Ramazan orucu Allahın tərbiyə proqramıdır - XXIV yazı

Ramazan orucu Allahın tərbiyə proqramıdır - XXIV yazı
 

Siracəddin Hacı:

4) “... (O), ORUC GÜNLƏRİNİN SAYINI TAMAMLAMAĞINIZI, SİZİ DOĞRU YOLA QOVUŞDURDUĞU ÜÇÜN ONU UCALTMAĞINIZI VƏ ŞÜKÜR ETMƏYİNİZİ İSTƏR”
Öncəki cümlə ilə bağ quraq: Allah buyurdu ki, O, sizin üçün asanlıq istər, sizi sıxıntıya (çətinliyə) salmaq istəməz. Bu cümlə də oruc adlı ilahi tərbiyə proqramının üç hökmünü açıqlayır: a) oruc günlərinin sayını tamamlayın; b) sizi doğru yola qovuşdurduğu üçün Onu ucaldın; c) şükür edin;
a) ORUC GÜNLƏRİNİN SAYINI TAMAMLAYIN
Orucu ilahi tərbiyə proqramı adlandırdıq. Bu proqramın – reseptin müəllifi Allahdır, tərbiyənin (ilahi müalicə sisteminin) nəticə verməsi üçün şərtlər var: proqramı oxu, anla, tətbiq et, bir də bəlli bir vaxta ehtiyacı var. Bu vaxt bir aydır – Ramazan ayıdır, Qurani-Kərimin nazil olmağa başladığı aydır. Proqram deyir ki, bir ay imsaqdan iftaradək yemə, içmə, cinsi münasibətdə olma, gözünü, qulağını, dilini haramdan qoru, Qurani-Kərim oxu, anla, dəyərlərini həyatına daşı ki, bədənin maddi, ağıl, qəlb, vicdan və iradən mənəvi zəhərlərdən təmizlənsin, arın ki, artasan, dəyər qazanasan, fitrət insanı olasan.
“Oruc günlərinin sayını tamamlayın” cümləsi yüz əksən dördüncü ayədəki “sayılı günlər” ifadəsini açıqlayır, deyir ki, o günlər RAMAZAN AYIDIR, ikincisi, oruc ibadətinin fərz olduğunu göstərir. Oruc tərbiyə proqramının müddəti bir ay, bərəkəti ən azı bir il (hər il təkrar olunur), savabı ömür boyu davam edir, mükafatı Allaha aiddir.
b) “SİZİ DOĞRU YOLA QOVUŞDURDUĞU ÜÇÜN ONU (UCA ALLAHI) UCALDIN”
RAMAZAN AYINDA nazil olmağa başlayan Qurani-Kərimdə hidayətin açıq dəlilləri var. Allah bu Kitabı insanlar doğru yola qovuşsun, nəticədə, dəyər, anlam, hüzur qazansın deyə nazil etmişdir. Ramazanın haqqını vermək Qurani-Kərimi anlamaqla, dəyərlərini həyata daşımaqla, Onun buyurduğu kimi yaşamaqla mümkündür. Şərtlərinə əməl edilməyən resept fayda vermədiyi kimi, oxunmayan, anlaşılmayan, tətbiq edilməyən Qurani-Kərim də şəfa verməz.

ALLAH buyurur ki, sizi doğru yola – hidayətə qovuşdurduğu üçün Onu ucaldın (“tukəbbiru”). Təkbir ALLAHU ƏKBƏR ifadəsi ilə gerçəkləşir, mənası budur: ALLAH TƏK BÖYÜKDÜR. Allahı ucaldın əmri sadəcə dillə Allahu əkbər deyərək yerinə yetirilmiş olmaz, şüurla, Allahı doğru tanımaqla, saleh əməllə gerçəkləşər.
TƏKBİR hər şeydən öncə Allahın tək böyük olduğunu anlamaqdır. İnsan bu həqiqəti anlasa, nə olar? Allahdan başqa kimsəyə qul olmaz, köləlikdən, şirkdən qurtular, azadlığa, azadlığın əsası olan tövhidə qovuşar. Təkbir demək – Allahı ucaltmaq, Onun əmrlərini yerinə yetirməkdir. Təkbir insanın sahib olduğu hər şeyi Allaha borclu olduğunu anlaması, acizliyini bilməsi, bütün varlığı ilə Ona təslim olması, Onun buyurduğu kimi yaşamasıdır.
Allahın bir adı da ƏL-KƏBİRDİR, O, sonsuz böyük, tayı-bərabəri olmayan uludur. Qurani-Kərimdə Allahu əkbər cümləsi yoxdur, ancaq təkbir əmri var: “Və Rəbbəkə fəkəbbir” – “Rəbbini təkbir et” (Müddəssir, 74/3; İsra, 17/111; Bəqərə, 2/185), yəni təkbir Allahın əmridir, fərzdir. İslam alimləri yazırlar ki, təkbirin üç növü var:
a) QƏLBİN TƏKBİRİ – bu, qəlbin Allahın sonsuz böyüklüyünə imanı, onu təsdiq, həzm etməsidir. Təkbir əmri “de” biçimində deyil, “et” biçimindədir, yəni təkbir sadəcə söz deyil, xeyir uğrunda hərəkət, əməl, işdir. Qəlb Allahın tək böyük olduğuna iman edər, dil də Allahu əkbər deyər;
b) AĞILIN TƏKBİRİ – Allahın sonsuz böyüklüyünü təsdiq edən qəlbə ağılın verdiyi elmi dəstəkdir, Onun mütləq böyüklüyünün dəlillərini bilməkdir, bu da ancaq elmlə mümkündür, kainat Allahın tək böyük olduğunun elmi dəlilləri ilə doludur;

c) DİLİN TƏKBİRİ – bu, dillə Allahu əkbər – Allah tək böyükdür deməkdir, İslamın şüarlarından biridir: “Biz müsəlmanlar sevinəndə, üzüləndə, çaşanda, heyran olanda Allahu əkbər deyərik, belə ki sevinsək, sevincimizi Allahın böyüklüyünə bağlayarıq. Üzülsək, özümüzü Allahın tək böyük olması ilə təsəlli edərik. Ondan ayrı olan bir səadət və fəlakət təsəvvürümüz olmadığı üçün səfa halında da, cəfa halında da ALLAHU ƏKBƏR deyərik. ... Bayramlar insanların ən sevincli günləridir. Müsəlman sevinəndə Rəbbindən qopmaz (Rəbbindən qopanların yeni il gecəsini vəhşətə, savaşa necə çevirdiyini üzülərək görürük, partlayış səslərindən insanlar dəhşətə gəlirlər – S.H). Əksinə, Rəbbinə şükür edər. Bayram namazları bu şükrün nəticəsidir. Bayram namazlarını o biri namazlardan ayıran tək şey təkbirin say çoxluğudur, yəni, ey insan, sevinəndə Allahdan qopma, sevinəndə ALLAH ƏKBƏR de (sevincini Allahdan qoparanların – Onu unudaraq sevinənlərin ad günlərini, toylarını, bayramlarını israf məclislərinə necə çevirdiklərini ürəyimiz sızlayaraq görürük – S.H). Sevinmək duyğusu Allahın insana lütfüdür, bu nemətin şükrü sevinci Ondan ayırmamaqdır... Cənazə törənləri insanların ən hüznlü anlarıdır. Müsəlmanlar ölən yaxınlarını axirətə yola salarkən cənazə namazı qılarlar. Cənazə namazının ən açıq özəlliyi təkbirin sayının çox olmasıdır. Təkbirin sayının çox olmasının hikməti nədir? Budur: ey insan, hüzünlənədə Allahdan qopma (qopanların saçını yolduğunu, sinəsinə döydüyünü, başına vurduğunu, kürəyini zəncirlədiyini, üzünü cırdığını, şaxsey-vaxsey dediyini, bağırdığını, Allaha üsyan etdiyini, məzarlara sarıldığını, sevdiyinin məzarı üstündə yatdığını dərin kədərlə izləyirik – S.H). Hüznlənəndə ALLAHU ƏKBƏR de, ölümü yaradanı xatırla, ölümü anla, Onun sadəcə həyatın deyil, ölümün də Rəbbi olduğunu unutma. Belə ki, insan ölüm kimi ağır bir gerçəyin yükünün altından ancaq Allahın tək böyük olduğunu xatırlayaraq qalxa bilər... Namaza ALLAHU ƏKBƏRLƏ başlayar, hər rükətdə bu ifadəni beş dəfə təkrar edərik. Namaz qulun Allah qarşısında əsas duruşunu təmsil edən ibadətlər toplusudur. ALLAHU ƏKBƏR – Allah tək böyükdür deməyərək, bunu etiraf etməyərək başlayan bir ibadət insanı qula qul olmaqdan necə qurtara bilər? Biz ALLAHU ƏKBƏR deyirik, qula, əşyaya qul olmağı rədd edirik. Allaha qulluğumuzu səcdə ilə zirvəyə daşıyırıq. Təkbirin insanı gətirdiyi nöqtə bir təslimiyyət (sevgi) hərəkəti olan səcdədir...”.

AĞLIMIZA BELƏ BİR SUAL GƏLƏ BİLƏR: Allah niyə oruc ayələrinin sonunda Onu ucaltmağı, (təkbiri, O, təkbir söylə buyurmur, təkbir et buyurur, yəni təkbir söz deyil, işdir, duanın ən gözəli feili-əməli dua olduğu kimi, təkbirin də ən xeyirlisi əməli olanıdır) əmr edir? Bunun səbəbi var: oruc böyük, çətin, mükafatı Allaha aid olan ibadətdir, bütün ibadətlər kimi, oruc tutmaq da feili-əməli təkbirdir, Onun buyruqlarını sevə-sevə yerinə yetirməkdir. Allaha təslim olan – Onun buyurduğu kimi yaşayan hər kəs hər an təkbir halındadır – ağlı, iradəsi, qəlbi, vicdanı, dili, işi, qazancı, sosial və siyasi münasibətləri – bir sözlə, bütün varlığı öz halı ilə (öz hal dili ilə) ALLAHU ƏKBƏR – Allah tək böyükdür deyir. Allahı zikir etmək də budur, təsbeh çevirmək, eyni sözü yüz dəfə, min dəfə təkrar etmək deyil.
Ardı var...

Paralel.az

0.017372131347656