaman kondisioner (latınca: normaya salan, müəyyən vəziyyətə gətirən) bizim üçün yeni söz idi. Onu sərinkeş adlandırdıq, lakin bir çox başqa terminlər kimi üç səbəbdən onun da ömrü gödək oldu: 1) Həmin əşyanın özü bizə yad idi (traktor kimi, parovoz kimi); 2) Söz dilimizin qanunları əsasında yaradılmamışdı: -keş leksik şəkilçisi isimə artırılaraq ona çəkən anlamını verir (zəhmətkeş – zəhmət çəkən; xətkeş – xətt çəkən; cəfakeş – cəfa çəkən…). Sərin sözü isə sifətdir (Bu barədə bir azdan geniş danışacağıq); 3) Sonralar məlum oldu ki, kondisioner təkcə sərinlik yox, həm də istilik verə bilir.
Başqa dillərdən alınmış zəruri sözləri ilk dəfə qəzet səhifəsinə çıxararkən hökmən onların açımını vermək lazımdır. Həsən bəy Zərdabi "Əkinçi" qəzetində xeyli alınma söz işlədir və onların hər birinin nə olduğunu oxuculara anladırdı: "Məlumdur ki, indi olan Osmanlı davasında torped (torpedo -red.) çox iş görür. Torped bir su keçirməyən dəmir qutudur ki, onun içini barıt ilə doldurub dəryaya atırlar, onun üstə puçları var ki, gəmi üzən zaman o puçlara dəyəndə torped atılıb gəmini para-para edir" .
İndiki qəzetçilərimiz də yazılarında inyoys, prolonqasiya kimi əcnəbi sözləri gen-bol işlədir, lakin Həsən bəydən fərqli olaraq onların şərhini verməyi özlərinə rəva bilmirlər.

Eyni, yaxud yaxınmənalı anlayışları bildirmək üçün müxtəlif əcnəbi dillərdən alınmış sözlər öz aralarında, həm də onların dilimizdəki milli qarşılığı ilə sinonimlər sırası yaradır və adətən, bunların hər biri müəyyən məqamda işlənir. Məsələn, ərəbcədən alınmış aləm və dünya, farscadan alınmış cahan sözləri heç də həmişə bir-birini əvəzləyə bilmir: dünya müharibəsi, cahan müharibəsi deyirik, aləm müharibəsi demirik. Heyvanlar aləmi deyirik, heyvanlar cahanı demirik və s. Eyni qaydada, günah, təqsir, suç sözləri arasında da məna çalarları var, lakin biz, nədənsə, onların fərqinə yarmırıq. Günah din terminidir, yəni insanın yalnız Tanrı yanında günahı ola bilər, bəndələrin bir-birinə münasibətində isə təqsir və suç deyimlərindən istifadə edilməlidir. Kütləvi informasiya vasitələrimizdə isə, bir qayda olaraq, günah və günahkar sözləri təqsir, müqəssir; suç, suçlu mənalarında işlədilir.
Başqa dildən söz alarkən üç əsas cəhətə diqqət yetirməliyik:
1) Yuxarıda göstərilən qaynaqlar da nəzərə alınmaqla həmin sözlərin dilimizdə uğurlu qarşılığı olmasın;
2) Alınan söz inkişaflı dillərin çoxunda işlənsin, yəni beynəlmiləl termin statusu qazansın;
3) Diləyatımlı olsun, asan deyilsin.
Anadolu türkcəsindən və başqa türklərin (türkmənlərin, qaqauzların, tatarların, özbəklərin, qazaxların və s.) leksikasından sözlər alınması göstərilən üsullar sırasında, bir növ, orta yer tutur. Belə ki, türk dillərindən sözalma prosesinə həm ümumtürk klassikasından, həm ümumtürk folklorundan, həm dialektlərdən sözalma kimi, həm də indi haqqında danışacağımız qrammatik yolla sözyaratma prosesi kimi baxmaq olar. Məsələn, quzey, güney sayağı bir qrup söz var ki, onlara həm lürk dillərinin bir çoxunda, həm klassik ədəbiyyatımızda, həm folklorumuzda, həm də bəzi dialektlərimizdə rast gəlinir.
Son dövrdə Türkiyə türkcəsindən dilimizə keçmiş çoxlu miqdarda zəruri ehtiyac duyulan, yerinə düşən, dilimizin ehtiyacını ödəyən “qurum”, “yetərsay”, “örnək”, “dönəm”, “soyqırım”, “həftəsonu”, “öndər”, “dəstəkləmək”, “açıqlamaq”, “önəmli”, “özəl” kimi sözlər vardır...

Bununla belə, Azərbaycan və Türkiyə türkcələri adicə ləhcələr yox, tarixi təkamül prosesində eyni kökdən ayrılaraq formalaşmış müstəqil dillərdir. Onlar son dərəcə yaxın və doğma olsa da, aralarında fonetikadan tutmuş sintaksisə qədər bütün səviyyələrdə prinsipial fərqlər mövcuddur. Buna görə də öz dilimizdə əsrlər boyu işlədilən, qarşılığı ola-ola yaxın, bəzən hətta eyni köklü digər bir kəlmənin türk dilindən alınaraq işlədilməsi dilimizin özünəməxsusluğuna xələl gətirir. Məsələn, yerinə düşdü-düşmədi, hər yerdə maraqlı əvəzinə ilginc, cavabdeh əvəzinə sorumlu, yozmaq əvəzinə yorumlamaq, tüstü əvəzinə duman, kökəlmək əvəzinə kilo almaq, arıqlamaq əvəzinə kilo vermək, sual əvəzinə soru, sevimli tamaşaçılar əvəzinə sevgili seyrcilər (yaxud izləyicilər), göstərmək əvəzinə görüntüləmək işlətməyə nə ehtiyac var?!
Bu sayaq yersiz “mənimsəmələr”, təəssüf ki, yalnız leksik yox, sintaktik səviyyədə də müşahidə olunur. Müxtəlif mətbuat vasitələrinin dilində bu tipli cümlələrə rast gəlinir:
Sonda baş bakan meydana toplaşanlara yeni təkliflə səsləndi.
Mən sizinlə bu mövzunu dartışmaq istəmirəm.
İlk təhlükəli hücum “Neftçi” komandasından gəldi.
Mən Bakıya ikinci dəfə gəldiyimdə şəhəri tanıya bilmədim.
“Qarabağ” Azərbaycan futbolu adına böyük bir qəhrəmanlıq yaşadı.
Rusiyanın cənubunda havanın hərarəti iqlim normalarının bir xeyli üzərindədir.
Dramaturgiyanın inkişafını söz konusu etmək özü də dartışılacaq bir şey kimi görünür.
Kaş belə bir konserti Cıdır düzündə keçirsəydik.
Bu mövzu türk dövlətləri başçılarının gündəminə danışacaq.
Şahmatçımız bu oyunu qazana bilsə, final mərhələsində çıxış edəcək.
Səfir sadə şəkərlə yetinməli olur.
Bu cümlələrdə dilimizin lüğət tərkibinə daxil olmamış kəlmələrin məqamına uyğun olmadan işlədilməsindən əlavə, dilimizin bir sıra qanunları kobudcasına pozulmuşdur. Məsələn, arzu məzmunlu cümlənin xəbəri felin şərt şəklində işlədilir, felin təsriflənməyən forması olan feli bağlama, dilimizin qrammatikasına zidd olaraq, təsrifləndirilərək işlədilir, ədatla bağlayıcı səhv salınır və s.

Davamı olacaq.

Paralel.az

0.018029928207397