"Əlimizdə olan statistika ölkədə sərvət qeyri-bərabərliyinin real mənzərəsini ortaya çıxarmağa imkan vermir"
Rövşən Ağayev:
2005-ci ilə qədər Azərbaycanda büdcə korrupsiyası üçün münbit imkanlar yox idi. Çünki dövlət büdcəsilə paralel Neft Fondunun büdcəsi yox idi (Neft Fondu yenicə yaranmışdı). Dövlət büdcəsinin xərcləri 1 mlrd. dollar ətrafında idi və icbari ödəmələri (maaş və sosaial ödəmələr) çıxdıqdan sonra korrpusiyatutumlu layihələrə büdcədən faktiki vəsait qalmırdı.
Ona görə də həmin dövrdə məmurların qazancı əsasən vətəndaşlardan və sahibkarlardan alnan rüşvətdən, xarici kreditlər hesabına həyata keçirilən müxtəlif layihələrdən götürülən "otkat"dan, müəyyən qədər isə dövlət şirkətlərinin maliyyə əməliyyatlarından formalaşırdı.
Büdcə pulları məhdud olduğundan dövlət satınalmaları da demək olar ki, yox səviyyədə idi. Dövlət satınalmaları olmadığından məmur şirkətləri və məmur sahibkarlığı da ortada yox idi.
2005-dən sonra nəhəng neft pullarının gəlişilə vəziyyət dəyişdi. Büdcə hesabına böyük layihələr, büdcə korrupsiyasının çiçəklənməsi sürətlə yağışdan sonra çıxan göbələklər kimi məmur şirkətlərini də artırdı. Hər il dövlət dövlət büdcəsi, Neft Fondunun büdcəsi hesabına milyardalarla manat satınalmalar hesabına bu şirkətlər şişməyə başladı.
Nəhəng büdcə korrupsiyası hesabına 2005-2015-ci ildə Azərbaycanda həm də nəhəng sərvət bərabərsizliyi yarandı. Bir tərəfdə yüz milyonlarla dollarlıq əmlaka-sərvətə malik və əhalinin maskimum 3-5%-ni təşkil edən ultrazənginlər təbəqəsi, o biri tərəfdə isə gündəlik yaşayışını təmi etmək üçün dayanmadan tər tökən böyük əhali kütləsi (ən azı əhalinin 70-75%-i).
2015-ci ildə manatın kəskin dəyər itirməsi, neft gəlirlərinin kəskin azalması ilə sərvət yığımındakı prosesin xarakteri dəyişdi. Artıq büdcə pullarına çıxışı olan təbəqənin əhatəsi kəskin şəkildə məhdudlaşdırıldı. Həmin dövr Azərbaycanda nəhəg sərvət bölgüsünün ilk mərhələsinin başa çatması idi.
2-ci mərhələyə həmin mikroqrupun iştirakı ilə 2017-2018-ci illərdə yüksək neft gəıirlərinin bərpası ilə start verildi.
İşğaldan azad edilmiş ərazilərdə son 2 ildə başlayan və ən azı yaxın 7-10 ildə davam edəyəci gözlənən nəhəng investisiya layihələri bu mərhələdə sərvət qeyri-bərabərliyinin daha böyük miqyasda artacağını proqnozlaşdırmağa imkan verir.
Şəffaflıq və hesabatlılığın, müstəqil media və vətəndaş cəmiyyətinin, peşəkar siyasi instituların olmadığı şəraitdə bu sür qeyri-sərvət bölgüsünün qarşısını alacaq heç bir maneə yoxdur.
Təəssüf ki, əlimizdə olan informasiyalar və statistika Azərbaycanda sərvət qeyri-bərabərliyinin təxmini də olsa real mənzərəsini ortaya çıxarmağa imkan vermir.
Təsəvvür edin ki, elə də böyük qazanc mənbəyi olmayan kənd təsərrüfatında ağlasığmaz əmlak qeyri-bərabərliyi var. Təkcə bir faktı deyim ki, hazırda hökumətdən subsidiya alınan kənd təsərrüfatı əkinlərinin təxminən 60%-i 20% mülkiyyətçinin (və ya icarəçinin) sərəncamındadır. Bu məsələ ilə bağlı geniş araşdırmamı yaxın günlərdə paylaşacam.
Bu rəqəmdən çıxış edəndə turizm, maliyyə, istehsal və ticarət sahəsində olan inhisarlaşma hesabına yaranan sərvət qeyri-bərabərliyinin miqyasını da təsəvvür edə bilirsinizmi?
Paralel.az